Minifutbol üzrə Azərbaycan çempionu olan "Zirə"nin baş məşqçisi Seymur Məmmədov final matçından sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- “Birbaşa Bakı”nı 4:1 hesabı ilə məğlub edən “Zirə” tarixində ilk dəfə Azərbaycan çempionu oldu. Təəssüratlarınız necədir?
- Çempionluğa görə çox sevinirik. Neçə illərdir bu uğura doğru gedirdik. Allah bizə o qələbəni bu gün qismət etdi.
- “Zirə”nin heyətində futbolçu kimi qazana bilmədiyiniz çempionluğu baş məşqçi kimi qazandınız. Titulu əldə etmək üçün nələri dəyişdiniz?
- Demək olar ki, xüsusi heç nəyi dəyişmədim. Qələbə Allahdandır. Nəsib bu günə imiş.
- Bəs finalda böyük hesablı qələbə qazanacağınıza inanırdınız?
- Deməzdim ki, sürpriz oldu. Amma bu hesabla qələbə gözlədiyimi də desəm, yalan olar. "Birbaşa Bakı" tək Azərbaycanda yox, dünyada sayılıb-seçilən komandalardandır. Çempionlar Liqasını da qazanıb. Onlara qarşı oynamaq, onları udmaq sevinclidir.
- Son 4 ildə ölkə çempionatında "Birbaşa Bakı"nın hegemonluğu var idi, buna son qoydunuz. Bəs "Zirə"nin qazanılan uğurun ardını gətirməsi nə dərəcədə realdır?
- Çalışacağıq ki, bu, birinci və axırıncı olmasın. Davamını gətirmək istəyirik. Tək Azərbaycan çempionatı ilə kifayətlənmək istəmirik. Avrokuboklarda da uğurlu olmaq niyyətindəyik.
- Qeyd etdiyiniz kimi, "Birbaşa Bakı" Çempionlar Liqasını qazana bilib. Eyni uğuru “Zirə”dən də gözləmək olar?
- Çempion olmasaydıq da, Çempionlar Liqasını qazanmağa gedəcəkdik. Növbəti hədəf bu olacaq.