Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının və Vitse-prezidentinin Bakıda keçirilən görüşü təşkilatın inkişafında keyfiyyətcə yeni mərhələnin başlandığını təsdiqləyir. Artıq TDT institusional formalaşma mərhələsini geridə qoyaraq, inteqrasiyanı dərinləşdirən konkret layihələrin, geosiyasi məsələlərin və təhlükəsizlik gündəliyinin ön plana çıxdığı praktik fəaliyyət mərhələsinə daxil olur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər“ İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
O bildirib ki, görüş çərçivəsində qəbul edilən Birgə Bəyanat təşkilat daxilində əməkdaşlığın daha sistemli və nəticəyönümlü şəkildə inkişaf etdirilməsinə yönəlib. Sənəddə Naxçıvan Sazişinə və “Türk Dünyasına Baxış-2040” strategiyasına istinad olunması TDT-nin uzunmüddətli inkişaf xəttinin və üzv dövlətlər arasında koordinasiyalı siyasətin prioritetliyini bir daha ortaya qoyur. Müasir geosiyasi şəraitdə bu cür koordinasiya həm regional təhlükəsizlik, həm də iqtisadi dayanıqlılıq baxımından həlledici əhəmiyyət daşıyır.
Siyasi şərhçi xüsusilə vurğulayıb ki, TDT-nin bugünkü aktiv gündəliyində Azərbaycanın rolu açıq şəkildə hiss olunur. Bakı artıq təşkilat daxilində yalnız ev sahibi kimi deyil, həm də təşəbbüskar və əlaqələndirici mərkəz kimi çıxış edir. Azərbaycanın son illərdə həyata keçirdiyi nəqliyyat və logistika layihələri, enerji diplomatiyası və regional əməkdaşlıq təşəbbüsləri TDT-nin praktik imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
İqtisadi əməkdaşlıq görüşün əsas istiqamətlərindən biri olub. Ticarət dövriyyəsinin artırılması, qeyri-tarif maneələrinin aradan qaldırılması və investisiya mühitinin yaxşılaşdırılması kimi məsələlər önə çəkilib. Bu kontekstdə Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) xüsusi diqqət mərkəzində olub. Bu marşrut artıq Avropa ilə Asiya arasında alternativ və etibarlı bağlantı kimi formalaşaraq, TDT məkanını qlobal logistika xəritəsində ön plana çıxarır. Eyni zamanda, Azərbaycanın yaratdığı müasir infrastruktur və artan tranzit imkanları bu dəhlizin funksionallığını təmin edən əsas amillərdəndir. Yüklərin Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Türkiyə üzərindən Avropaya çatdırılması artıq real və artan dinamikaya malikdir. Perspektivdə Zəngəzur dəhlizinin açılması isə bu marşrutun imkanlarını daha da genişləndirərək regionun strateji əhəmiyyətini artıracaq.
F.Şahbazlı diqqətə çatdırıb ki, görüşdə enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və humanitar əməkdaşlıq kimi sahələrdə də əlaqələrin genişləndirilməsi üçün ciddi potensialın olduğu qeyd edilib. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələr və Avropanın enerji təhlükəsizliyində artan rolu da TDT çərçivəsində əməkdaşlığa əlavə impuls verir.
“Ümumilikdə Bakı görüşü göstərir ki, TDT artıq formal platformadan real güc mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bu prosesdə Azərbaycanın siyasi iradəsi, təşəbbüskarlığı və strateji mövqeyi təşkilatın gündəliyinin formalaşmasında və konkret nəticələrin əldə olunmasında əsas faktor kimi çıxış edir”, – deyə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri vurğulayıb.