AZ

“Erməni düşmənçiliyinə son verməliyik VİDEO

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV YouTube kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 17-ci buraxılışının yazılı variantını təqdim edir.

Bizə neylər bu daşqın sel...

– Viktor Hüqo deyirdi, dalğa gəminin kənarında gözəldir, içində fəlakətdir. Biz də özlərinin qeyd etdiyi kimi, normadan artıq yağışlarla, fəlakətlə gəmimizin – evimizin içində qarşılaşdıq. Ona görə çox ciddi zərərlə çıxdıq bu işdən və bu zərər hələ də davam edir. Yadımdadır, biz məcburi köçkün düşəndə köhnə bir yataqxanaya yığışdıq. Əlimizi nəyə atırdıq, əlimizdə qalırdı. Krantın qulpu, qapının dəstəyi və s. Azərbaycanda bir çox sahələr bu cürdür. Əl atırsan, əlində qalır. Məncə, bunun səbəbi sovetdən qalan korrupsiya sistemidir. Nəyin bahasına olur-olsun, bir manat qabağa düşmək...

Daşqınlar həm də xeyli yumor yaratdı adamlarda. Yenə məşhur ifadə yada düşdü: vətəndaşı olmayasan, əyləncəli ölkədir.

Evlərin və binaların zirzəmisinə yığılan sular konkret vurduğu maddi ziyandan əlavə, həm də epidemiya təhlükəsi yaradır. Qarşıdan yay gəlir. Ölən həşəratların üfunəti, ağcaqanadların çoxalması yoluxucu xəstəliklər riskini xeyli artırır. Görünən isə odur ki, aidiyyəti qurumlar zərəri aradan qaldırmaq iqtidarında deyil.

Daşqınla bağlı kadrlarda bir bələdiyyə üzvü gördüm, dedi, narazılıq kəsilənə qədər işimizi görəcəyik. Fikir verin cümləyə, problem həll edilənə qədər demir, narazılıq kəsilənə qədər deyir. Yəni səs kəsilsin, kifayətdir, problem onsuz da var, olub və olacaq.

Deyirlər, guya payıza qədər Bakının yağıntı ilə bağlı problemini köklü şəkildə həll edəcəyik. Açığı, mən inanmıram. Çünki bu problemlər bir, hətta bir neçə qurumla bağlı deyil.

Rasim Balayev ömrü...

– Biz bu həftə Azərbaycanın böyük sənətkarı Rasim Balayevi itirdik. Ruhu şad olsun. Rasim müəllim doğrudan da böyük potensiala malik bir aktyor idi. 23 yaşında oynadığı Nəsimi obrazı ilə bunu sübut eləmişdi. Bu, təbii ki, təkcə Rasim Balayevin uğuru deyildi. İlk növbədə ssenarini dəyərləndirməliyik. Mərhum İsa Muğannanın yazdığı... Sonra Həsən Seyidbəylinin göstərdiyi qeyrəti unutmamalıyıq. O, Rasim Balayevi bu rola təsdiq etmək üçün hətta o zamankı Ali Sovetin sədri Qurban Xəlilovla üz-üzə gəlmişdi. Bizim Rəssamlar İttifaqının əbədi rəhbəri Fərhad Xəlilovun atası... Film dövlət sifarişi ilə çəkilirdi, ona görə bir gəncə etibar etmirdilər. Bu məsuliyyəti Həsən Seyidbəyli öz üzərinə götürdü. Rasim müəllim isə böyük etimadı doğrultdu. Təkcə bu obrazla onun Azərbaycanın kino tarixində əbədi yaşamaq haqqı var. Sonra Babək gəldi. O da uğurlu alındı. Beyrək də qismən uğurlu alındı. Rasim Balayev öhdəsinə düşəni etdi, qalanı ssenarinin və rejissorun işi idi.

Bəzən hissə qapılıb yazırlar ki, Rasim Balayevlə Azərbaycan kinosu öldü. Əlbəttə, bu, doğru deyil. Bir sənətkar nə qədər böyük olur-olsun, onunla bir sənət ölə bilməz. Azərbaycan kinosunu biz özümüz öldürmüşük. Hamılıqla. Rasim Balayev ömür boyu əziyyət çəkdi. Müstəqillik dövründə xırda istisnalarla, səmimi şəkildə film çəkmək istəyən bir qrup görməmişəm. Söhbət dövlət sifarişindən gedir. İlk məqsəd həmişə pul qazanmaq olub. İkinci məsələ: heç olmasa film də olsun! Bunu da insafı olanlar düşünüb.

Belə bir mühitdən ideal sənətkar çıxa bilməzdi. O cümlədən Rasim Balayev. Nə qədər çox istəsək də, onu bütləşdirməyin əleyhinəyəm. Rasim Balayev böyük potensiala malik Azərbaycan aktyoru idi və elə Azərbaycan aktyoru olduğu üçün layiq olduğu qədər böyümədi.

Rasim Balayevi, şübhəsiz, xoş duyğularla xatırlayacağıq. Ancaq tənqidi yanaşmamızı kənara qoymadan. Çünki o, həm də bir ictimai fiqur idi, ölkə mədəniyyətini təmsil edirdi və Kinematoqrafçılar İttifaqının sədri idi. Biz belə şəxsiyyətlərə həm də tənqidi və təhlili yanaşmalı, heç vaxt ideallaşdırmamalı, bugünkü yanlış təcrübələrdən gələcək üçün dərs çıxarmalıyıq.

Sovetdən qalan adlar...

– Rasim Balayev dünyasını dəyişəndə, mən xalq artistləri və xalq yazıçıları ilə bağlı status yazdım, geniş müzakirəyə səbəb oldu. Çoxu bu fikirdə idi ki, insan rəhmətə getdiyi vaxt belə məsələlər qaldırmaq doğru deyil. Axı mən Rasim Balayevin şəxsiyyəti əleyhinə, şəxsi həyatı ilə bağlı heç nə yazmamışam. Rasim müəllim kimi Azərbaycan sənətini həm dövlət səviyyəsində, həm dünyada təmsil edən bir insanın dünyasını dəyişməsi fürsət verdi ki, taleyüklü bir məsələni bir daha müzakirəyə çıxarım. Sual budur: biz sovet dövründən qalan xalq yazıçısı, xalq şairi və xalq artisti adlarını saxlamaqla nə qazanırıq?

Konkret misallarla fikrimi izah etməyə çalışacam.

Azərbaycanın ilk xalq yazıçısı erməni əsilli Aleksandr Şirvanzadədir. Tanıyan varmı? Bir əsərinin adını çəkə bilərsinizmi? O, bu xalqa nə verib? Bu reallığın müqabilində hamının tanıyıb sevdiyi, Azərbaycan poeziyasına qiymətli incilər bəxş edən Əli Kərimin heç nəyi yoxdur.

Növbəti misal. Şirvanzadədən yalnız 26 il sonra bir azərbaycanlı şairə – Səməd Vurğuna Xalq şairi, 30 il sonra bir azərbaycanlı nasirə – Süleyman Rəhimova Xalq yazıçısı adı verildi. Şübhəsiz, hər iki sənətkar ən azı dil faktına görə bu yüksək titula layiq idi. Lakin bu ad onları xalqa yaxınlaşdırmaq əvəzinə uzaqlaşdırdı. Məlum oldu ki, o zamankı hakimiyyət məhz onları xalqın əlindən almaq üçün bu adı verib.

Başqa bir nüansa diqqət yetirək. 20-ci əsr ədəbiyyatı ilə bağlı yüz nəfər peşəkar arasında sorğu keçirdik, əsrin şairi Azərbaycan ədəbiyyatının ən titullu şairi Səməd Vurğun yox, heç bir ad almayan Əli Kərim seçildi. Sözün həqiqi mənasında xalqın yanında olduğu üçün ona bu adı heç vaxt verməzdilər.

Çəkdiyim misallar göstərir ki, sənətkar nə zaman xalqların yanında olur, ölməz əsərlər yaradır, nə zaman hakimiyyətlərin yanında olur, ideoloji baxımdan zamana uduzur. Oxunmur və sözün həqiqi mənasında ölüb gedir.

Mən bu cür möhtəşəm məsələlərdən danışıram. Belə bir məsələni “ölənin arxasınca danışmazlar” kimi primitiv səviyyəyə endirmək olmaz.

Sual isə budur: Belə bir ənənə müstəqillik dövründə niyə davam etməlidir? Niyə sənətkarı hansısa dövlət aparatında oturan bir məmur dəyərləndirməlidir? Dünyanın hər yerində yüksək mükafatları peşəkar mütəxəssislər və ya aidiyyəti yaradıcı qurumlar verir.

Paşinyanın Moskva görüşü...

– Həmişə demişəm, Azərbaycan Ermənistanda reallığı başa düşən bir hakimiyyətin mövcudluğundan ciddi şəkildə yararlanmalıdır. Paşinyan hakimiyyəti ölkəmizin ərazi bütövlüyünü tanıyan, müharibə istəməyən, bizimlə iqtisadi münasibətlər qurmağa çalışan bir hakimiyyətdir. O rəhbərdir ki, biz rəhmətlik Heydər Əliyevin vaxtında bu cür rasional düşünən bir adam axtarırdıq. Təəssüf, qarşımıza Xocalı qatilləri çıxırdı. İndi Paşinyan xalqın dəstəyi ilə o adamları haqlı olaraq oyundan kənarda saxlayıb.

Paşinyanın Moskva görüşü bir təbiri yenidən yadımıza salır: “Atan kazaklardır!” Biz həmişə öz intellektuallarımızdan, qabağı düşünən və önümüzü görən insanlarımızdan öyrənməliyik. Bu sözləri yüz iyirmi il əvvəl gözəl yazıçımız Cəfər Cabbarlı deyirdi. Mən Qarabağda cinayətlər törədən erməni daşnaklarını müdafiə etmirəm, amma düşünürəm ki, biz bugündən – qələbədən sonra erməni xalqına düşmən kimi baxmamalıyıq. Bu, Kremlin dəyirmanına su tökür. Paşinyanla Putinin dialoqu bunun bariz nümunəsidir. Putin ilk dəfə açıq şəkildə, bütün dünyanın gözü qarşısında Azərbaycanın suverenliyini təhdid edən cümlələr işlətdi. Üstəlik, həmsöhbətini konkret divara dirədi ki, mənim namizədimi qeydə almalısan. Halbuki Ermənistan konstitusiyasına görə bu düzgün deyil. Bizdə də var bu qanun. Yadınızdadırsa, Rüstəm İbrahimbəyovun namizədliyi vətəndaşlıq səbəbindən qeydiyyata alınmamışdı.

Putin bütün qanunları zorlayaraq istəyir ki, öz namizədini hakimiyyətə gətirib Qafqazı yenə qarışdırsın. Çünki Qafqaz qarışanda Rusiya çox asanlıqla bura müdaxilə edə bilir.

Qarabağın işğalı Azərbaycan xalqı qədər erməni xalqına da ziyan vurdu. Biz bunu anlamalıyıq. Bu gün bunu anlayan bir Ermənistan hakimiyyəti var. Xalq da onu dəstəkləyir. Biz bu fürsətdən maksimum yararlanmalıyıq, sülhə doğru getməliyik. Hətta Ermənistan seçkilərinə qədər sülh bağlansa, mən buna çox sevinərəm.

Azərbaycanın suverenliyinə, milli maraqlarına və konstitusiyasına zidd getməyən Ermənistan demokratiyası Kremldə ağır bir imtahan verdi və məncə bu imtahandan yaxşı çıxdı. İnşallah, həmişə də belə olacaq və Paşinyan dediyi sözlərin arxasında duracaq.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
www.bakupost.az

1Mənbələr