AZ

Avropa ABŞ-a məxsus ödəniş sistemindən çıxmağı planlaşdırır

Fransa “Mastercard” və “Viza”ya alternativ olan Suveren Fondun yaradılmasını təklif edib

Fransa Prezidenti Emmanuel Makron Avropa üçün suveren ödəniş modelinin yaradılmasının vacibliyini vurğulayıb. Bu təşəbbüsün əsas məqsədi ABŞ-ın nəzarətində olan nəhəng ödəniş sistemlərinin - “Visa” və “Mastercard”ın qlobal maliyyə sistemində asılılığı azaltmaqdır. Bu, həm iqtisadi, həm texnoloji, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyır. “Carte Bancaire” sammitində yayımlanan videomüraciətində Makron ödəniş sistemlərinin milli suverenliyin əsas hissəsi olduğunu bildirib. Onun sözlərinə görə, bu sahənin xarici şirkətlərin nəzarətində qalması risklidir. “Ödənişləri idarə etməmək o deməkdir ki, iqtisadi fəaliyyətimizin əsasını bizimlə eyni maraqları bölüşməyən aktorların ixtiyarına veririk”.

Makron Avropa səviyyəsində alternativ sistemin qurulmasına çağıraraq, “Wero” layihəsini ön plana çıxarıb. Hazırda Avropada ödənişlərin böyük hissəsi xarici infrastrukturlara əsaslanır. Fransada isə kartların əksəriyyəti həm milli “Carte Bancaire” sistemi, həm də “Visa” və ya “Mastercard” şəbəkələri ilə işləyən “ko-badged” kartlardır. Bu model yerli müstəqilliyi artırmaqla beynəlxalq istifadə imkanları ilə birləşdirir.

“Carte Bancaire” - Avropanın yeni ödəniş arxitekturası

Son illərdə neobankların və mobil ödənişlərin artması Amerika ödəniş şəbəkələrinə bağlı kartların sayını da çoxaldır ki, bu da Avropanın bank əməliyyatları və tranzaksiyalarından asılılığını gücləndirir. Aİ maliyyə icması hesab edir ki, buna baxmayaraq, 1984-cü ildə yaradılan “Carte Bancaire” sistemi Fransada dominant ödəniş mərkəzi olmaqla alternativ mobil ödəmə arxitekturasını qurmağa imkan verir. Bu sistem 77 milyon kartı özündə birləşdirir və dövriyyədəki ödənişlərin (Fransada) 80 faizi bu sistem vasitəsilə həyata keçirilir. Ona görə də, Makron bu modeli “Avropada unikal ödəniş modeli” hesab edir.

“Carte Bancaire” sisteminin tətbiqi Aİ bölgəsini kifayət qədər maliyyə itkilərindən xilas edə bilər. Belə ki, “Visa” və “Mastercard” vasitəsilə həyata keçirilən hər əməliyyat komissiya yaradır və həmin vəsaitlərin bir hissəsi Avropadan kənara çıxır. Bu, milyardlarla avronun Avropa iqtisadiyyatından kənarda qalması deməkdir. Yeni yerli sistem isə ödənişlər üzrə gəlirlərin qitə daxilində qalmasını təmin etməklə, gələcəkdə digər region ölkələrini də bu ödəniş şəbəkəsinə cəlb edə bilər.

Aİ-nin yerli ödəniş arxitekturası qurmasının arxasında siyasi niyyətlərin dayanması da istisna deyil. Çünki Amerika ödəniş şəbəkələri ABŞ qanunlarına tabedir və beynəlxalq gərginliklər zamanı bu, Avropa üçün asılılıq riski yaradır. Makron bu səbəbdən yerli ödəniş institunun “iqtisadi suverenliyin son halqası” adlandıraraq, onun idarəsinin ölkələrin müstəqil qərarvermə qabiliyyəti üçün vacib olduğunu vurğulayıb.

“European Payments Initiative” qitənin vahid maliyyə siyasətini müəyyən edəcək

Beləliklə, Amerika qitəsinin güc arxitekturası olan ödəniş blokundan çıxmaq və ya asılılığı azaltmaq üçün Avropa ölkələri təşəbbüsləri dəstəkləyərək birgə inkişaf planı hazırlamaqda qətidir. “European Payments Initiative” layihəsi qitə miqyasında vahid ödəniş sistemi bu hədəf çatmaq üçün ümumi konsept sayılır. Bu çərçivəyə uyğun olaraq test layihə kimi “Wero” artıq fiziki şəxslər arasında ani ödənişlər təklif edir və gələcəkdə ticarət sektoruna da genişlənməyi planlaşdırır. Bu prosesin tam mütəşəkilliyi üçün banklar arasında koordinasiya, yüksək investisiya tələbləri və rentabellik məsələləri tələb olunur. Ekspertlər hesab edir ki, suveren ödəniş sisteminin qurulması Avropanın gələcək iqtisadi müstəqilliyi üçün həlledici rol oynaya bilər.

Yeri gəlmişkən, Avropa İttifaqı dünya maliyyə sistemində yeni ödəniş və yığım blokları formalaşdırmaq barədə üzv ölkələrin digər təşəbbüslərini də müzakirə etməkdədir. Ötən ilin ortalarında Aİ-nin maliyyə nazirləri təşkilatın maliyyə və müdafiə qabiliyyətini gücləndirmək üçün yeni hökumətlərarası fondun qurulmasını təklif edib və bu istiqamətdə hökumətlər səviyyəsində işlər aparılır. Təkliflər sənədinə əsasən, Avropa ölkələri dövlət borcunun səviyyəsini artırmadan maliyyə sisteminə külli miqdarda pul cəlb etməlidir. Təşəbbüs müəlliflərinin fikrincə, fond iqtisadi müstəqilliyi gücləndirməklə bərabər, qitənin müdafiə ləvazimatları üzrə potensilını da möhkəmləndirə bilər. Təşəbbüsə Aİ-yə üzv olmayan Böyük Britaniya, Ukrayna və Norveçin də cəlb olunması planlaşdırılır.

Ekspertlərin fikrincə, fondun əsas diqqəti “strateji imkanlara” - hazırda ABŞ-dan tədarük edilən bahalı xammal, o cümlədən müdafiə sənayesi üçün infrastruktur və avadanlıqlara cəlb olunmalıdır. Həmçinin bura birgə komanda və idarəetmə sistemləri, peyk kəşfiyyatı və rabitə vasitələri, beşinci və ya altıncı nəsil qırıcı təyyarələr kimi yeni silah sistemlərinin inkişafı da daxildir.

“UnionPay” “Visa” və “Mastercard”ı geridə qoymaqdadır

ABŞ-a alternativ ödəniş sistemlərinin yaradılması ideyası Çin, Rusiya, İran və digər dövlətlər tərəfindən də dəstəklənir, bu ölkələr davamlı olaraq “Visa” və “Mastercard”a qarşı yeni modelin yaradılması üzərində qlobal təşəbbüslərlə çıxış edib. Artıq Çin bu məqsədə çatmaqdadır, Pekin hökumətinin müəllifi olduğu “UnionPay” ödəniş sistemi hazırda “Visa” və “Mastercard”la ciddi rəqabət aparan, hətta onlardan daha geniş dövriyyəsi olan qlobal ödəniş sisteminə çevrilməkdədir. Dünyada kart sayı üzrə liderliyi ələ keçirən Çin şirkəti 7 milyarddan çox karta malikdir.  “Visa”nın isə 4,5 milyard, “Mastercard”ın 3 milyard kartı istifadədir.

Baş ofisi Şanxayda yerləşən “UnionPay” ödəniş sistemi nəhəng elektron pul köçürmələri şəbəkəsi hesab edilir, kartları dünyanın 183 ölkəsində işləyir. 2025-ci ildə “UnionPay”la aparılan pul köçürmələrinin 43 faizi Çindən kənarda həyata keçirilib.  Bu sistem vasitəsilə Hindistanda “RuPay”, Yaponiyada “JCB”, Cənubi Koreyada “BC kartı”, Rusiyada “Mir” kartları, Türkiyədə “Troya” kartları işə düşüb. Şirkət Avropada da sürətlə genişlənir. Avropanın 39 ölkəsində 2,2 milyona yaxın satıcı və obyekt “UnionPay” kartlarını qəbul edir.

Azərbaycan Mərkəzi Bankı və Çinin “UnionPay” ödəniş sistemi arasında bir neçə ay əvvəl imzalanmış anlaşma memorandumuna əsasən, ölkəmizdə bu şirkətin ödəniş kartlarının emissiyası və QR kod texnologiyalarının qarşılıqlı əlaqəliliyinin gücləndirilməsi nəzərdə tutulur. “UnionPay” ölkəmizdə kartlarının emissiyası və emalı, çarpaz pul köçürmə sistemlərinin inteqrasiyası, QR və token texnologiyalarının tətbiqi sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə töhfə verəcək. Bir sözlə, yaxın vaxtlardan etibarən Azərbaycanda “Visa” və “Mastercard”la yanaşı, “UnionPay” kartları da buraxılacaq. Azərbaycanın bank icması hesab edir ki, Çinlə bu sahədə əməkdaşlıq nağdsız ödənişlərin inkişafına, yerli kart sahiblərinə daha sabit, təhlükəsiz və rahat kart təcrübəsi, kart əsaslı məhsul və xidmətlərin, yeni innovativ məhsulların təqdim edilməsi kimi üstünlüklər gətirəcək.

Rusiyanın milli ödəniş sistemi

Ukrayna ilə müharibə başlayandan sonra “Visa” və “Mastercard” ödəniş sistemlərindən kənarlaşdırılan Rusiyanın iri bankları da artıq bank kartları olmadan fəaliyyət göstərən “Mir” sistemini alternativ xidmət kimi istifadə etməkdədir. Bu ödəniş sistemi Rusiyada kart ödənişlərinin fasiləsizliyini təmin edir. Bəzi ölkələrdə (Türkiyə, Ermənistan, Belarus) həmin sistem məhdud şəkildə istifadədir. “Mir” kartları Rusiya daxilində bankomat və mağazalarda tam funksionaldır. Rusiya “Mir”lə yanaşı, “UnionPay” sistemini də tam şəkildə bank bazarına daxil edib ki, beynəlxalq tranzaksiyalarda çətinliklər demək olar ki, aradan qalxıb. Rusiya hökuməti, həmçinin, rəqəmsal rubl və digər yeni ödəniş həllərini də hazırlayır. Yeni ödəniş sistemini “T-Bank”, “Sber” və “Alfa-Bank” öz üzərinə götürüb və sistem ənənəvi plastik kartlarının ləğvini, daha  müasir ödəniş üsullarını nəzərdə tutur. Bu sistem QR kodları, biometrika, Bluetooth və digər texnologiyalardan istifadəyə əsaslanır. “T-Bank”ın ekosistem məhsulları departamentinin direktoru Sergey Xromovun sözlərinə görə, hazırda banklar layihə konsepsiyasını hazırlayır və yaxın vaxtlarda Mərkəzi Banka təqdim ediləcək.

E.CƏFƏRLİ

Seçilən
42
50
yeniazerbaycan.com

10Mənbələr