AZ

Azərbaycanın xarici siyasətində humanitar diplomatiya

Beynəlxalq münasibətlər sistemində güc anlayışı klassik çərçivələri çoxdan aşıb. Bir zamanlar dövlətlərin təsir imkanları əsasən hərbi potensialın həcmi və iqtisadi resursların miqyası ilə ölçülürdüsə, bu gün qlobal siyasətin dinamikası daha mürəkkəb xarakter alıb. Müasir dövrdə nüfuz davranış modeli, məsuliyyət hissi və beynəlxalq ictimaiyyət qarşısında nümayiş etdirilən etik mövqe ilə formalaşır. Məhz bu baxımdan humanitar fəaliyyət getdikcə strateji alətə çevrilir.

Xüsusilə qlobal böhranların dərinləşdiyi, qeyri-müəyyənliyin artdığı bir dövrdə humanitar davranış dövlətlərin siyasi portretinin ayrılmaz hissəsi olub. Pandemiya, iqlim böhranı, regional münaqişələr kimi çağırışlar fonunda beynəlxalq sistemdə yeni reallıq formalaşıb: artıq başqalarını da düşünən dövlətlər daha etibarlı tərəfdaş kimi qəbul olunur.

Belə bir şəraitdə son illər Prezident İlham Əliyevin sərgilədiyi aktiv humanitar siyasət xüsusi diqqət cəlb edir. Azərbaycanın müxtəlif regionlara, xüsusilə də pandemiya dövründə ehtiyacı olan ölkələrə göstərdiyi yardım, beynəlxalq təşkilatlara etdiyi maliyyə dəstəyi və qonşu xalqlarla nümayiş etdirdiyi həmrəylik mühüm əhəmiyyət kəsb edir. COVID-19 pandemiyası beynəlxalq sistemin siyasi və institusional baxımdan nə qədər kövrək olduğunu üzə çıxardı. Qlobal böhran anlarında adətən böyük dövlətlərin liderlik göstərməsi gözlənilir. Lakin pandemiyanın ilk mərhələlərində, əksinə, qəribə mənzərə formalaşdı: böyük dövlətlərin bir çoxu daxili problemlərə qapandı, tibbi avadanlıq və peyvənd uğrunda rəqabət başladı, hətta bəzi hallarda müttəfiqlər arasında gərginlik yarandı. Belə vəziyyətdə inkişaf etməkdə olan ölkələr, xüsusilə Afrika dövlətləri və kiçik iqtisadiyyatlar daha çətin vəziyyətlə üzləşdilər.

Məhz belə bir mərhələdə Azərbaycanın aktiv humanitar donor kimi çıxış etməsi beynəlxalq siyasət baxımından diqqətçəkən hadisə idi. Afrika ölkələrinə peyvəndlərin göndərilməsi, Ümumdünya Səhiyyə Təşkilatına maliyyə dəstəyi, müxtəlif ölkələrə tibbi ləvazimatların çatdırılması Azərbaycanın davranışını regional aktor modelindən müəyyən qədər uzaqlaşdırdı. Çünki adətən bu cür qlobal humanitar fəaliyyətlər böyük donor dövlətlərin siyasətində müşahidə olunur. Azərbaycan isə nə iqtisadi ölçüsünə, nə də siyasi çəkisinə görə ənənəvi donor ölkələr kateqoriyasına daxil idi. Buna baxmayaraq, Bakı bu boşluqda fəal mövqe tutdu.

İlk növbədə, bu addımlar Azərbaycanın beynəlxalq imicinin formalaşdırılması ilə bağlı idi. Müasir beynəlxalq münasibətlərdə imic və reputasiya, ən azı, iqtisadi və hərbi güc qədər əhəmiyyətli resursa çevrilib. Xüsusilə kiçik və orta güclər üçün “yumşaq güc” alətləri həyati əhəmiyyət daşıyır. Humanitar yardım, beynəlxalq təşəbbüslər, mədəni diplomatiya və inkişaf layihələri bu dövlətlərə daha geniş siyasi təsir imkanları yaradır. Azərbaycan pandemiya dövründə məhz bu alətdən istifadə edərək özünü məsuliyyətli, etibarlı və beynəlxalq həmrəyliyə töhfə verən dövlət kimi təqdim etməyə çalışdı.

Humanitar siyasətin ikinci mühüm istiqaməti çoxtərəfli diplomatiya ilə bağlı idi. Azərbaycan pandemiya dövründə Qoşulmama Hərəkatına sədrlik edirdi və bu təşkilat əsasən inkişaf etməkdə olan ölkələri birləşdirən platformadır. O zaman Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı çərçivəsində onlayn zirvə görüşlərinin keçirilməsi, üzv ölkələrə yardım təşəbbüsləri və qlobal həmrəylik çağırışları Bakının bu platformada liderlik rolunu gücləndirməyə yönəlmişdi. Humanitar yardımlar isə liderliyin real addımlarla müşayiət olunduğunu göstərirdi.

***

Afrika ölkələri uzun illərdir qlobal siyasətin mühüm rəqabət məkanlarından biridir. ABŞ, Çin, Rusiya, Avropa İttifaqı, Türkiyə və Körfəz ölkələri Afrikada iqtisadi, siyasi və humanitar alətlər vasitəsilə təsir imkanlarını genişləndirməyə çalışırlar. Təbii resurslar, gənc əhali, yeni bazarlar və beynəlxalq təşkilatlarda böyük səs potensialı Afrikanı geosiyasi baxımdan cəlbedici edir. Belə bir mürəkkəb rəqabət mühitində Azərbaycanın bu regiona yönəlməsi ilk baxışda qeyri-adi görünsə də, əslində bu, düşünülmüş xarici siyasət xətti kimi qiymətləndirilə bilər. Azərbaycan Afrikada hərbi iştirak və ya iri iqtisadi ekspansiya strategiyası yürütmür. Bakı daha fərqli model seçib – humanitar əməkdaşlıq, təhsil proqramları, tibbi yardım, texniki dəstək və beynəlxalq platformalarda siyasi dialoq. Belə bir modelin əsas xüsusiyyəti şərtsiz əməkdaşlıq və siyasi təzyiq elementinin olmamasıdır. Məhz bu amil bir çox Afrika ölkələri üçün cəlbedici görünür. Çünki bu dövlətlər uzun illər böyük güclərin siyasi şərtlərlə müşayiət olunan yardımlarından yorulublar və daha bərabərhüquqlu tərəfdaşlıq axtarışındadırlar.

Afrika siyasətinin formalaşmasında Prezident İlham Əliyevin xarici siyasət konsepsiyası xüsusi rol oynayır. Dövlət başçısının çıxışlarında tez-tez səslənən əsas tezislərdən biri beynəlxalq münasibətlərdə ədalət, bərabərlik və inkişaf etməkdə olan ölkələrin maraqlarının qorunması məsələsidir. Ölkə başçımız xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal Cənub ölkələrinin problemlərini beynəlxalq gündəliyə çıxarmağa çalışdı, vaksin bərabərsizliyi, inkişaf etməkdə olan ölkələrin borc yükü və pandemiyanın sosial-iqtisadi nəticələri kimi məsələləri qlobal səviyyədə qaldırdı. Afrika ölkələrinə humanitar və tibbi yardım da bu siyasətin praktik davamı kimi qiymətləndirilə bilər.

***

Bunlarla yanaşı, Azərbaycanın humanitar diplomatiyasında ən həssas və mürəkkəb istiqamətlərdən biri yaxın qonşuluq müstəvisində formalaşır. Məhz bu baxımdan İran nümunəsi xüsusi diqqət tələb edir. Tarixi, mədəni və dini bağlılıqların dərin olduğu bu münasibətlər, eyni zamanda, siyasi baxımdan ziddiyyətli və zaman-zaman gərginliklə müşayiət olunan xətt üzrə inkişaf edir. Belə bir mürəkkəb fon üzərində humanitar yardımın meydana çıxması onu daha incə diplomatik alətə çevirir. İran xalqına göstərilən humanitar dəstək, böhran anlarında nümayiş etdirilən həmrəylik, əslində, iki paralel xəttin kəsişməsində formalaşır: bir tərəfdən humanist dəyərlər, digər tərəfdən isə siyasi uzaqgörənlik.

Azərbaycanın son illərdə formalaşdırdığı humanitar diplomatiya xəttini institusional siyasət kimi izah etmək mümkündür, lakin bu siyasətin arxasında dayanan fərdi liderlik amilini nəzərə almadan mənzərə tam görünmür. Prezident İlham Əliyevin xarici siyasət kursunda humanitar diplomatiyanın getdikcə daha qabarıq şəkildə ön plana çıxması qlobal dəyişikliklərin düzgün oxunması və onlara uyğun çevik strategiyanın qurulmasının nəticəsidir. Dövlət başçısının yanaşması ilk növbədə praqmatik humanizm prinsipi üzərində qurulub. Hansı regiona, hansı formada və nə zaman yardım göstərilməsinin arxasında konkret siyasi və diplomatik məqsədlər dayanır. Belə bir yanaşma Azərbaycanın resurslarını daha səmərəli istifadə etməyə və eyni zamanda, maksimum siyasi effekt əldə etməyə imkan verir. İkinci mühüm istiqamət çoxtərəfli aktivlikdir. Ölkə rəhbərinin xarici siyasətində beynəlxalq təşkilatlar mühüm platforma kimi çıxış edir. Xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın təşəbbüsləri bunu açıq şəkildə göstərdi. Üçüncü istiqamət isə balans siyasətidir. Müasir beynəlxalq sistemdə kəskin bloklaşmaların artdığı bir dövrdə Azərbaycan həm Qərb, həm Şərq, həm də Qlobal Cənub ilə paralel və qarşılıqlı faydaya əsaslanan münasibətlər qurmağa çalışır. Prezident İlham Əliyevin liderliyi ilə bu siyasət həm milli maraqlara xidmət edir, həm də ölkənin beynəlxalq sistemdə məsuliyyətli və təşəbbüskar aktor kimi mövqeyini möhkəmləndirir.

Son olaraq qeyd edək ki, Azərbaycan humanitar diplomatiya vasitəsilə beynəlxalq mövqeyini gücləndirməyə, yeni siyasi və diplomatik tərəfdaşlıqlar qurmağa və qlobal sistemdə daha aktiv rol oynamağa çalışır. İndi bəlkə də ən vacib sual bundan sonrakı mərhələ ilə bağlıdır: Gələcəkdə humanitar diplomatiya Azərbaycanın xarici siyasətinin əsas sütunlarından birinə çevriləcəkmi?

Mövcud tendensiyalar, beynəlxalq təşəbbüslərin artması, humanitar yardım siyasətinin genişlənməsi və Bakının beynəlxalq platforma kimi mövqeyinin güclənməsi göstərir ki, bu sualın cavabı böyük ehtimalla müsbətdir. Görünən odur ki, Azərbaycan beynəlxalq siyasətdə öz yerini humanitar məsuliyyət və diplomatik təşəbbüskarlıq vasitəsilə müəyyən etməyə çalışır. Bütün bunlar müasir beynəlxalq münasibətlərdə getdikcə böyük əhəmiyyət qazanan yeni siyasi davranış modelidir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Seçilən
37
1
xalqqazeti.az

2Mənbələr