AZ

Tarixi-mədəni abidələr mənəvi sərvətimizdir

Nizami Kino Mərkəzinin divarlarını korlayanlar yaxalandılar

Bəzi Qərb ölkələrində rəssamlığın bir növü olan “qraffiti” son vaxtlarda Bakıda da özfəaliyyət şəklində yayılır. Qraffiti binaların çöl divarlarına peşəkar səviyyədə rəsmlər çəkmək deməkdir. Amma təəssüf ki, paytaxtımızın mərkəzi ərazilərində həvəskar təsvirçilərin binaların divarlarına, hasarlara, ictimai obyektlərin fasadlarına xəlvəti çəkdikləri çızmaqaralar heç bir estetik zövq aşılamır, əksinə, həkk edildiyi səthləri korlayır, şəhərin gözəlliyinə xələl gətirir.

Üzdəniraq qraffitilər əsaslı bərpa edilən binalara və dövlətin qoruduğu tarixi-memarlıq abidələrinə biədəb görkəm gətirir, ictimaiyyətdə haqlı narazılıq yaradır. Xatırlayırıq ki, bir müddət öncə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin hər kəsi və hamını abidələri qayğı ilə qorunmağa səsləməsi səbəbsiz deyildi. Yüngülxasiyyət, məsuliyyətsiz “aftoqrafçılar” çeşidli mədəniyyətlərin, dini inancların, ilkinlik təzahürlərinin ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı həmin qədim məkanda nalayiq izlər qoymuş və bununla da milli sərvətimizə, bir növ, biabırçı təcavüz etmişdilər. Onlar unutmuşdular ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə, tarixi abidələri qorumaq və korlanmağa qoymamaq hər bir şəxsin hüquqi və mənəvi borcudur.

Bu günlərdə eyni xoşagəlməz hal əsaslı təmirdən sonra istifadəyə verilmiş “Nizami” Kino Mərkəzində müşahidə olunub. Qeyd edək ki, bu mədəniyyət ocağı paytaxtın qorunan yerli əhəmiyyətli abidələrindəndir. Çox çəkmədi ki, bu nadir memarlıq nümunəsinin divarına mənasız, ürəkbulandıran qraffiti çəkənlər (əsasən yeniyetmələr) saxlanılaraq profilaktiki iş aparılması üçün valideynləri ilə bərabər müvafiq polis şöbəsinə cəlb ediliblər.

2009-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı, 2006-cı ildə İranda anadan olmuş, 2024-cü il sentyabrın 1-dən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir. “Qraffiti müəllifləri” ilə maarifləndirici və xəbərdaredici söhbət aparılıb. Abidəyə vurulmuş ziyanın həcmi müəyyənləşdirilərək lazımi cəza tədbirləri görüləcək.

Bakının Bülbül prospekti, 20 ünvanında yerləşən və inventar nömrəsi 123 olan tarixi abidəyə aprelin 1-dən 2-nə keçən gecə edilmiş qanunazidd müdaxilənin izləri artıq oradan silinib və qraffiti ilə korlanmış divarlar əvvəlki görkəminə qaytarılıb.

Hadisəyə ona görə diqqəti xüsusi cəlb edirik ki,“Nizami” Kino Mərkəzinin divarına qraffiti çəkilməsi, sadəcə, rəssamlıq həvəsi deyil, paytaxtın mərkəzində qərar tutan tarixi-mədəni əhəmiyyətli binaya qarşı xüliqanlıq aktıdır. Bu cür qanun pozuntularına qarşı güclü ictimai qınaq yaradılmalıdır ki, bilmərrə təkrarlanmasın. Əslində, kortəbii qraffitilər binaları, ictimai məkanları pis hala salır, şəhərin ümumi görünüşünə və arxitekturasına ciddi xətər yetirir.

Onu da qeyd edək ki, qraffiti mədəniyyəti (əgər belə demək mümkünsə) Azərbaycana yad təmayüldür. Biz özümüzə xas olan yüksək dəyərlərimizlə yetərli qədər tanınırıq. Odur ki, dünya miqyasında ən təmiz və gözəl paytaxtlardan biri kimi qəbul edilən Bakının tarixi binalarının divarlarını yöndəmsiz yazılar və təsvirlərlə bulaşdırmaq bu reputasiyaya birbaşa zərbə sayılmalıdır. Yad elementlər, necə deyərlər, ağ paltarda qara yamaq kimi görünəndə gülünc təsir bağışlayır.

Yeni əsrdə Bakıda aparılan genişmiqyaslı abadlıq, təmizlik və bərpa işləri sayəsində paytaxtımız daha parlaq görkəm alıb. Bəzi “özündənbəy” təsvirçilərin yersiz fantaziyaları isə məsuliyyətsizlikdən, biveclikdən başqa bir şey deyil.

Qoy divar təsviri üzrə modabazlar bilsinlər ki, müasir gənclik texnologiya və yaradıcılıq üçün saysız-hesabsız imkanlara malikdir. Ən uyğununu, ən təqdirəlayiqini seçmək özü də zövq məsələsidir. Zövqünüzü inkişaf etdirin! Valideynlər isə öz övladlarının davranışlarına ciddi nəzarət etməli, onlara yersiz təqlidçilik deyil, vətənpərvərlik, ictimai mülkiyyətə hörmət, estetik zövq və vətəndaşlıq məsuliyyəti hissi aşılamalıdırlar. Uşağının küçədə nə etdiyini bilməyin özü valideyn məsuliyyəti sayılır.

Nəhayət, bir vacib məqamı da diqqətə çatdıraq ki, Prezident sərəncamı ilə bu il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunub. Tezliklə Bakıda Dünya Şəhərsalma Forumu keçiriləcək. Gərək hər bir kəs bu ilə töhfə versin, ən azı, olanı-qalanı, qorunanı korlamasın. Unutmayaq ki, dövlətə, xalqa aid olan nəyəsə xor baxmaq nankorluqdur.

Ə.ƏLİYEV
XQ

Seçilən
36
1
xalqqazeti.az

2Mənbələr