AZ

Mina təhlükəsi: Humanitar böhran, sosial-iqtisadi çağırış və beynəlxalq əməkdaşlıq zərurəti TƏHLİL

Bakı, 4 aprel, AZƏRTAC

Mina problemi müasir dövrdə yalnız hərbi münaqişələrin nəticəsi kimi deyil, eyni zamanda, qlobal humanitar çağırış kimi qiymətləndirilir. Dünyanın müxtəlif regionlarında münaqişədən sonrakı mərhələdə minalar və partlamamış hərbi sursatlar insanların həyatına, təhlükəsizliyinə və inkişaf perspektivlərinə ciddi təsir göstərir. Bu baxımdan mina təhlükəsinə qarşı mübarizənin beynəlxalq gündəmdə saxlanılması məqsədilə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2005-ci ilin dekabrında qəbul etdiyi qərara əsasən 4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü kimi qeyd olunur. Bu günün təsis olunması mina probleminin bəşəri xarakter daşıdığını və onun aradan qaldırılması üçün qlobal səylərin vacibliyini bir daha vurğulayır.

AZƏRTAC Azərbaycan ərazilərinin işğal dövründə genişmiqyaslı mina çirklənməsini, bunun insanların təhlükəsizliyinə və qayıdış prosesinə təsirini, həmçinin problemin həlli üçün görülən tədbirləri təhlil edir.

Azərbaycanın işğal olunmuş ərazilərinin minalarla çirkləndirilməsi

Bildiyimiz kimi, münaqişədən zərər çəkmiş Qarabağda və Şərqi Zəngəzurda minaların geniş şəkildə yerləşdirilməsi uzunmüddətli ciddi təhlükə yaradır. İlkin qiymətləndirmələrə əsasən, işğal dövründə bu torpaqlarda Ermənistan tərəfindən bir milyondan çox mina basdırılıb ki, bu da regionu dünyanın ən çox mina ilə çirklənmiş ərazilərindən birinə çevirib. Minalar və partlamamış sursatlar təkcə müharibə bitdikdən sonra deyil, onilliklər ərzində insanların həyatını təhlükə altında saxlayır. Bu təhlükə sosial-iqtisadi inkişafın ləngiməsinə, mədəni irsin qorunmasına, bərpa və yenidənqurma prosesinə, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına ciddi maneələr yaradır. Eyni zamanda, geniş mina çirklənməsi kənd təsərrüfatı fəaliyyətinin bərpasını çətinləşdirir, torpaq resurslarından səmərəli istifadəni məhdudlaşdırır və regionun iqtisadi potensialının reallaşdırılmasını ləngidir. Bu amillər təhlükəsizlik məsələsini yalnız humanitar problem deyil, həm də strateji inkişaf çağırışı kimi aktuallaşdırır.

Xüsusilə keçmiş təmas xətti boyunca yerləşən ərazilər yüksək çirklənmə səviyyəsi ilə seçilsə də, təhlükə yalnız bu zonalarla məhdudlaşmır. Əkin sahələri, bağlar, məzarlıqlar və digər mülki təyinatlı ərazilər də minalanıb. Bir çox qəbiristanlıqların minalanmış ərazilərdə yerləşməsi isə humanitar baxımdan əlavə risk yaradır və bu ərazilərdə mina hadisələrinin qeydə alınması problemin sosial-psixoloji miqyasını daha da dərinləşdirir. Bu hallar insanların gündəlik həyat fəaliyyətinə, ənənəvi təsərrüfat və məişət vərdişlərinə birbaşa təsir göstərir. Nəticədə, minaların yaratdığı təhlükə təkcə fiziki təhlükəsizliklə məhdudlaşmır, həm də normal həyat ritminin bərpasını ləngidən mühüm amilə çevrilir.

Humanitar minatəmizləmə fəaliyyətinin nəticələri

Aparılan təmizləmə əməliyyatları minaların yaratdığı təhlükənin miqyasını aydın şəkildə göstərir. Təkcə qəbiristanlıq əraziləri üzrə təqdim edilən təmizləmə layihələrində 761 min 713 kvadratmetr sahə minalardan təmizlənib, bu proses zamanı 6 ədəd partlamamış sursat, 36 piyada əleyhinə mina və 87 tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bu fakt minaların mülki həyatın ən həssas sahələrinə qədər yayıldığını göstərir. Eyni zamanda, bu cür ərazilərin təmizlənməsi insanların sosial-mədəni həyata qayıdışı baxımından xüsusi əhəmiyyət daşıyır. Qəbiristanlıqların təhlükəsiz hala gətirilməsi cəmiyyətin ənənəvi dəyərlərinin bərpasına və psixoloji rahatlığın təmin olunmasına xidmət edir.

Keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək məqsədilə yaşayış məntəqələri, nəqliyyat və enerji infrastrukturu, kənd təsərrüfatı sahələri kimi prioritet istiqamətlərdə genişmiqyaslı humanitar minatəmizləmə işləri aparılır. 2020-ci il noyabrın 10-dan 2026-cı il aprelin 4-dək 261 min 551 hektar ərazi təmizlənib, ümumilikdə 246 min 463 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Bu sursatların böyük hissəsini partlamamış hərbi sursatlar təşkil etsə də, on minlərlə piyada və tank əleyhinə mina da aşkarlanıb. Bu statistika həm problemin miqyasını, həm də minatəmizləmə fəaliyyətinin nə qədər mürəkkəb və uzunmüddətli olduğunu nümayiş etdirir. Aparılan işlər infrastruktur layihələrinin icrasını sürətləndirməklə yanaşı, kənd təsərrüfatı və iqtisadi fəaliyyətin bərpasına real zəmin yaradır. Geniş mina çirklənməsi bu sahədə səylərin daha da gücləndirilməsinin vacibliyini göstərir.

İnsan təhlükəsizliyi və sosial təsirlər

Mina təhlükəsi yalnız fərdi hadisələr deyil, bütövlükdə cəmiyyət üçün ciddi risk yaradır. 2020-ci ilin noyabrından 2026-cı ilin aprel ayına qədər 259 mina hadisəsinin qeydə alınması bunun bariz nümunəsidir. Həmin dövrdə 421 nəfər mina qurbanı olub, onların 72-si həyatını itirib, 349 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu rəqəmlər münaqişə bitdikdən sonra belə təhlükənin davam etdiyini göstərir. Mina hadisələri insanların gündəlik həyat fəaliyyətini məhdudlaşdırır, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhali üçün əlavə risklər yaradır. Bu isə sosial-iqtisadi fəallığın bərpasını ləngidən əsas amillərdən biri kimi çıxış edir.

Ümumilikdə 1991-ci ildən bu günədək 3500-dən çox mina qurbanının, o cümlədən 362 nəfər azyaşlının və ya gəncin, 38 nəfər qadının qeydə alınması problemin uzunmüddətli sosial nəticələrini ortaya qoyur. Qurbanlar arasında azyaşlılar, gənclər və qadınların olması mina təhlükəsinin cəmiyyətin ən həssas qruplarına da təsir etdiyini göstərir. Bu, həm də reabilitasiya, sosial müdafiə və psixoloji dəstək kimi əlavə humanitar tədbirlərin vacibliyini ön plana çıxarır. Eyni zamanda, mina qurbanlarının sosial reinteqrasiyası, onların məşğulluğunun təmin edilməsi və uzunmüddətli tibbi xidmətlərlə əhatə olunması mühüm vəzifələr kimi aktuallaşır. Bu istiqamətdə kompleks yanaşma mina probleminin humanitar nəticələrinin azaldılmasında xüsusi əhəmiyyət daşıyır.

Təhlükəsizlik tədbirləri, maarifləndirmə və postmünaqişə dövründə bərpa prosesi

Azad edilmiş torpaqlarda minatəmizləmə işlərini birinci dərəcəli vəzifə adlandıran Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Ona görə də, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunan müvafiq qurumlar işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarını intensiv şəkildə aparır.

Minatəmizləmə prosesinə paralel olaraq yüksək səviyyədə çirklənmiş ərazilərin konservasiya olunması və çəpərlənməsi həyata keçirilir. Bu tədbirlər beynəlxalq standartlara uyğun olaraq əhalinin təhlükəsizliyini təmin etmək üçün zəruri addımlardır və riskli zonalara girişin nəzarətdə saxlanılmasına xidmət edir. Bununla yanaşı, ictimaiyyətin maarifləndirilməsi və davranış qaydalarına riayət edilməsi minatəmizləmə prosesinin səmərəliliyini artıran əsas amillərdəndir. Ərazilərdə yaşayan, işləyən və ya həmin bölgələrə səfər edən insanların təhlükəsizlik qaydalarına əməl etmələri, xüsusilə riskli zonalara icazəsiz daxil olmamaq, xəbərdarlıq nişanlarına diqqət yetirmək və şübhəli əşyaları aidiyyəti qurumlara bildirmək həyati əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri məktəblərdə, müxtəlif təşkilatlarda və media vasitəsilə geniş auditoriyanı əhatə edərək insanların təhlükəsizlik biliklərini artırır, riskləri azaldır və cəmiyyətin davamlı təhlükəsiz davranış vərdişlərinin formalaşmasına töhfə verir.

Ərazilərin minalardan təmizlənməsi yalnız humanitar və təhlükəsizlik məsələsi deyil, həm də münaqişədən sonrakı bərpa və inkişaf prosesinin əsas şərtlərindən biridir. Təhlükəsiz ərazilərin olmaması infrastrukturun yenidən qurulmasını, kənd təsərrüfatının bərpasını və investisiya mühitinin formalaşmasını ləngidir. Minatəmizləmə işlərinin sürəti və səmərəliliyi regionun iqtisadi-sosial bərpası, əhalinin təhlükəsiz qayıdışı və ictimai həyatda normal ritmin bərpası ilə birbaşa bağlıdır. Ona görə də, minatəmizləmə və ictimai maarifləndirmə təkcə əhalinin təhlükəsizliyi üçün deyil, regionun dayanıqlı inkişafı və sülhün möhkəmləndirilməsi üçün də strateji elementlər hesab olunur.

Beynəlxalq əməkdaşlığın zəruriliyi

Minatəmizləmə uzunmüddətli və yüksək maliyyə tələb edən proses olduğundan, bu fəaliyyətin əsasən milli resurslar hesabına həyata keçirilməsi beynəlxalq maliyyə və texniki dəstəyin vacibliyini bir daha ortaya qoyur. Beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi minatəmizləmə proseslərinin sürətlənməsinə, əməliyyatların təhlükəsizliyinin artırılmasına və risklərin azaldılmasına mühüm töhfə verə bilər. Bu vaxta qədər Avropa İttifaqı ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Kanada, Fransa, Xorvatiya, Almaniya, Macarıstan, Belçika, Yaponiya və Çin ölkəmizdəki humanitar minatəmizləmə fəaliyyətinə dəstək göstəriblər. Həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin İnkişaf Proqramı (UNDP), Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), UNICEF və digər təşkilatlar da bu işdə ölkəmizə müəyyən qədər töhfə veriblər. Bu cür tərəfdaşlıqlar, eyni zamanda, münaqişədən zərər çəkmiş ərazilərin sosial-iqtisadi bərpasını sürətləndirir, sakinlərin təhlükəsiz qayıdışına və infrastruktur layihələrinin daha operativ icrasına şərait yaradır.

Ümumilikdə mina problemi miqyasına görə yalnız milli səylərlə həll edilə bilməz və daha geniş beynəlxalq tərəfdaşlıq tələb edir. Maliyyə resurslarının artırılması, texniki avadanlıqların cəlb olunması, innovativ texnologiyaların tətbiqi və təcrübə mübadiləsi bu sahədə irəliləyiş üçün əsas amillər hesab edilir. Bu yanaşma minatəmizləmə prosesinin səmərəliliyini yüksəltməklə yanaşı, təhlükəsizliyin təmin olunmasına və postmünaqişə dövründə bərpa işlərinin sürətləndirilməsinə dəstək verir.

Qeyd edək ki, minatəmizləmə yalnız texniki əməliyyat deyil, həm də sülhün möhkəmləndirilməsi, dayanıqlı inkişafın təmin olunması və regional təhlükəsizliyin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu işdə səmərəli nəticə əldə etmək üçün milli səylərlə yanaşı, gücləndirilmiş beynəlxalq əməkdaşlıq, davamlı humanitar dəstək və beynəlxalq standartların tətbiqi həlledici rol oynayır.

Müəllif – Hikmət Əhmədov

 

Seçilən
36
3
azertag.az

6Mənbələr