Bakıda və Abşeron yarımadasında on illərdir həllini gözləyən sənədsiz evlər problemi ilə bağlı yeni mərhələ başlayır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun açıqlamaları, bu sahədə genişmiqyaslı “əmlak amnistiyası”nın anonsu kimi qiymətləndirilir. Təxminən 500 mindən çox daşınmaz əmlakın taleyini müəyyənləşdirəcək bu proses həm vətəndaşların mülkiyyət hüquqlarının tanınması, həm də iqtisadi dövriyyənin canlanması baxımından böyük əhəmiyyət kəsb edir.
“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı NOCOMMENT.az-a danışan tikinti sahəsi üzrə ekspert Camal Abışov bildirib ki, sənədləşmə prosesinin sürətlənməsi tikinti sektorunda şəffaflığı təmin edəcək əsas amildir: “Uzun müddətdir ki, çıxarışı olmayan evlər həm dövlət büdcəsinə daxilolmalar, həm də vətəndaşların əmlak üzərində sərəncam vermək imkanları qarşısında bir sədd idi. Vüqar müəllimin qeyd etdiyi 15 günlük cavab müddəti vətəndaşın vaxt itkisinin qarşısını alacaq. Bu, əslində dövlətin vətəndaşa ‘mülkiyyətinə sahib çıx’ çağırışıdır”.
Onun sözlərinə görə, sənədləşmə prosesində ən vacib məqam tikililərin yerləşdiyi ərazilərin təhlükəsizlik statusudur: “Hər bir sənədsiz ev avtomatik çıxarış alacaq deyə bir qayda yoxdur. Xüsusilə yüksək gərginlikli elektrik xətlərinin altında, magistral boru kəmərlərinin mühafizə zolağında və ya sürüşmə zonalarında yerləşən evlərin sənədləşdirilməsi texniki baxımdan risklidir. Lakin qanunsuz sayılmayan, infrastruktur layihələrinə mane olmayan fərdi yaşayış evlərinin kütləvi şəkildə qeydiyyata alınması sosial gərginliyi tamamilə aradan qaldıracaq”.
Ekspert bildirib ki, bu addım həm də daşınmaz əmlak bazarında qiymətlərə təsir göstərəcək: “Sənədləşən hər bir əmlakın bazar dəyəri dərhal 20-30 faiz artır. Vətəndaşlar artıq öz evlərini girov qoyub bankdan kredit götürə və ya rəsmi alqı-satqı müqaviləsi ilə sata biləcəklər. Hesab edirəm ki, ilkin mərhələdə qeyri-yaşayış obyektlərindən başlanılması düzgün taktikadır, çünki bu, sahibkarlıq subyektlərinin leqallaşmasına xidmət edir. Növbəti mərhələdə fərdi evlərin sənədləşdirilməsi isə ölkə iqtisadiyyatına milyardlarla manatlıq aktivin rəsmi daxil olması deməkdir”.
Telegram kanalımız