Avropada “PAN Europe” təşkilatı tərəfindən aparılan araşdırma narahatedici nəticələr ortaya qoyub.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, satışda olan almaların 80 faizində bir neçə növ zəhərli pestisid aşkar edilib. Araşdırma çərçivəsində götürülən nümunələrin 36 faizində beyin hüceyrələrinə zərər verən, 61 faizində isə xərçəng riski yaradan maddələrin olduğu müəyyənləşdirilib. Bildirilir ki, xaricdən idxal edilən parlaq almalar daha uzun müddət saxlanılması üçün tez-tez kimyəvi maddələrlə işlənir və üzərinə mum və ya parafin örtüyü çəkilir.
Bu isə insan sağlamlığı üçün risk yarada bilər. Mütəxəssislərə görə, belə məhsullar hormonal pozğunluq, allergiya, həzm problemləri və uzunmüddətli istifadədə xərçəng riskini artıra bilər. Mütəxəssislər istehlakçılara yerli və mövsümi meyvələrə üstünlük verməyi tövsiyə edir. Həmçinin almaların istifadədən əvvəl 30–60 saniyə ilıq suda yaxşı yuyulması, mümkün olduqda isə qabığının soyulması məsləhət görülür.
Qeyd olunur ki, parlaq və idxal almalar cəlbedici görünsə də, düzgün təmizlənmədən istehlak edilməsi sağlamlıq üçün təhlükə yarada bilər.\\Sfera.az