AZ

“Sabah”ın Dambrauskasla yanaşı, daha altı çempionu var!

2021-dən bəri ilk dəfə “Qarabağ”ın Azərbaycan çempionatındakı dominantlığına, zəfər yürüşünə son qoymağa yaxın olan komanda var. Söhbət Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah”dan gedir. Finişə 8 tur qalmış “Qarabağ” Masazır təmsilçisindən nə az, nə çox - 10 xal geridədi.

Düzdü, “köhlən atlar”ın 9 oyunu qalıb. Amma geridə qalan 25 turda cəmi 12 xal itirən “Sabah”ın bundan sonra minimum 7 xal itirməsi real görünmür. Hələ “Qarabağ” da bütün oyunlarda qalib gəlməlidi. Düzdü, “Qarabağ”ın çempion olacağına inananların sayı az deyil. Bunu iddia edənlər əsasən Qurban Qurbanovun komandasının çempionluq mentallığına, təcrübəsinə güvənir, “Sabah”ın bu baxımdan “axsadığını” deyirlər.

Bəli, “Sabah” komanda kimi çempionluq yaşamayıb. Amma heyətində qızıl medalların dadını-ləzzətini bilən 6 futbolçu var. Stas Pokatilov. 2019/20 mövsümündə “Kayrat”ın heyətində Qazaxıstan çempionu olub. 

İqor Noqeyra. Braziliyalı müdafiəçi 2015/16 növsümündə “Gent” forması ilə Belçikada çempionluq qazanıb. 

Timoteuş Puxaç. Türkiyə süperliqasının yaxından izləyənlərə tanış simadı. O, 2021/22 mövsümündə 38 il sonra çempionluq yaşayan “Trabzonspor”un əsas heyət üzvlərindən idi. Yəni polşalı müdafiəçi artıq çempionluğun dadını bilir.

Aleksey İsayev də iki dəfə Azərbaycan çempionu olub. “Sabah”la gümüş medal qazanandan sonra “Qarabağ”a keçmişdi. 2023/24, 2024/25 mövsümlərində qazanılan çempionluqlarda böyük pay sahibi olmayıb, “Qarabağ”da əsas fiqura çevrilə bilməyib. Amma titul tituldu, qazanıb, çempionluğun necə hiss olduğuna bələddi. 

Ən çox çempion olan futbolçu isə “Sabah”da icarə əsasında oynayan Velko Simiçdi. O, ardıcıl üç dəfə - 2018/19, 19/20, 20/21 mövsümlərində “Srvena Zvezda” ilə Serbiya çempionu olub. 

Mümkün çempionluğun əsas memarı, futbolçu karyerası olmayan Valdas Dambrauskas isə bunu komandada hamıdan yaxşı hiss edənlərdəndi. O, 2014/15, 2015/16 mövsümlərində “Zalgiris”lə Litva, 2020/21 mövsümündə isə “Ludoqorets”lə Bolqarıstan çempionu olub. 

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
39
50
football-plus.az

10Mənbələr