AZ

Bu meyvə sizi zəhərləyə bilər – Azərbaycan da TƏHLÜKƏDƏ?

Avropada aparılan son araşdırmalar süfrələrimizin əvəzolunmaz meyvəsi olan alma ilə bağlı qorxulu mənzərəni ortaya qoyub. “PAN Europe” təşkilatının hesabatına görə, satışdakı almaların 80%-də zəhərli pestisidlərin aşkar edilməsi, xüsusilə idxal məhsullardakı kimyəvi müdaxilə məsələsini yenidən gündəmə gətirib. Parlaq görünüşün arxasında gizlənən xərçəng və beyin hüceyrələrinin zədələnməsi riski istehlakçılar arasında ciddi təşviş yaradıb.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan qida eksperti Fərid Səfərov bildirib ki, bu problem təkcə Avropa üçün deyil, Azərbaycan bazarı üçün də aktualdır:

“Təəssüf ki, bizim market rəflərində gördüyümüz o ideal dərəcədə parlaq, hamar və aylarla xarab olmayan almaların böyük hissəsi xaricdən, xüsusilə uzaq ölkələrdən idxal olunur. Meyvənin yolboyu çürüməməsi və vizual cəlbediciliyini itirməməsi üçün onun üzərinə mum (parafin) örtüyü çəkilir və güclü pestisidlərlə emal edilir. Azərbaycanda da apteklərdə və ya laboratoriyalarda yoxlanış aparılsa, idxal almaların tərkibində normadan artıq kimyəvi maddə aşkarlanması ehtimalı çox yüksəkdir”.

Onun sözlərinə görə, bu maddələr orqanizmdə toplandıqca geri dönməz fəsadlara yol açır: “61 faiz nümunədə xərçəng riski yaradan maddələrin tapılması zarafat deyil. Bu kimyəvi maddələr hormonal fonu dağıdır və xüsusilə uşaqların inkişafına mənfi təsir göstərir. Bizdə vətəndaşlar çox vaxt ‘parlaq alma yaxşıdır’ düşüncəsi ilə seçim edirlər, amma əslində o parıltı kimyəvi ‘zireh’dir. Yerli almalarımız bəzən xırda və ya rəngsiz görünə bilər, lakin sağlamlıq baxımından on qat daha təhlükəsizdir”.

Ekspert bildirib ki, təhlükədən qorunmaq üçün bir neçə sadə, lakin həyati vacib qaydaya əməl olunmalıdır: “Birincisi, yerli və mövsümi məhsullara qayıtmalıyıq. Əgər alma idxaldırsa, onu sadəcə soyuq su ilə yumaq kifayət etmir. Parafin qatı suyu dəf edir, ona görə də almanı ilıq suda, hətta bir az sirkəli və ya sodalı suda 1-2 dəfə yumaq lazımdır. Ən təhlükəsiz yol isə qabığının soyulmasıdır. Çünki zəhərli maddələrin ən çox toplandığı yer məhz həmin parlaq qabıq və saplaq hissəsidir. Sağlamlığınızı vizual gözəlliyə qurban verməyin”.

Tunar,
NOCOMMENT.az

Seçilən
21
nocomment.az

1Mənbələr