Aqil Camal
"Ortaq Dəyərlər" İctimai Birliyinin sədri
Qraffiti üslubu dünyada, xüsusən, Qərb ölkələrində mövcuddur. Bu işin peşəkarları əsərlərini adətən, dağılmış, xarabalığa çevrilmiş tikililər, divarlar üzərində çəkirlər. Burada başlıca motiv, cəmiyyətə verilən mesaj budur: Baxın, xarabalıqda da gözəllik görmək olar, rənglərin qarışımı ilə uçqunlara estetik düzən vermək mümkündür.
Bu baxımdan, qraffiti sağlam yanaşmaların məhsulu kimi təzahür edəndə cəmiyyət tərəfindən də rəğbət görür, medianın diqqətini çəkir.
Bir də var, təqlid və təqlidin ən qabiliyyətsiz, pinti, bir az da cəmiyyətə hörmətsizlik sərgiləyən forması…
Bakı şəhərinin rəmzlərindən biri hesab olnan Nizami Kino Mərkəzi üzərində həyata keçirilmiş xoşagəlməz hərəkət də bu qəbildəndir.
Bakının mərkəzində - Nizami Kino Mərkəzinin divarına “qraffiti” çəkilməsi hadisəsi cəmiyyətdə geniş müzakirəyə və hiddətə səbəb olub. Yaradıcı üslubdan çox uzaq, bu pinti cızma-qaraya “qrafitti” demək olarsa…
Qəfil qıcqırmış qabliyyətlərini ifadə etmək üçün seçdikləri məkanın fərqində olmadan, (bəlkə də, diqqət mərkəzinə gəlmək məqsədli) ölkənin, paytaxtın mühüm mədəniyyət müəssisəsinə qarşı edilən bu rəzil hərəkətə hüquqi müstəvidə qiymət verilməlidir.
Azərbaycanın, Bakının təsviri mədəniyyətin bütün sahələrində - rəssamlıq, rəngkarlıq, xəttatlıq, minatür və s. ənənəvi dəst-xətti, məktəbi var. Bakının mədəni, mənəvi ruhuna yad elementlərin, həm də primitiv şəkildə paytaxtımıza pərçimlənməsi cəhdlərinə ilk növbədə cəmiyyət reaksiya verməlidir. Həm də, yerində…
Yəqin ki, çoxlarınız rast gəlmisiniz. Xarici blogerlər, yutuberlər Bakıdan çəkdikləri reportajlarda ən çox vurğu saldıqları məsələ Azərbaycan paytaxtındakı təmizlikdir, səliqədir. Ötən onilliklərə nəzər salanda, indiki nəticəyə gəlinməsində nə qədər əmək sərf edildiyini təsəvvür etmək olur.
Ona görə, Bakını yad və yöndəmsiz axınlardan qorumaq hər bir paytaxt sakininin üzərinə düşən vəzifədir.