ain.az, Idman.biz saytına istinadən bildirir.
“Bu, mənim Azərbaycana üçüncü gəlişimdir və bu, inanılmaz təcrübədir. Xüsusilə ona görə ki, burada məşq etmək, xarici texnikaları mənimsəmək və çıxış etmək imkanı əldə edirik”.
Bunu İdman.Biz-ə açıqlamasında braziliyalı gimnast Barbara Dominqes deyib.
O və Braziliya yığmasının digər üzvləri hazırda Azərbaycandadır və Dünya Kubokunun mərhələsinə hazırlaşırlar. Hazırlıq çərçivəsində onlar Milli Gimnastika Arenasında keçirilən "AGF Trophy" beynəlxalq turnirində yarışdan kənar nümayiş çıxışları ilə çıxış ediblər.
İdmançı uzaq səfərlər zamanı yarışlara öncədən gəlməyin vacibliyini də vurğulayıb:
“Hazırda mövsümöncəsi dövrdəyik - yarış mövsümünə hazırlığın başlanğıcıdır. Azərbaycanla Braziliya arasında vaxt fərqi yeddi saatdır. Uyğunlaşma bərpa prosesində böyük rol oynayır. Buna görə də öncədən gəlmək bizim üçün vacibdir. Həm də iqlim baxımından - bəzən burada bizdə olandan bir qədər soyuq və ya əksinə, daha isti olur. Bu da fiziki vəziyyətə təsir edir. Yaxşıdır ki, biz uyğunlaşa və eyni zamanda yeni texnikaların köməyi ilə xoreoqrafiyamızı təkmilləşdirə bilirik. Yüksək təşkilatçılıq səviyyəsi sayəsində isə adi məşq rejimimizi problemsiz davam etdiririk”.
O əlavə edib ki, hələlik şəhərlə yaxından tanış olmaq imkanı olmayıb: “Amma gördüklərim çox xoşuma gəldi - Bakı çox gözəl şəhərdir”.
Dominqes Braziliyada bədii gimnastikanın inkişafı barədə də fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu idman növü hazırda sürətlə inkişaf edir, xüsusilə həm fərdi, həm də qrup hərəkətlərində əldə olunan nəticələr nəzərə alınarsa.
“Bu, bizim üçün çox vacibdir. Çünki əvvəllər Braziliyada gimnastika geniş yayılmamışdı. Böyük yarışlarda qələbələr qazanmağa başlayandan sonra vəziyyət dəyişdi. Xüsusilə ötən il Rio-de-Janeyroda keçirilən dünya çempionatındakı nəticələrimizdən sonra münasibət köklü şəkildə dəyişdi və bu, gimnastikanın inkişafına böyük təkan verdi”.
Qeyd edək ki, Barbara Dominqes Braziliyanın aparıcı gimnastlarından biridir və ölkəsi üçün dünya səviyyəsində bir sıra tarixi nəticələrə imza atıb. O, xüsusilə Olimpiya çoxnövçülük yarışının finalına yüksələn ilk braziliyalı gimnast kimi tarixə düşüb.
Leyla Eminova
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.