AZ

Yadplanetli - Günel Mehrinin hekayəsi

Kulis.az Günel Mehrinin "Yadplanetli" hekayəsini təqdim edir.

Dolunay idi. Günayın yuxusu yenə ərşə çəkilmişdi. Lampa işığında güzgüdəki əksinə baxırdı. Gah saçlarını qarışdırıb, gah gülümsəyib, gah ciddi dayanıb çilli sir-sifətinə, qısa, cod saçlarına, sarımtıl dişlərinə, donqar burnuna, göy damarlarla çevrələnmiş ifadəsiz gözlərinə, dümdüz, arıq bədəninə ilk dəfə görürmüş kimi bir də, bir də zilləndi. Əslində güzgüləri sevmirdi, indi də darıxdığından baxırdı. Hamısı dolunayın təsirindəndir. Bu istirahət günü nə evində özünə yer tapmışdı, nə də geniş yatağında. Gündəlik işlərini bitirib, həyətdəki pişiyiyemləyib televizora da nəzər salmışdı, bir az kitab da oxumuşdu. Amma nəsə darıxdırırdı onu. Sabah doğum günü idi. Həmişəki kimi iş başında keçirəcəkdi ad gününü: tortsuz, şamsız, hədiyyəsiz və təbriksiz. Tutaq ki tort aldı, lap elə şam da. Kimlə qeyd edəcəkdi? İnsanlar onu görmürdülər və həyatı illərdir belə varlıqla yoxluq arasıında keçirdi. Dərindən köks ötürüb açıq pəncərədən çölə baxdı. Göyün üzü ulduza bürünmüşdü.Süd kimi gecə təravət qoxuyurdu. Acgözlüklə ciyərlərinə çəkdi havanı. Sonra nə düşündüsə, payızın üşütən soyuğuna, saatın gec vədəsinə, düzün ortasında təmtək dikilmiş evinin yoldan-izdən uzaq olmasına baxmadan ayaqyalın, başıaçıq özünü gecənin qoynuna atdı. Soyuq olsa da, bir yarpaq da tərpənmirdi. Darvazadan ağaclığa tərəf çıxanda titrəyirdi. Əlləri ilə çiyinlərini qucaqladı: “Bu duman haradan çıxdı, görəsən?” Üzü səmaya beynindəki zümzüməni mızıldanıb yerində yırğalandı. Sonra qatı dumanın arasında gah itib-batan, gah da çıxan aya sarı boylandı. Dodaqlarından qopan kəlmələr gecənin sükutunda əriyəndə öz səsindən ürpəndi:
-Özün bilirsən. Çətindir mənə bu bədəni daşımaq. Bu yazıq bəndənin üzünü güldür. Müşkülləri asan, uzaqları yaxın elə... Sən aç, aç görünməyən qapıları, aç... Yalvarıram... Daha şikayət etməyəcəm çirkinliyimdən, söz verirəm bu Dolunaya, söz verirəm bu gecənin bəyaz müqəddəsliyinə... Daha ağlamayacam... Bircə sən bəxtimi aççç... Mənə qadın olmağın dadını yaşat!

Bu, yalvarış ya duadan çox üsyana bənzəyirdi. Özünü tanıyandan utancaq biri idi. Anlaya bilmirdi ki, indi bu sözləri haradan tapır. Elə bil, onlar içinin hansısa kip bağlanmış qatından buxarlanıb səslənirdilər. Elə bil, çoxdandır boğazına tıxanmışdılar, bir himə bəndmiş kimi bayıra tökülürdülər. Gözlərini yumub hıçqırırdı. Hıçqırıqları arasından dediyi sözlər ərşə qalxıb əks-səda verirdi. Birdən göylər nərə çəkib guruldadı. Əvvəl tək-tək iri damlalar düşdü üzünə. Sonra uzun, bəyaz gecəliyi nəm olub bütün vücudunu sardı. İndi bədəninin zərif xətləri apaydın sezilirdi. Səmaya nəqşini salan ildırımları seyr edə-edə ovuclarını göyə uzatdı:
- Eşitdin sən məni... Çox sağ ol...

Sonra göylər tədricən susdu. Az öncə şırhaşırla yağan yağış da ətəklərini yığıb-yığışdırdı. Sükut sardı hər yanı. Duman da çəkildi. Əl atıb üz-gözünü sildi. Barmaqları ilə yaş saçlarını arxaya daraqladı. Bu nə qəribə şirniyyat qoxusu idi burnunu dalayırdı. Ən sevdiyi ətir. Gecənin bu vədəsində belə gözdən, könüldən uzaq yerdə kim şirniyyat bişirə bilərdi? Darvazadan içəri ayağını qoyanda qarşılaşdığı mənzərənin təsirindən yerə yapışdı. İlahi, evinin önündə dayanan bu qorxunckim idi? Kim yox,nəidi? Həmin an yaşadıqları qorxudan da betər duyğu idi. Dodaqlarını balıq kimi açıb-yumurdu. Qışqırmaq istəyirdi, nitqi qurumuşdu ancaq. Qaçmaq istəyirdi, bədəni müvazinətini itirmişdi. Arxası üstdə yıxılıb bu qorxunc varlığın ay işığının aydınlığında qırpqırmızı, hədəqəsindən çıxmış baxışlarlaüstünə gəldiyini izləyirdi. Ürək döyüntülərini qulaqlarında eşidirdi. O yaxınlaşdıqca vanil qoxusu da çoxalırdı. Günay udqunub gözlərini bərk-bərk yumdu. Qüvvətli bir əl onu havaya qaldırırdı. “Bu da son” deyə ani fikir keçdi beynindən. Amma sonra qəribə bir xəfiflik hissi gəldi. Yüngülləşdi, bütün qorxularından, narahatlıqlarından arındı. Həlim, hətta həzin bir səs eşitdi:
- Qorxma. Rahat ol. Sənə pislik etmək istəmirəm. İcazə ver, yanında olum.

Səs ruhuna yağ kimi yayıldı. “Kim idi bu? Niyə “Yanında olum” dedi? Amma necə doğma gəldi bu səs. Məlhəm kimi...”

Bu doğmalıq hissi içini çuğlayır, ana bətnindəymiş kimirahatlıq bəxş edirdi. Göz qapaqlarını ehtiyatla araladı. Bədheybət bir əli ilə onu havaya qaldırmış, digər əlini Günayın ürəyinin üstünə qoymuşdu. Ağır barmaqlarının təmasından qadının sinəsinə istilik axırdı. Qorxunc varlığın boyu yəqin ki, dünyanın ən ucaboy insanı ilə eyni tutulardı. Dümağ bədəni büsbütün dərisiz və əzələlərdən ibarət idi. Dodaqların yerində qırmızı bir xətt, burnu sadəcə iki böyük dəlik, əllərində üç barmaq və uzun qırmızı dırnaqlar vardı. Çiyinlərini örtən saçlarına gümüşü parıltı tökülmüşdü sanki. Ən dəhşətli isə gözləri idi. Normal insan gözündən dəfələrlə böyük, qıpqırmızı bəbəkləri od saçırdı. Amma nə qəribədir, bu od qorxutmurdu, maqnit kimi özünə çəkirdi. Elə bil, vaxt donmuşdu. Yer öz oxundan çıxmışdı. Hə, bu mövcud dünyanın içində başqa dünya, mövcud zamanın içində başqa zaman kəsiyi idi. Bütün anlayışların və nəsnələrin fövqündə və yalnız onlara bəlli. Onun nə cinsini, nə kimliyini, nə də xarakterini bilirdi. Bircə bildiyi o idi ki, ilk dəfə, valideynlərindən başqa ilk dəfə bir varlığın qolları arasında idi. Ən son kim qucaqlamışdı onu, xatırlamırdı. Hər gün silib-süpürdüyü, təmizliyinə baxdığı iş yerində adını belə soruşan olmurdu. Onları sadəcə onun qüsursuz xidməti maraqlandırırdı. Hələ gənclər öz aralarında ad da qoşmuşdular ona: “Miçurin”. Bu adı üzünə deməsələr də, o gələn kimi pıçıldayıb gülüşürdülər. Məktəbdə botanika dərsində keçmişdi ki, Miçurin soyadlı alim calaqla yeni almanövləri yetişdirirmiş. Yəqin onun almalara meyli ilə bağlı idi bu qurama adı. Günorta fasiləsində hər gün iki-üç alma yeyirdi. Anası deyərdi ki, alma minbir dərdin dərmanıdır. Hər dəfə alma barəsində soruşanlara bu bəhanəni ağızucu danışırdı. Amma alma sevdasının səbəbi bu deyildi. Uşaq vaxtı atasının oxuduğu, bəzən də özündən uydurduğu nağıllar idi əsas səbəb. Bunu müəyyən yaşa dolandan sonra dərk etmişdi.O nağıllardakı almalar real almalardan fərqlənirdi. Onlar qızıldan idi, sehrli idi, göydən düşürdü, özü də üç-üç. O almaları yeyən eybəcərlər gözəlləşir, xəstələr şəfalanır, ölüm yatağında olanlar dirilik qazanırdılar. İçdən-içə inanırdı buna. İnanırdı ki, yediyi almalardan heç olmazsa biri sehrli olacaq və onu bu sevimsiz görkəmindən gözəllər gözəlinə çevirəcək. Bəlkə də ondan qat-qat qəşəng olan anasına bənzəyəcək. Anası ona yana-yana “atasısifət” deyərdi: “Gül kimi ananı qoyub, getdin ona oxşadın. Belə də qız olar...” Hə, zahirən də, təbiətcə də çox bənzəyirdilər atası ilə. Anası düz deyirdi, atası kimi sakit, qapalı idi. Bəlkə də evin tək uşağı olduğuna görə belə böyümüşdü. Valideynləri o, məktəbdə oxuyanda yol qəzasında dünyadan köçmüşdülər. Onlardansonra qonşuları, qohumları, dostları – heç kim qalmamışdı ətrafında. Görünüşünə görə özü də sıxılırdı, ondan da sıxılırdılar. Bəlkə də buna görəkitablara, yazı-pozuya maraqlı olsa da, universitetin daşını birdəfəlik atdı. Nə hazırlaşdı, nə imtahan verdi. Təmizlikçi kimi işə başladı. Əlinin əməyi ilə özünü dolandırırdı. Sonra da şəhərin gur yerindəki evlərini satıb içini oyan uşaqlıq xatirələrindən və hər kəsdən uzaq, sakit bir məkanda xudmani yuva qurdu.Barışmışdı talesiz taleyi ilə. Dünyanın fiziki keyfiyyətlərə önəm verdiyi bir zamanda təkliyinə çoxdan alışıq idi. Atmışdı bər-bəzəyin daşını, həm sevib-sevilmək sevdasını. Amma demək ki, nəvazişə bakirə bədəni bir isti nəfəs harayında imiş. Qırx illik qızlıq həyatında ilk dəfə bir məhrəm toxunuş yaşayırdı. Özünə boylandı. Elə bil işıq seli dolanırdı vücuduna. Nöqtə-nöqtə, parıltılı. O işıq selinə bürünüb parıldayırdı. Parıldayırdı ovucları. Parıldayırdı saçları. Hiss edirdi ki, bədəni yavaş-yavaş təslim olur içinə dolan bu işığa. Kitablarda oxumuşdu ki, qadın həzz yaşayanda gözəgörünməz qanadları peyda olur, ya da qarnında kəpənəklər uçuşur. Deyəsən, ona bənzər hisslər yaşayırdı indi, bəlkə də daha parlaq bir spektorda. Bu dəqiqələrdə nəfəsi də sürətlənmişdi, alnı da tərləmişdi. Sonra halsızlaşdı vəbiixtiyar gülümsündü bu qəribə vəziyyətinə. Qorxunc varlıq əlini onun ürəyinin üstündən götürdü, yenə o həlim səslə dilləndi:
- İndi yaxşısan? Qorxun keçdi?

Amma nə sirri-Xudadırsa, ağzı tərpənmədi danışanda. Sadəcə gözləri baxdı.
- Hə.
- Bəlkə tanış olaq?
- Sən kimsən?
- Adım İşıqdır. Sənin diləklərini eşidib gəlmişəm.

Yenə ağzı tərpənmirdi. Günay dikəlib qorxunc varlığın qucağında oturdu:
- Məni haradan tanıyırsan ki?
- Mən sənin ruhunu bilirəm. O ruhu duyduğum üçün buradayam.
- Necə yəni? Anlamadım.
- Bunu başa salmaq bir az qəliz olacaq.

Çalışaram, qısa şəkildə izah edim. Mən başqa qalaktikadanam.
- Başqa qalaktikadan?
- Hə. Planetimizin də adı İşıqdır. Bizim qalaktikada hər şey fərqlidir. Məsələn, zaman, məkan anlayışı. Sizdə aylarla gedən proses bizdə ani yaşanır. İstədiyimiz məkanı beynimizdə canlandırıb, oranın koordinasiylarını müəyyənləşdirib, keçid edə bilirik. Bax mən də bura elə gəlmişəm.

Günayın gözləri böyüdü. Qaşları çatıldı. Bu nə möcüzə idi içinə düşmüşdü?
- Siz insanlar kimi düşünmürsüz onda?
- Hə, həm də yox. Biz sizin düşüncələrinizə bələdik. Bilirik ki, sizin üçün qoxular, səslər önəmlidir. Biz o qoxulara, səslərə bürünə bilirik.
- Hm. Belə de. Demək, ona görə səndən belə ətir gəlir, hə?
- Aha. Sənin beyninə xoş gələcək bir rayihə, bir səs tonu yaratmışam. Və sən istədiyin zamana qədər bu, belə də davam edəcək. Əslində mən qoxusuz və səssizəm.
- Bəs niyə buradasan?
- Buradayam, çünki bu boyda qalaktikada bir tək sən mənim ruhumla eyni dalğadasan. Sizin düşüncənizlə desəm, yarımsan.
- Bu nə cəfəngiyyatdır ? Lap tutaq ki, eyni dalğadayıq. Bunu necə təyin etdin ki?
- Bax bizim sizlərdən bir çox fərqimiz var. Siz ərzaqlarla qidalanırsız, biz kainatdan və digər məxluqlardan aldığımız müsbət enerji ilə. Siz əyninizə cürbəcür geyimlər geyinirsiz, biz olduğumuz kimi gəzirik. Siz danışaraq susursuz, biz susaraq danışırıq. Siz qazlarla nəfəs alıb-verirsiz, biz enerji ilə. Siz əyləncəni çoxluqda görürsüz, biz öz ruhumuzda və ruh yarımızda.

İşıq danışdıqca Günay onun müqayisələrini təəccüb və maraqla dinləyirdi.
- Ən böyük fərqimiz də ondadır ki, siz görüntüyə aşiq olursuz. Biz isə ruhları görürük, ona görə də bədəni deyil, ruhu sevirik. Daha doğrusu, rəngi, ölçüləri, enerjisi ruhumuzdan olanları. Bunun üçün xüsusi bir qurğu var əlimizdə. İstənilən görüntünün üstünə qoyanda əlimizdən keçən dalğalar təyin edir ki, həmin ruhla eyni dalğadayıq ya yox... Mən uzun müddət idi, araşdırırdım öz ruhumun yarını və sənin təsvirində tapdım. Təsəvvür belə etmirsən, necə gözəl ruhun var sənin, Miçurin...
- Bu zəhləmgetmiş adı hardan bilirsən? Mənim adım Günaydır.
- Nəinki bu adı, sənin milliyyətini, adətlərini, xasiyyətini, keçmişini, indini, hətta almalara olan xüsusi sevgini də bilirəm. Amma etiraf edim ki, Miçurin adı olmasaydı, səni daha gec tapardım. Axtarış proqramları tanınmış şəxslərə daha tez reaksiya verir. Məni bura gətirən sənin kainata göndərdiyin düşüncələrin trayektoriyasıdır. Mən o düşüncələrin ötürdüyü enerji dalğalarının izinə düşüb bura keçid edə bilmişəm.
- Beynim çox qarışıq. Amma yavaş-yavaş nəsə anlayıram. Bəs bayaq mənim yaşadığım o həzz?
- Bunu qəfil yaşadıq. Ani oldu. Və sənin öz istəyinlə. Biz buna “ruhların aktı” deyirik. Yəni sadə dillə desəm, siz insanların fiziki münasibətiniz bizdə baxışlar toqquşan zaman və hər iki tərəf ruhən təslim olduqda baş verir. Hiss həmin hissdir, sadəcə proses fərqli. Danışmaqdansa, əlini ver, sənə ruhumuzu göstərim.

İşıq Günayın əlini öz əlinə toxundurdu. Dərhal bir panel açıldı. Günay gözlərinə inana bimirdi. İki bəyaz eyni ölçülü işıq üzbəüz dayanmışdı. Demək, bayaq gözünə görünən işıq seli əbəs deyilmiş. Pıçıldadı:
- Necə də möhtəşəmdir. Demək, budur sevgi... Əvvəllər sevginin nə olduğunubilməmişəm, bu duyğunu heç vaxt dadmamışam mən...
- Sevgi Tanrıdan fitrətimizə yazılmış bir qığılcımdır. Zamanı gəldikdə alışır. Bizdə bu hiss qutsal sayılır və işığımızın ən son zərrəsi bitənə kimi davam edir. Ona görə də biz ruh yarımızı tapanda onun üstündə əsirik, çünki o, bizim həyat qaynağımız. İşığımızı ondan alırıq.
- Bizdə isə tam əksinə. Əldə etdikdən sonra sevgi adiləşir və tərəflər bir-birindən soyuyur, əvvəl xəyanətlər başlayır, sonra ayrılıqlar.
- Deyirlər ki, gözəl bir ruha aşiq olan ona ömür boyu sadiq qalar. Çünki sevdiyi şey əbədidir... Bizim planetimizdə böyük günəbaxan tarlaları var. Bütün günü üzü Günəşə dayanırlar. Ondan işıq almaq üçün. Qaranlıqda isə yanlarındakı günəbaxana dikilirlər. Bir-birinə işıq ötürmək üçün. Biz birinə günəbaxan bağışlayanda demək istəyirik ki, mənim işığım olarsan?

İşıq bunu deyib əlinin içini Günayın üzünə yaxınlaşdırdı. Günay onun ovcunda yaranangünəbaxan təsvirlərinə baxıb qızardı:
- Tutaq ki, razılaşdım. Bəs bu münasibət necəolacaq? Sən yadplanetli, mən isə burada. Bu, mümkünsüzdür.
- Mümkünsüz heç nə yoxdur. Sən istədiyin vaxt bizim portala keçib, istədiyin vaxt öz dünyana qayıda biləcəksən...

Beləcə sübhü bərabər açdılar. Günay özünü nə vaxtsa belə xoşbəxt hiss etdiyini, kiminləsə belə rahat ünsiyyət qurduğunu xatırlamırdı. Bircə ondan əmin idi ki, bu qeyri-adi tanışlıq həyatının ən gözəl doğum günü hədiyyəsi oldu. Ona elə gəlirdi ki, bu gün Günəş də bir başqa parlayır, səmadan onlara baxıb gülümsəyir. Və bu təbəssümün işığında o, özü də Günə dönürdü. Köksündə közərən bir əlçim işığa tutunduqca içi gülür, çöhrəsi gözəlləşirdi. İndi o, dərindən nəfəs almağa qorxurdu. Birdən burnundan, dodaqlarından uçar, damla-damla azalar işığı, uzun-uzadı baxmağa da hürkürdü ki, gözlərindən zərrə-zərrə axıb gedər. Əlləriylə gözlərini, sonra ağzını, gah da burnunu tuturdu. Ki qalsın İşıqdan gələn işığı. İçini bir azca da isitsin.

Şər qarışana qədər Günay onu düşündürən bütün suallara cavab tapıb önəmli qərarlar qəbul etdi. O, artıq İşığın görünüşünün, başqa planetdən gəldiyinin fərqində deyildi. Sanki ömrü boyu məhz bu ruha təslim olacağı məqama doğru yol gəlmişdi. Ona elə gəlirdi ki, bir-birlərini illərdir tanıyırlar və aralarında gözlə görünməyən sehrli bağ var. Günay İşığın yanında öz qorxularını, həqiqi kimliyini ört-basdır edən soyuq maskalarını soyunub atmışdı. İndi içindən çıxan bu cəsarətli, cilvəli qadına özü də təəccüb edirdi. Nəhayət, həlledici an yetişdi. Həyətdə üzbəsurət dayanmışdılar. İşıq Günayın əlini özününkü ilə qoşalaşdırdı:
- Elə bil işıq seli dolanır vücuduma.
- Demək, proses başladı. Artıq bizim portala keçirsən. Hazırsan yenilənməyə, ruhuna təslim olmağa?
- Hazıram...

Barmaqlarının arasından havada işıq seli yarandı. İndi Günayın dodaqları susur, gözləri isə qəribə bir parıltı ilə gülümsəyirdi. Sonra elə bil şar partlayan kimi bir səs eşidildi. Qəribə səsdən diksinən pişik bayaqdan yatdığı ağac koğuşundan çıxdı, həyətin ortasına sərilmiş bəyaz gecəliyi qoxlaya-qoxlaya miyoldadı.

24.01.2026.

Seçilən
34
kulis.az

1Mənbələr