AZ

Mediada Azərbaycan dili mövzusunda növbəti təlim Qubada keçirilib

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında "Mediada Azərbaycan dili" proqramı çərçivəsində növbəti təlim Qubada keçirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, tədbir Quba-Xaçmaz regionu üzrə media qurumlarının və dövlət strukturlarının mətbuat xidmətlərinin iştirakı ilə təşkil edilib.

Təlimin əsas məqsədi medianın ana dilinin qorunmasındakı rolunu, bu sahədə yanaşmaları və inkişaf istiqamətlərini müzakirə etmək, mövcud problemləri araşdıraraq üzə çıxarmaq olub.

Teleradio Akademiyasının direktoru Almaz Nəsibova çıxışında proqramın başlıca məqsədinin Azərbaycan dilinin qorunması olduğunu vurğulayıb. O, təlimlərin sonunda aparılan monitorinqin nəticələrinə əsasən müəyyən tədbirlərin görüləcəyini bildirib.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova çıxış edərək rayonun dilə və mediaya olan həssas münasibətindən danışıb. O qeyd edib ki, Qubada müxtəlif ləhcələr mövcud olsa da, hər kəs ana dilinə hörmətlə yanaşır və dilin düzgün istifadəsinin təbliği vacib istiqamət hesab olunur.

BDU-nun kafedra müdiri, dosent və Teleradio Akademiyasının "Fokus" qrupunun rəhbəri Aynur Nəsirova təlimlərin müzakirə xarakteri daşıdığını bildirib. Onun sözlərinə görə, yekunda əldə olunan nəticələr dilçi alimlər və mütəxəssislərlə birlikdə təhlil ediləcək.

"ARB Günəş" telekanalının direktoru Məhsim Məhsimov vurğulayıb ki, jurnalistlər və efirə çıxan şəxslər dil normalarına ciddi riayət etməlidir. O, uşaq auditoriyası üçün yayımlanan proqramlarda dilin düzgün çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib və yerli cizgi filmlərinin bu istiqamətdə rolunu diqqətə çatdırıb.

Əməkdar jurnalist Aytəkin Alxaslı ana dilinin inkişafı ilə bağlı bölgələrdə apardığı maarifləndirici fəaliyyətlərdən danışıb. O bildirib ki, bu sahədə görülən hər bir iş dilin qorunmasına xidmət edir.

ADPU-nun Quba filialının Filologiya kafedrasının baş müəllimi Eyvaz Şeydayev isə çıxışında ana dilinin qorunması üçün maarifləndirici, təbliğati və inzibati tədbirlərin vacibliyini qeyd etdi. O, dilin cəmiyyət üçün əsas dəyər olduğunu vurğulayaraq bu istiqamətdə hər kəsin məsuliyyət daşıdığını bildirib.

Təlim çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, medianın dil siyasətində rolu geniş müzakirə olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
32
cebheinfo.az

10Mənbələr