Aprel ayında özümüzü niyə pis hiss edirik?
"Ölkə.az" xəbər verir ki, bu barədə rusiyalı nevroloq, psixoterapevt və narkoloq Lyudmila Kokotkina danışıb.
Onun sözlərinə görə, "aprel yorğunluğu" orqanizmin müvəqqəti vəziyyətidir ki, sürətli yorğunluq və gündüz yuxululuğu ilə xarakterizə olunur. Lakin bunu xəstəlik kimi qəbul etmək lazım deyil - belə vəziyyət mövsümün dəyişməsindən qaynaqlanan stresin, hormonal sistemin ümumi güc çatışmazlığı fonunda yay rejiminə uyğunlaşmasının, eləcə də orqanizmdə vitamin çatışmazlığının nəticəsi ola bilər.
Lyudmila Kokotkina, həmçinin əlavə edib ki, yazda, bir qayda olaraq, insan bədənindəki periferik damarlar genişlənir və bu da qan (arterial) təzyiqinin aşağı düşməsinə səbəb ola bilər. Bu isə həmişə yuxululuq və yorğunluqla müşayiət olunur.
Öz növbəsində klinik psixoloq və psixoloq-pedaqoq Anton Korovin aprel ayında ortaya çıxan melanxoliya və depressiya arasındakı fərqi izah edib. Birinci halda, insan həftəsonundan, yaxşı yuxudan və ya gəzintidən sonra özünü dincəlmiş hiss edə bilər, eləcə də "aprel yorğunluğu" zamanı ləzzətli yemək, yaz günəşi kimi kiçik şeylərdən sevinc hissi yaranır. Həkim məsləhət görüb ki, əgər istirahət bərpa olunmağa kömək etmirsə, öz dəyərsizliyi və ya həyatın mənasızlığı haqqında düşüncələr üstünlük təşkil etməyə başlayırsa, o zaman həyəcan təbili çalmaq lazımdır.