AZ

H.Ağaverdiyev adına 113 nömrəli tam orta ümumtəhsil məktəbində Aprel şəhidləri anıldı - FOTO

​H.Ağaverdiyev adına 113 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin qəlbində vətən sevgisini alovlandıran, şəhidlərimizin müqəddəs xatirəsinə sonsuz ehtiramı tərənnüm edən möhtəşəm tədbir keçirilib.

Herbiand.az xəbər verir ki, tədbirdə bir sıra qonaqlarla yanaşı, fəxri qonaq qismində Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini, general-mayor Arif Həsənov da iştirak edib.

Məktəbin həyətində əsl hərbi nizam-intizam və vətənpərvərlik ab-havası yaşanıb. Tədris ocağının hərbi "Şahinlər" komandası qonaqları yüksək fəxarət və hərbi intizamla salamlayıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra həyətdə ucaldılan şəhid abidəsi önünə gül dəstələri düzülüb. "Şahinlər"in təqdim etdiyi təntənəli keçid və hərbi parad hər bir iştirakçının qəlbində böyük qürur hissi yaradıb. Hərbi marşdan sonra məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət təşkil olunmuş rəsm sərgisi də qonaqlar tərəfindən maraqla qarşılanıb.

Ən təsirli və yadda qalan anlar məktəbin daxilində yaşanan səmimi görüşlər olub. General-mayor Arif Həsənov elm ocağına ilk qədəmlərini qoyan, gözləri gələcəyə ümidlə baxan birinci sinif şagirdləri ilə görüşüb, onlara uğurlar arzulayıb. Lakin günün ən kövrək məqamı, şübhəsiz ki, bizlərə şəhidlərimizdən ən müqəddəs miras qalan, qəhrəmanlıq simvolu olan şəhid övladları ilə görüş idi. General onlarla səmimi söhbət edərək, hər birinin Azərbaycan dövləti üçün nə qədər dəyərli və əziz olduğunu bir daha diqqətə çatdırıb.

Tədbirin bədii hissəsi məktəbin akt zalında davam edib. Məktəbin direktoru G.Rüstəmova qonaqları salamlayaraq tədbiri açıq elan edib. Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edildikdən sonra Dövlət Himni səslənib. G.Rüstəmova çıxış edərək xalqımızın qəhrəmanlıq səlnaməsi haqqında danışıb. Sonra söz məktəbin hərbi rəhbəri, Aprel döyüşləri iştirakçısı ehtiyatda olan kapitan E.Şıxəliyevə verilib. O, keçdiyi hərbi əməliyyatlar barədə xatirələrini qürur və fəxarət hissi ilə bölüşüb.

Daha sonra tədbirin ən yadda qalan və hər bir iştirakçının qəlbinə nüfuz edən məqamı Milli Müdafiə Universitetinin rektorunun elm və təhsil üzrə müavini, general-mayor Arif Həsənovun şagirdlər qarşısında etdiyi möhtəşəm çıxış oldu. Bu müraciət sadə bir nitq deyil, gənc nəsil üçün əsl vətənpərvərlik, mənəviyyat və milli kimlik dərsi xarakteri daşıyırdı.

A.Həsənov öz çıxışında vətənpərvərliyin sadəcə bir duyğu deyil, hər bir vətəndaşın çiyinlərinə düşən müqəddəs bir məsuliyyət olduğunu qeyd edərək bildirdi ki, Vətənə xidmət təkcə döyüş meydanında deyil, həm də elmdə, mədəniyyətdə və quruculuq işlərində özünü büruzə verməlidir. Şagirdlərə müraciət edən natiq yaxşı oxumağın, nizam-intizamlı olmağın və milli dəyərlərə sadiqliyin Vətənə xidmətin ən ali pilləsi olduğunu xüsusi vurğuladı. Onun fikrincə, Vətənini sevən hər bir gənc ilk növbədə öz partası arxasında hazırlıqlı olmalı, dünyanı fəth edəcək elmlərə yiyələnməli və öz sahəsinin fədaisi olmaqla, dövlətin sarsılmaz sütununa çevrilməlidir.

Çıxışın ən maraqlı hissələrindən biri şagirdlərlə aparılan tarixi müqayisələr və interaktiv diskussiya oldu. Keçmişimizin şanlı səhifələrinə nəzər salan qonağımız, tarixi faktlar işığında gənclərlə birlikdə müxtəlif dövrlərin hərbi və siyasi mənzərəsini təhlil etdi. Bu canlı dialoq zamanı Azərbaycanın keçdiyi çətin və şərəfli yol, qazanılan qələbələrin strateji əhəmiyyəti müasir dövrün reallıqları ilə müqayisə olundu. Belə bir müqayisəli təhlil gənclərdə həm milli qürur hissini gücləndirdi, həm də onlara keçmişdən dərs çıxararaq gələcəyi daha sağlam təməllər üzərində qurmağın yollarını göstərdi.

Bu dolğun və məzmunlu çıxış zalda əyləşən hər bir şagirdin simasında sönməz bir işıq, gözlərində isə böyük bir qətiyyət yaratdı. Təcrübəli hərbçinin hər bir kəlməsi gəncləri təkcə hərbi sahəyə deyil, ümumilikdə Vətənə layiq bir şəxsiyyət kimi yetişməyə səsləyən strateji bir yol xəritəsi oldu. Bu "Ustad Dərsi" şagirdlərin yaddaşına bir ömürlük vətənə sədaqət andı kimi həkk olundu.

Bundan sonra şagirdlərin böyük həvəslə hazırladığı, Aprel döyüşlərinin şanlı səhifələrini, Azərbaycan əsgərinin yenilməz gücünü və ümumi vətənpərvərlik mövzusunu əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Səsləndirilən şeirlər və canlandırılan səhnəciklər gənc nəslin öz tarixinə, Zəfər salnaməmizə nə dərəcədə sadiq olduğunu və milli ruhda formalaşdığını bariz şəkildə nümayiş etdirib.

​Bu unudulmaz gün şagirdlərin yaddaşında həm hərbi şücaətə hörmət, həm də sarsılmaz vətən sevgisi olaraq həkk olunub.

Sonda məktəbin şagirdlərinin əl işləri qonaqlara təqdim edildi.



Seçilən
33
herbiand.az

1Mənbələr