“Nizami Kino Mərkəzi ətrafında divarlara rəsmlərin və yazıların çəkilməsi ilə bağlı məsələ geniş müzakirələr doğurub. Belə ki, bir qisim insan hətta bu işi müdafiə edir və bildirir ki, dünyanın bir çox ölkələrində küçə rəssamlığının belə formada həyata keçirilməsi halları var. Lakin burada müəyyən məqamlar var ki, izah olunmalıdır.
Birincisi, paytaxt şəhərin mərkəzi hissələrində, xüsusilə əsas prospekt və küçələrdə, həmçinin tarixi və ya inzibati əhəmiyyət daşıyan binaların üzərində, yaşayış binalarının birinci mərtəbələrində, hasarlarında, yan divarlarında, qapılarında və dəhlizlərində bu cür küçə rəssamlığının aparılması yolverilməz hesab olunmalıdır. Əgər belə hallara icazə verilərsə, bu zaman şəhər mühitində nəzarətsiz vizual təsvirlər artar və ümumi estetik görünüşə mənfi təsir göstərər”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Ümumdünya Reklamçılar Birliyinin üzvi, memar Cahid Həsənov deyib. O bildirib ki, əgər məqsəd incəsənətin inkişafıdırsa, bu zaman məşhur Azərbaycan rəssamlarının əsərləri vasitəsilə şəhərdə müəyyən estetik mühit yaratmaq olar və bu proses daha təşkilatlanmış şəkildə həyata keçirilməlidir:
”Əks halda, bu sahədə çıxış edən bəzi şəxslərin məlumatsız olması da istisna edilmir.
Bu gün Azərbaycanda açıq məkan reklamlarına nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilir. Bu qurum müxtəlif təyinatlı reklam daşıyıcılarında yerləşdirilən məlumatlara nəzarət edir və müəyyən qaydalar tətbiq edir. Eyni zamanda tarixi binaların fasadlarında, divarlarında, qapılarında və digər hissələrində bu kimi müdaxilələrin qarşısı alınmalı, belə hallara görə ciddi cərimələr tətbiq olunmalıdır.
Digər tərəfdən, bu sahəyə nəzarət edən qurumlar tərəfindən xüsusi ərazilər ayrılmalıdır ki, küçə rəssamlığı ilə məşğul olan şəxslər öz fəaliyyətlərini məhz həmin məkanlarda həyata keçirə bilsinlər. Bu ərazilərdə rəssamlar həftəlik, aylıq əsasda öz işlərini sərgiləyə, yaradıcılıqlarını nümayiş etdirə və sosial şəbəkələrdə paylaşa bilərlər. Bu, həm onların fəaliyyətinə şərait yaradar, həm də şəhər mühitində nizamsızlığın qarşısını alar".

Memarın sözlərinə görə, hazırda paytaxtda nə bu cür xüsusi məkanlar kifayət qədər mövcuddur, nə də bu sahədə geniş məlumatlandırma aparılır:
”Nəticədə bəzi küçə rəssamları boş və uyğun hesab etdikləri divarlarda öz işlərini həyata keçirirlər. Xarici ölkələrdəki təcrübəyə baxaraq bu yanaşmanı olduğu kimi tətbiq etmək düzgün deyil.
Xüsusilə turizm baxımından əhəmiyyətli olan şəhər hissələrində, milli memarlıq üslubuna malik binalarda bu cür müdaxilələr şəhərin ümumi estetik görünüşünə ciddi mənfi təsir göstərir. Bu, həmçinin binaların memarlıq xüsusiyyətlərini və fasad gözəlliyini pozur, hətta birinci mərtəbə səviyyəsində belə bu təsirlər aydın şəkildə hiss olunur. Nəticə etibarilə, bu sahədə məsul qurumlar tərəfindən ictimai maarifləndirmə gücləndirilməli, vətəndaşlara qaydalar barədə mütəmadi məlumat verilməli və küçə rəssamlığı üçün xüsusi ayrılmış ərazilərin yaradılması təmin olunmalıdır”.
Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binası bir qrup şəxs tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Onlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, "Landau School"un 11-ci sinif şagirdi Münəvvər Taleh qızı Bərxudayeva, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, "Landau School"un 10-cu sinif şagirdi Layla Samir qızı Muradi, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Şəfiqə Farid qızı Qaraşlı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.
Şahanə Rəhimli
Musavat.com