AZ

Kürdəxanı məktəbində maarifləndirici tədbir keçirilib - FOTO

Aprelin 3-də Kürdəxanıda yerləşən H.Ağaverdiyev adına 113 nömrəli tam orta ümumtəhsil məktəbində yuxarı sinif şagirdləri üçün hərbi peşəyə yönləndirmə mövzusunda maarifləndirici görüş keçirilib.

Herbiand.az xəbər verir ki, görüşün əsas məqsədi şagirdləri hərbi təhsil müəssisələri və zabitlik peşəsinin perspektivləri ilə tanış etmək olub.

Görüşdə Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov geniş məruzə ilə çıxış edib. O, çıxışında müasir hərbi təhsil müəssisələrində yaradılmış yüksək standartlara cavab verən tədris şəraiti, müasir hərbi texnologiyaların mənimsənilməsi üçün mövcud olan geniş imkanlar və kursantlara göstərilən hərtərəfli dövlət qayğısı barədə ətraflı məlumat verib. Eyni zamanda, məktəblərin beynəlxalq səviyyəli əməkdaşlıq platformalarına inteqrasiya olunduğunu və gələcəyin zabitləri üçün geniş inkişaf perspektivləri açdığını diqqətə çatdırıb.

​Sonra Milli Müdafiə Universitetinin tədbirdə iştirak edən hərbi qulluqçusu mayor Təbriz Müslümov çıxışı zamanı Azərbaycan Ordusunun müasir inkişaf səviyyəsi, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən təhsil müəssisələri, qəbul qaydaları və təhsil prosesinin xüsusiyyətləri barədə ətraflı məlumat verib. O, hərbi xidmətə qəbul üçün tələb olunan fiziki hazırlıq normativləri, psixoloji dözümlülük və seçim mərhələlərində diqqət yetirilməli olan məqamları şagirdlərin diqqətinə çatdırıb.

​Səmimi dialoq formatında keçən görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara gələcək karyera seçimlərində düzgün istiqamət götürmələri üçün dəyərli tövsiyələr verildi.

Maarifləndirici görüşdə aparılan müzakirələr zamanı vurğulanıb ki, zabit peşəsi təkcə iş yeri deyil, Vətənə xidmətin ən şərəfli və məsuliyyətli yoludur. Görüş şagirdlərin hərbi təhsilə olan marağının artırılması baxımından olduqca səmərəli keçib.

Tədbirin sonunda xatirə şəkli çəkildi.



Seçilən
38
herbiand.az

1Mənbələr