Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Publika.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı həbs olunub. Bu hadisəyə münasibətinizi bilmək istərdik...
- Bu vandalizm aktına yol verənlərin gənc qızlar olması məndə acı təəssüf hissi yaratdı. Qanun pozuntusuna yol verənlərin kimliyinin qısa bir müddətdə DİN əməkdaşları tərəfindən müəyyən olunması tərəfimdən təqdir olunsa da, baş vermiş hadisəyə görə cinayət işinin qaldırılması və ADA-nın 20 yaşlı ikinci kurs tələbəsi, bizə dost olan Belarusun vətəndaşı barədə həbs qətimkan tədbiri seçilməsi, xüsusilə bunun ictimai təzyiq altında edilməsi məni ciddi narahat etdi. Oxşar sərt qərar bir müddət öncə Bakıya turist kimi gəlmiş, Şəhidlər Xiyabanında sərxoş vəziyyətdə özünü yaxşı aparmamış, amma qəbirlərə ziyan vurmamış gənc bir Səudiyyə vətəndaşı barəsində də qəbul edilmişdi. O zaman da mən bu cür sərt qərarın qəbul olunmasının yanlış olduğunu söyləmişdim. Çox qəddarlaşmışıq, vəziyyəti dəyişməsək zamanla hamımız bunun acısını yaşayacağıq. Tarixi abidələri, xalqımızın müqəddəs saydığı yerləri bu cür sərt qərarlarla qorumağımız ölkəmizin mədəni imicini yüksəltmir, əksinə, ziyan vurur. Çünki insan azadlığı sivil dünya tərəfindən daha ali dəyər kimi qəbul olunur. Çox təəssüf ki, gənclər hərdən səhv edirlər və bəzən bu, qanun pozuntusu formasında özünü biruzə verir. Dövlət və cəmiyyət əməlin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq onları bağışlamağı bacarmalıdır. Çünki onların bütün həyatı qarşıdadır, onlara ikinci şans verilməlidir. Bir səhvə görə həbs etməklə, onun bütün həyatını məhv etmək olmaz. Şərq dünyasında qadına həmişə xüsusi münasibət olub. Onun vurduğu ziyan bərpa olunması çətin və ya mümükünsüz olan vandallıq aktı deyil. Yayılmış şəkillərdən görünür ki, qraffiti çəkilmiş nəmdən rəngi tökülən divarın yenidən rənglənməsinə onsuz da ciddi ehtiyac duyulur. Onu vurduğu ziyanı ödəməyə məcbur etməklə cərimələmək, ürəyimiz bununla soyumursa bir neçə günlüyə inzibati qaydada həbs etmək olardı. Mən ombudsmanı, ADA-nın rəhbərliyini, tələbələri o qızı müdafiə etməyə çağırıram. Həbs qətimkan tədbiri ən azından dəyişdirilməlidir ki, təhsilini davam etdirə bilsin. Onu həsdə saxlamağa nə ehtiyac var? Bəlkə məhkəmə azadlıqdan məhrumetmə ilə əlaqədar cəza təyin etməyəcək? Mərhəmət hissini itirməməliyik.