AZ

Uşaqlar üçün təhlükə: Valideynlərə xəbərdarlıq

“Uşaqlar kiçik yaşlarda tarazlıqlarını qoruya bilmədiklərinə görə tez-tez yıxılaraq travma alır və bu müxtəlif sınıqlara səbəb olur. Uşaq travmaları isə psixoloji, emosional, fiziki ola və uşağın gələcək inkişafına təsir edə bilər”.

“Yeni Sabah” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Nuşrəvan Şahverdiyev açıqlayıb. Onun sözlərinə görə, fiziki travmalar müxtəlif səbəblərdən yaranır və ciddi fəsadların olmaması üçün vaxtında müdaxilə lazımdır:

“Daha çox rast gəlinən səbəblər yıxılmalar, nəqliyyat və idman zədələridir. Uşaqlar kiçik yaşlarda tarazlıqlarını qoruya bilmədiklərinə görə tez-tez yıxılaraq travma alırlar və bu müxtəlif sınıqlara səbəb olur. Yuxarı və aşağı ətraf sınıqları ön sıralardadır. Yuxarı ətraf sınıqları çiyin, dirsək və bilək nahiyəsinin travmaları zamanı yaranır və hər nahiyənin yaşa uyğun olaraq fərqli müalicə üsulu var. Dirsək oynağı sınıqlarının müalicəsi daha çox diqqət tələb edir. Nəqliyyat travmaları yüksək enerjili travmalara aiddir böyük sümüklərin ən çox da aşağı ətraf sınıqları ilə müşahidə olunur. İdman zədələri isə hər hansı bir fiziki aktivlik zamanı yaranır. Məsələn, güləş zamanı körpücük, dirsək və bilək sınıqlarının rast gəlmə tezliyi digər sümüklərdən çoxdur”.

Həkim uşaqlarda sınıqların əlamətlərini belə sadalayıb:

“Uşaqlarda sınıq olan nahiyədə güclü və davamlı ağrı hiss olunur. Tərpənən zaman ağrılar daha da güclənir. Zədə bölgəsində ödem yaranır və dəri qızara bilər. Bu, toxumaların zədələnməsi və qan dövranının pozulması nəticəsində baş verir. Uşaq sınıq olan nahiyəni hərəkət etdirməkdə çətinlik çəkir və ya tamamilə hərəkət etdirmək istəmir. Yerdəyişmiş sınıqlar zamanı ətrafda deformasiyalar yaranır. Sınıq nəticəsində qan damarları zədələndiyi üçün göyərmələr əmələ gələ bilər. Bəzi hallarda sınıq bölgəsində qeyri-normal hərəkətlilik və ya sümüklərin bir-birinə sürtünməsi hiss oluna bilər ki, buna da krepitasiya deyilir”.

Tramvatoloq uşaqlarda rast gəlinən sınıqlar və müalicə formaları haqqında da məlumat verib:

“Uşaqlarda ən çox yuxarı və aşağı ətraflarda sınıq, çıxıq yaranır. İlk öncə bilək sınıqları haqqında məlumat verim. Bilək sınıqları uşaqlarda əl üzərinə düşmə zamanı yaranır, daha çox zədələnən mil və dirsək sümükləridir. Kiçik yaşlı uşaqlarda sümüküstlüyü qalın olduğuna görə adətən bu sınıqlar sümüküstlüyüaltı (subperiostal) olur və az yerdəyişmə ilə müşahidə olunur. Nümunə olaraq, “yaşıl budaq” sınığını göstərmək olar. Yerdəyişmə varsa sınıq qapalı düzəliş edilərək gips sarğısı ilə fiksasiya olunur. Said sümüklərinin müştərək sınıqları da müalicəsi uşağın yaşı az olduqda gips sarğısı ilə aparılır, amma daha böyük yaşlarda yerdəyişmənin xarakterindən asılı olaraq cərrahi müdaxilə tələb edə bilər”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
19
5
yenisabah.az

8Mənbələr