AZ

"Kızılcık şerbeti"nin aktyoru Azərbaycanla bağlı səhnədən danışdı

BAKI, 5 aprel. TELEQRAF

Türkiyəli məşhur aktyor Serkan Rutkay Ayıköz Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Serkan bəy, Bu Bakıya ilk səfərinizdir?

- Bəli, ilk dəfədir ki, qardaş ölkəyə gəlirəm. İnşallah növbəti dəfə də gəlməyi düşünürəm.

- "Kızılcık şerbeti" serialında azərbaycanlı "Abidin" obrazını canlandırırsınız. Bu xarakteri yaratmaq necə bir hissdir?

- Azərbaycanlı obrazını canlandırmaq üçün təklif "Kızılcık Şerbeti" serialının prodüseri tərəfindən edildi. Azərbaycan dilini öyrənmək üçün Nəzrin Əliyeva ilə əməkdaşlığa başladıq. Yayın sonlarından etibarən yeni mövsümə qədər obraz üzərində sistemli şəkildə işlədik. Bir-iki ay ərzində dili qulağımda səslənməyə başladı. Onsuz da dillərimiz bir-birinə bənzəyir. Bəzi cizgi filmlərini və retro mahnıları da dinlədikcə Azərbaycan dilini mənimsəməyə başladım. Nəticədə Azərbaycan dilində danışmaq və azərbaycanlı obrazını inandırıcı şəkildə canlandırmaq mənim üçün daha rahat oldu.

-Azərbaycan dilində sizi ən çox təsirləndirən və ya xüsusi anlam daşıyan bir ifadə varmı? Bu cümlənin sizin üçün əhəmiyyəti nə ilə bağlıdır?

- "Sən saydığını say, gör fələk nə sayır" atalar sözü çox xoşuma gəlir.

- Bəs, çətinlik yaşadığınız hər hansı söz varmı?

- "X" hərfi ilə bağlı bir az çətinlik oldu. Amma sonra asan oldu. Azərbaycan dilində daha tez danışmağa başladım. Serialda ssenari öncə türk dilində təqdim edilir, sonra Nəzrin xanım tərcümə edir. Hətta iki-üç ay sonra Nəzrin xanım düzəliş etmədən mən düzəltməyə başladım. İnşallah Azərbaycan dilində daha da yaxşı danışacam.

- Ən çox hansı sözlərimizi sevirsiniz?

- Mənim daha çox istifadə etdiyim "yıxıldım" sözünü çox sevirəm.

- "Abidin" obrazı ilə bağlı azərbaycanlıların reaksiyası necədir? Sizə sosial mediadan yazırlarmı?

- Bəli, sosial media üzərindən yazırlar ki, Azərbaycan dilində çox gözəl danışırsınız. İlk zamanlar bir az çətinlik oldu. Mənim də öyrəşməyim lazım idi. Hətta İstanbulda xəstəxanada iki azərbaycanlı ilə qarşılaşdım. Öncə onların azərbaycanlı olduğunu bilmirdim. Məndən soruşdular ki, "Siz azərbaycanlısınızmı?". Bəzən insanlar məni azərbaycanlı hesab edirlər. Çox xoşbəxt oluram, "Bir millət, iki dövlətik".

- Bir müddət əvvəl "Kızılcık şerbeti" serialında Azərbaycan mahnısı "Ay saçı burma" səsləndirildi və Asil obrazını canlandıran aktyorun səhnəsi Azərbaycanda birmənalı qarşılanmadı. Bu haqda nə deyə bilərsiniz?

- Əslində, həmin səhnə komediya janrına uyğun olaraq təqdim edilmişdi. Öncə səhnə səhv qəbul edilsə də düşünürəm ki, zamanla insanlar tərəfindən sevildi.

Seçilən
24
teleqraf.com

1Mənbələr