ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “C-295W” tipli xüsusi əməliyyat təyyarəsi İranın qərb bölgələri üzərində olduqca alçaq hündürlükdə uçarkən görüntülənib. Məlumata görə, sözügedən hava vasitəsi birbaşa ABŞ ordusunun 427-ci xüsusi əməliyyat eskadronu ilə əlaqəlidir. Bu bölmənin əsas fəaliyyət sahəsi düşmən ərazilərinə gizli şəkildə daxil olmaq, şəxsi heyətin yerləşdirilməsi və təhlükəli zonalardan təxliyə edilməsi missiyalarından ibarətdir.
NOCOMMENT.az xəbər verir ki, təyyarənin radar sistemlərindən yayınmaq üçün minimum yüksəklikdə hərəkət etməsi bölgədə həyata keçirilən gizli əməliyyatların tərkib hissəsi kimi qiymətləndirilir. Xüsusilə son günlərdə amerikalı pilotların xilas edilməsi üçün İran daxilində aparılan axtarış-xilasetmə tədbirləri fonunda bu uçuşların intensivləşməsi diqqət çəkir. Mütəxəssislər hesab edir ki, 427-ci eskadronun prosesə cəlb edilməsi İran ərazisində hələ də davam edən və ya yeni planlaşdırılan yüksək riskli “gizli sızma” əməliyyatlarının göstəricisidir. Hazırda İran hava hücumundan müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyi, lakin ABŞ-ın xüsusi təyinatlı təyyarələrinin hələ də bölgədə aktiv manevrlər etdiyi bildirilir.
Sara,
NOCOMMENT.az