BAKI, 5 aprel. TELEQRAF
Ukraynanın Macarıstana qarşı neft və qaz blokadası tətbiq etmək cəhdi cinayət, Avropa İttifaqının Rusiya enerji daşıyıcılarından imtina siyasəti isə açıq-aşkar axmaqlıqdır.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeşt Sitadelinin açılış mərasimində bildirib.
Onun sözlərinə görə, Macarıstan üzərinə eyni vaxtda üç istiqamətdən — şərqdən, cənubdan və qərbdən "qara buludlar" gəlir. Orban bu təhdidlər sırasına Ukraynadakı münaqişəni, İran ətrafındakı vəziyyəti və Brüsselin "siyasi iflasını" daxil edib.
V.Orban hesab edir ki, dünya enerji və maliyyə böhranlarının astanasındadır:
"Enerji olmasa, iqtisadiyyat dayanacaq. İqtisadiyyat dayansa, hər şey təhlükə altına düşəcək. Bu, təkcə həyat tərzimizi deyil, planlarımızı da pozacaq. Buna görə də ukraynalıların Macarıstana qarşı etdikləri — "Dostluq" (Drujba) neft kəmərinin bloklanması və "Türk axını" qaz kəmərinə hücumlar açıq-aşkar cinayətdir".
Macarıstan hökumətinin başçısı eyni zamanda Brüsselin "müharibəyönümlü" siyasətini və sanksiyaları davam etdirməsini ölümcül səhv adlandırıb:
"Brüsselin Macarıstandan Rusiya enerji daşıyıcılarından imtina etməsini tələb etməsi tam bir axmaqlıqdır".
Viktor Orban Macarıstan üçün yeganə çıxış yolunu hərbi münaqişəyə qarışmamaqda və Brüsselin "divanə" enerji siyasətində iştirak etməməkdə görür. O, aprelin 12-nə təyin edilmiş parlament seçkilərində qələbə qazanacağı təqdirdə bu kursu davam etdirəcəyinə dair vətəndaşlarına zəmanət verib.