BAKI, 5 aprel. TELEQRAF
Bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyada Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı son günlərdə səsləndirilən fikirlərə dair şərhində deyilir.
Nazirliyin şərhində vurğulanır:
"Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il 1 günlük antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq, tam bərqərar olub.
Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki, Rusiya Federasiyası daxil olmaqla, heç bir ölkə, heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb.
Azərbaycanın suverenliyinə aid olan məsələlərin Rusiya-Ermənistan münasibətlərinin sadə olmadığı hazırkı dövrdə ictimai müstəvidə münasibətlərin aydınlaşdırılması predmetinə çevrilməyəceyinə dair gözləntilərimizi bir daha Rusiya tərəfinin diqqətinə çatdırırıq".