Stokholm, 5 aprel, AZƏRTAC
Hələ orta əsrlərdən etibarən Azərbaycan Yusif Qarabaği və Məhəmməd Yusif Şirvani kimi görkəmli həkimləri ilə tanınıb. Sonrakı dövrlərdə bu şöhrəti Mustafa Hacıqasımov, Mustafa Topçubaşov, Zərifə Əliyeva və adları ölkəmizin hüdudlarından kənarda da tanınan milli tibb məktəbinin digər nümayəndələri daha da artırıblar.
Azərbaycanlı həkimlərin indiki nəsli məşhur sələflərinin ənənələrini həssaslıqla davam etdirirlər. Onlar yalnız ölkədə deyil, onun hüdudlarından kənarda da uğurla fəaliyyət göstərirlər.
Onlardan biri də Sabina Mirzəyevadır. O, Azərbaycanda təhsil alıb və təcrübə qazandıqdan sonra tibbi fəaliyyətini Finlandiyada davam etdirir. Onun nailiyyətləri Finlandiyanın Həkimlər Assosiasiyasının nəşri olan “Lääkärilehti” tibb jurnalında qeyd olunub.
AZƏRTAC-a müsahibəsində Sabina Mirzəyeva peşə seçimi, Finlandiyada fəaliyyəti və iki ölkənin səhiyyə sistemləri arasındakı fərqlər barədə danışıb.
– Sabina xanım, azərbaycanlı valideynlərin bir çoxu övladlarının həkim olmasını arzulayır. Bəs sizdə necə oldu, bu, valideynlərin istəyi idi, yoxsa öz seçiminiz?
– Mənim ailəm həyatımda və inkişafımda mühüm rol oynayıb. Atam elektrik mühəndisi, anam isə ingilis dili müəllimi idi. Məhz onlar təhsilə marağımın formalaşmasına və şəxsiyyət kimi yetişməyimə böyük təsir göstəriblər.
Həkim olmaq arzusu ilk dəfə uşaqlıqda bir filmə baxdıqdan sonra yaranıb. Həmin filmdə anasının xəstəxanada ölümündən sonra tək qalan uşaq ağır şəraitdə böyüyür. Bu səhnələr məndə dərin təəssürat yaratdı. Həmin anda qətiyyətlə qərara aldım ki, insanlara kömək edən və onları həyata qaytaran həkim olacağam.
Sonralar bu arzu babamın sözləri ilə daha da möhkəmləndi. Ona həkim olmaq istədiyimi bildirəndə çox sevindi və dedi: “Onda sən mənim şəxsi həkimim olacaqsan”. Bu sözlər mənim üçün güclü motivasiya oldu və məqsədimə doğru irəliləmək üçün ciddi stimul verdi.
Məktəbi əla qiymətlərlə bitirdim və elə həmin il Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul oldum. Universiteti də fərqlənmə ilə bitirdikdən sonra diaqnostika mərkəzində otorinolarinqoloq-həkim kimi işləməyə başladım.
– Finlandiyaya köçdükdən sonra həkim kimi işləməyə başlamaq nə dərəcədə çətin oldu?
– On iki il əvvəl ailəmlə birlikdə Finlandiyaya köçdükdən sonra müəyyən çətinliklərlə üzləşdim. Yerli qanunvericiliyə əsasən, mənim həkim kimi işləmək və ya peşə imtahanları vermək hüququm yox idi.
Yalnız illər sonra və Finlandiya qanunvericiliyinə bəzi dəyişikliklər edildikdən sonra sevdiyim peşəyə qayıtmaq imkanı əldə etdim. Hazırda Loxya şəhərinin Tibb mərkəzində həkim kimi çalışıram.
Diplomun tanınması prosesi çətin və çoxmərhələli olsa da, bütün zəruri imtahanları ilk cəhddə və qısa müddətdə – cəmi bir il yarım ərzində uğurla verdim. Finlandiyaya köçdüyüm gündən Həkimlər Assosiasiyasının üzvü olmağı arzulayırdım və buna nail oldum.
Qeyd edim ki, Həkimlər Assosiasiyası peşəkar müdafiə və dəstək baxımından güclü mexanizmdir. Finlandiyada həkimlər üçün hüquqi və əmək məsələlərində əsas istinad nöqtəsidir.
– Sizin fikrinizcə, Azərbaycan ilə Finlandiyanın səhiyyə sistemləri və həkimlərinin iş şəraiti arasında əsas fərqlər nədən ibarətdir?
– Fikrimcə, mühüm fərqlərdən biri Finlandiya sistemində həkimin öz karyerasını qurmaqda unikal çevikliyə malik olmasıdır. Həkim müxtəlif sahələr arasında kifayət qədər sərbəst şəkildə keçid edə və özünü fərqli istiqamətlərdə sınaya bilər.
Bu gün, məsələn, cərrahiyyədə çalışıb, daha sonra psixiatriya və ya radiologiyaya keçmək mümkündür və bu, qeyri-adi hal kimi qəbul edilmir. Əksinə, belə təcrübə yüksək qiymətləndirilir, çünki həkimi daha universal edir və onun klinik düşüncəsini genişləndirir. Bu, insanda azadlıq və davamlı inkişaf hissi yaradır. Həkim bir ixtisas daxilində “məhdudlaşmır”, əksinə, özünə ən uyğun sahəni axtarmaq imkanı əldə edir. Zaman keçdikcə insan öz güclü tərəflərini və maraqlarını daha yaxşı anlayır, həmçinin zərurət olduqda ciddi maneələrlə qarşılaşmadan peşə yolunu dəyişə bilir.
Bundan əlavə, sistem davamlı təhsili təşviq edir: kurslar, təlimlər və ixtisaslaşmalar əlçatandır və çox vaxt işəgötürən tərəfindən dəstəklənir. Bu isə həkimin peşəkar inkişafını fasiləsiz edir.
Məhz müxtəlif istiqamətləri sınaqdan keçirmək, inkişaf etmək və özünü tapmaq imkanı Finlandiyada həkim peşəsini xüsusilə cəlbedici edir.
– Finlandiya və Azərbaycanda pasiyentlər nə dərəcədə fərqlənir?
– Finlandiyada pasiyentlər, bir qayda olaraq, öz sağlamlıqlarına daha diqqətlə yanaşır və ən kiçik simptomlar zamanı belə həkimə müraciət edirlər.
– Sizcə, xaricdə yaşayan bir çox azərbaycanlının ilk imkan düşən kimi Azərbaycanda həkimə müraciət etməsi və yerli səhiyyəyə müəyyən etimadsızlıq göstərməsi nə ilə bağlıdır?
– Məncə, bu, əsasən əlçatanlıqla bağlıdır. Azərbaycanda ixtisaslı həkim seçimi genişdir və pasiyent uzun müddət gözləmədən demək olar ki, dərhal qəbula düşə bilir. Bu da operativlik və vəziyyətə nəzarət hissi yaradır.
Bundan əlavə, bir çox pasiyent üçün tanış mühit amili, yəni dil, mentalitet və həkimlə daha yaxın ünsiyyət böyük əhəmiyyət kəsb edir. Bütün bunlar etimadı formalaşdırır və insanın daha yaxşı başa düşüldüyü hissini yaradır.
Maddi amil də mühüm rol oynayır. Azərbaycanda həm özəl, həm də dövlət tibbi xidmətləri xeyli ucuz başa gəlir.
– Son illərdə Azərbaycanda müxtəlif plastik əməliyyatların populyarlığı artıb. Finlandiyada vəziyyət necədir, estetik tibb nə dərəcədə tələbatlıdır?
– Finlandiyada estetik tibb mövcuddur, lakin onun xarakteri və qavranılması Azərbaycandan bir qədər fərqlidir. Qeyri-cərrahi prosedurlar getdikcə daha populyar olur.
Cərrahi müdaxilələrə isə daha ehtiyatla yanaşılır. Bu, ehtimal ki, əməliyyatlardan çəkinmə və ya təbiiliyə üstünlük verilməsi ilə bağlıdır.
Burada plastik cərrahiyyəyə önəm bir qədər fərqlidir. Estetik prosedurlarla yanaşı, həkimlər xroniki sağalmayan yaraların müalicəsi ilə fəal məşğul olur və rekonstruktiv əməliyyatlar həyata keçirirlər.
– Gələcəkdə Finlandiyada karyeranızı inkişaf etdirməyi planlaşdırırsınızmı? Qarşınıza hansı məqsədləri qoymusunuz?
– Mən Finlandiyada xarici həkimlərin icmasını yaratmağı planlaşdırıram, çünki belə mütəxəssislər çox vaxt dəstəyə ehtiyac duyurlar. Mən onların bir çoxunu tanıyıram və onlar tez-tez kömək və istiqamət tapmaq üçün peşəkar assosiasiyalara qoşulurlar.
Xaricdən gələn həkim üçün peşə imtahanları barədə məlumatdan tutmuş iş tapmağa qədər hərtərəfli dəstək lazımdır.
Hazırda qarşıma yeni, iddialı məqsədlər qoymuşam. Onların ən vacibi Finlandiyada ixtisaslaşmanı başa çatdırmaq və peşə fəaliyyətimi daha yüksək səviyyədə davam etdirməkdir.