AZ

“Temu niyə etibar qazana bilmir? - AÇIQLAMA

Son illərdə onlayn ticarət platformaları arasında rəqabət kəskin şəkildə artıb və bu proses xüsusilə inkişaf etməkdə olan bazarlarda daha aydın hiss olunur. Azərbaycanda da “Temu” və “Trendyol” kimi platformalar arasında müqayisələr geniş müzakirə mövzusuna çevrilib. Belə ki, bəzi hallarda “Temu”nun qiymət siyasəti diqqət çəksə də, alış-veriş üçün daha çox müraciət edilən “Trendyol”dan zəif irəlilədiyi qeyd edilir və narazılıqlar artır. İstifadəçilər qiymət, çatdırılma sürətinin normal olduğunu bildirsələr də məhsul keyfiyyətindən narazılıqlarını ifadə edirlər.

 

Pravda.az-a açıqlama verən marketoloq Samir Mehdiyevin sözlərinə görə, “Temu”nun marketinq fəaliyyəti əslində zəif deyil, əksinə çox aqressiv endirim kampaniyaları və rəqəmsal reklamlarla sürətli istifadəçi cəlbi həyata keçirilir.

Samir

S.Mehdiyev qeyd edib ki, buna baxmayaraq bu strategiya uzunmüddətli loyallıq yaratmaqda çətinlik çəkir, çünki istifadəçilərin ilkin gözləntiləri ilə real təcrübə arasında fərq yaranır, bu isə platformaya olan inamı zəiflədir: “Aşağı qiymət strategiyası qısa müddətdə diqqət çəksə də, uzunmüddətli perspektivdə təkbaşına davamlı hesab edilmir, çünki logistika xərcləri və subsidiyalı satış modeli şirkət üçün davamlı təzyiq yaradır, nəticədə platforma ya qiymətləri artırmalı, ya da xidmət keyfiyyətini yüksəltməlidir. Azərbaycan kimi bazarlarda isə istehlakçı davranışı artıq dəyişməkdədir, yalnız ən ucuz variantı deyil, daha çox etibar, sürət və rahatlığı seçir. Bu baxımdan regional uyğunlaşma və sabit istifadəçi təcrübəsi təqdim edən modellər daha uğurlu olur. Çin istehsalı ilə bağlı inam məsələsi isə daha çox persepsiya ilə əlaqəlidir, bazara daxil olan çoxsaylı aşağı keyfiyyətli məhsullar ümumi imici zəiflədib, halbuki Çin həm də yüksək keyfiyyətli istehsal gücünə malikdir. Əsas problem platformaların bu keyfiyyət fərqini düzgün filtr edib istifadəçiyə çatdıra bilməməsidir. Ümumilikdə “Temu”nun daha yavaş irəliləməsi marketinqdən çox etibar və istifadəçi təcrübəsi ilə bağlıdır və yalnız aşağı qiymət üzərində qurulan strategiya uzunmüddətli uğur üçün kifayət etmir. Azərbaycan kimi bazarlarda isə güvən və xidmət keyfiyyəti əsas seçim meyarına çevrilir”.

 

Şəhanə Quliyeva

Tarix: 6 Aprel 2026, 09:51   
Seçilən
5
pravda.az

1Mənbələr