AZ

Həmkəndlisini telefonla yüksək səslə danışdığına görə döydü – HÖKM

Yasamal Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Hacılının (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

 

İttihama görə, hadisə 04 mart 2026-cı il tarixdə, saat 00:20 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Beyləqan rayon sakini Akif Hacılı ilə həmkəndlisi kəndlisi olan zərərçəkmiş Nail Budaqov (adı, soyadı şərtidir) arasında mobil telefonla yüksək səslə danışma və qarşılıqlı nalayiq ifadələrin işlədilməsi səbəbindən mübahisə yaranıb. Şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı təqsirləndirilən şəxs qəsdən yumruqla zərərçəkmiş şəxsin ağız nahiyəsinə zərbə endirib.

 

Nəticədə Nailə alt çənə nahiyəsində sağ və sol tərəfdən birinci dişlərin travmatik laxlaması, diş ətinə qansızma, alt dodaqda qançır və şişkinlik, eləcə də selikli qişanın qansızması və əzilmiş yara kimi xəsarətlər yetirilib.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

Tarix: 6 Aprel 2026, 10:27   
Seçilən
26
pravda.az

1Mənbələr