AZ

Son şans: ABŞ və İran 45 günlük atəşkəs imkanını müzakirə edir

ABŞ, İran və bir qrup regional vasitəçi müharibənin tam başa çatmasına gətirib çıxara biləcək potensial 45 günlük atəşkəsin şərtlərini müzakirə edir...

Poliqon xəbər verir ki, bu barədə Axios öz mənbələrinə istinadən yazır.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, yaxın 48 saat ərzində razılaşmanın əldə olunma şansı azdır.

Məqalədə qeyd olunur: "Lakin bu son cəhd müharibənin eskalasiyasının qarşısını almaq üçün yeganə imkandır. Eskalasiya halında İranın mülki infrastrukturuna kütləvi zərbələr və Fars körfəzi ölkələrində enerji və su obyektlərinə cavab hücumları baş verə bilər".

Daha əvvəl Donald Tramp İranla razılaşma üçün 10 günlük müddət müəyyən etmişdi və bu müddət bazar ertəsi axşam başa çatmalı idi, lakin sonradan çərşənbə axşamına qədər uzadıldı. Mənbələr bildiriblər ki, İranın enerji obyektlərinə qarşı ABŞ və İsrailin genişmiqyaslı bombardman planı artıq hazırdır. Bununla belə, müddətin uzadılması razılaşma əldə etmək üçün son şans yaratmağa yönəlib.

Məlumata görə, danışıqlar Pakistan, Misir və Türkiyədən olan vasitəçilər vasitəsilə, həmçinin Trampın nümayəndəsi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Araqçi arasında mətn mesajları yolu ilə aparılır.

Hazırda vasitəçilər iki mərhələli razılaşmanın şərtlərini müzakirə edirlər. Birinci mərhələ 45 günlük atəşkəsi nəzərdə tutur və bu müddət ərzində müharibənin tam dayandırılması barədə razılıq əldə olunmalıdır. İkinci mərhələ isə müharibənin tam başa çatdırılmasını əhatə edən yekun razılaşmadan ibarət olacaq.

Eyni zamanda vasitəçilər hesab edir ki, Hörmüz boğazının tam fəaliyyətinin bərpası və İranda yüksək zənginləşdirilmiş uran məsələsinin həlli yalnız yekun razılaşma çərçivəsində mümkün ola bilər.

"Bu iki məsələ İranın danışıqlardakı əsas kozırlarıdır və iranlılar 45 günlük atəşkəs naminə onlardan tam imtina etməyəcəklər", deyə qeyd olunur.

Vasitəçilər həmçinin İran rəsmilərinə bildiriblər ki, əlavə danışıqlar üçün vaxt yoxdur və növbəti 48 saat razılaşma əldə etmək və ölkədə genişmiqyaslı dağıntıların qarşısını almaq üçün son imkandır.

Daha əvvəl Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşım edərək İrana ultimatum verib: "Çərşənbə axşamı İranda həm elektrik stansiyaları, həm də körpülər günü olacaq. İndiyə qədər belə bir şey olmayıb! Lənətə gəlmiş boğazı açın, yoxsa cəhənnəmdə yaşayacaqsınız".

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr