AZ

30 sələfli “qədim dövlət” – İran keçmişə yox, gələcəyə baxsa, yaxşı olar

Hansı ölkədə dövləti təsis edən xalqın qədimliyindən danışırlarsa, orada nasizmin açıq təzahürü var.

Bu, o anlama gəlir ki, etnik çoxluq bu coğrafiyada qədim dövrlərdən məskən salıb, aborigen xalqdır, ona görə dominant olmalıdır, dövləti onun övladları idarə etməlidir, hamı onun dilində danışmalıdır.

Həmin ölkədə bir qayda olaraq qədim dövlətçilik ənənələrinə malik olmağı da tez-tez vurğulayırlar. Bu da qonşularda, xüsusilə də sonradan yaranmış dövlətlərdə müəyyən təəssürat yaratmaq, onların özlərini bu “əzici fakt” qarşısında hiss etmələrinə xidmət edir.

Hazırda dünya üzərində mövcud olan, BMT-nin qeydiyyatından keçərək reyestrə düşən 200+ dövlətin böyük əksəriyyəti hansısa dominant xalq tərəfindən təsis edilib və bir çoxu həmin xalqın adıyla adlandırılıb: Fransa, Almaniya, İngiltərə, İtaliya, Türkiyə, Rusiya, Yaponiya, Polşa, Serbiya, Xorvatiya, Monqolustan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Ermənistan və s.

Qədim dövlətçilik ənənəsinə malik olmasıyla öyünən ölkələrdən biri də İrandır. Əvvəllər iranlı siyasilər, diplomatlar, təbliğatçılar “bizim 2 min illik dövlətçilik tariximiz var” deyirdilər, indi artıq “üç minillik tarix”dən danışırlar.

Bu, İranın məğlubedilməzliyinin, sarsılmazlığının əsas göstəricisi kimi qələmə verirlir. Yəni, baxın, İranın bu qədər qədim dövlətçiliyi var, bu, əngin təcrübə deməkdir, ona görə də ona heç bir dövlət bata bilməz, İran məruz qaldığı basqılardan ləyaqətlə çıxacaq, düşdüyü təlatümlərdən sağ-salamat qurtulacaq.

Gerçəklik isə başqadır. Bu paralellərdə yerləşən və yaşayış üçün əlverişli olan istənilən coğrafi ərazidə qədimdən bəri çoxlu dövlətlər qurulub, yüz illərlə mövcud olub, amma qaçılmaz tərəqqi və tənəzzül mərhələləri bir-birini əvəz etdiyi üçün nə o dövlətlərdən əsər-əlamət qalıb, nə də onları idarə edən sülalələrdən.

Konkret olaraq, son 3 min ildə İran ərazisində 30 dövlət olub. Bir-bir sayaq: 1. Midiyalılar; 2. Əhəmənilər; 3. Selevkilər; 4. Parfiyalılar; 5. Sasanilər; 6. Ərəb işğalı; 7. Tahirilər; 8. Ələvilər; 9. Səfərilər; 10. Samanilər; 11. Sacilər; 12. Salarilər; 13. Ziyarilər; 14. Buvehyilər; 15. Rəvvadilər; 16. Qəznəvilər; 17. Qurilər; 18. Xarəzmşahlar; 19. Monqol işğalı; 20. Hülakülər (Elxanilər); 21. Müzəffərilər; 22. Çobanilər; 23. Cəlairilər; 24. Qaraqoyunlular; 25 Ağqoyunlular; 26. Səfəvilər; 27. Əfşarlar; 28. Qacarlar; 29. Pəhləvilər; 30. İran İslam Respublikası.

Hələ bunlardan başqa, XIV əsrdə Elxanlılar dövlətinə qarşı baş verən sərbədarlar üsyanı nəticəsində 1353-cü ildə Curcan, Mazandaran və Xorasanın bir hissəsində Sərbədarlar dövləti də qurulub, 1381-ci ildə Teymurilər dövləti tərəfindən məhv edilib.

Bu dövlətlərin çox az bir hissəsi bir-birinin varisi olub. Əksəriyyəti ya yadellilər tərəfindən yaradılıb, ya da hazırda İranda etnik azlıq olan və ya tamamilə sıxışdırılıb çıxarılmış xalqlar tərəfindən qurulub.

Sonrakı dövləti yaradan hökmran sülalələr onların hər cür mirasından – pulundan dininə, dilindən paytaxtına qədər hər şeyindən imtina ediblər. Bir sözlə, dövlətçilik ənənəsi zənciri bənd-bənd qırılıb.

Elxanilər dövlətinin müasir İran dövlətinə nə dəxli var? Hazırda Xarəzmşahlar dövlətinin mövcudluğu və ənənələri ilə Özbəkistanda fəxr edirlər.

Ona görə də indiki İranın özünü bu dövlətlərin hamısının varisi hesab etməsi absurddur. Gerçəklik odur ki, adı çəkilən dövlətlərin bir çoxunun, xüsusilə də son 500 ildə mövcud olanların təsisçiləri türk tayfaları olublar. Hazırkı İranın dominant xalqı olan farslar isə yalnız son 101 ildə İranda hakim mövqeyə gəliblər. Yəqin ki, İrandakı panfarsizmin körükçüsü də məhz bu amildir: uzun illər hakim mövqedə olmamaq, nəhayət, ona yiyələndikdən sonra statusu qoruyub-saxlamaq ehtirası.

Qədim dövlətçilikdən danışmağa qalsa, bunu tam cəsarətlə Çin edə bilər. Çin doğrudan da qədim dövlətdir. Hazırda ərazisinə və əhalisinin sayına görə dünyanın 3-cü, nüfuzuna, əlinin uzunluğuna, hegemonluğuna görə isə 1-ci dövləti olan ABŞ qədim dövlət deyil, cəmi 250 yaşı var. Bu “yeni dövlət”in tərəqqidə olduğu dövrdür, ola bilər, 250 (bəlkə də 25) ildən sonra dünyada ABŞ adlı dövlət olmayacaq, yerində Kaliforniya, Kanzas, Texas, Karolina, Florida, Alabama, Kolorado və s. kimi dövlətlər olacaq.

Uzun sözün kəsəsi, qədim dövlət olmaq hələ güclü və haqlı olmaq, dünya düzəninə sağlam şəkildə uymaq demək deyil. İran qədimliyi ilə yox, müasir həyata uyğunlaşmasına, gələcəyə hazırlığına diqqət yetirsə, daha çox şey əldə edər. “Əzəmətli tarix”də savaş xronikasından başqa bir şey yoxdur.

Bir zamanlar Avrasiya materikinin sahibi olan monqolların çoxu (26 milyonu) hazırda Çinin tərkibindəki Daxili Monqolustan əyalətində yaşayırlar və formal olaraq muxtariyyata malikdirlər. Müstəqil Monqolustanda isə 3 milyon civarında monqol yaşayır və qədimdə qurduqları dövlətlərlə fəxr edirlər.

Seçilən
7
musavat.com

1Mənbələr