Türkiyə, Misir və Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar hələlik ABŞ və İran arasında münaqişənin həlli ilə bağlı nəticə verməyib...
Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşr qeyd edir ki, Tehran Vaşinqtona güzəştə getməkdən imtina edib.
Məlumata görə, İran əsas tələblərindən geri çəkilməyə hazır deyil. Həmçinin Tehran ABŞ-nin Hörmüz boğazının açılması müqabilində müvəqqəti atəşkəs təklifini rədd edib.
Bundan əlavə, İran yaxın günlərdə Pakistanın paytaxtı İslamabadda amerikalı vasitəçilərlə birbaşa görüş keçirməkdən də imtina edib.
Bu fonda Türkiyə və Misir mümkün danışıqlar üçün alternativ məkanlar təklif etməyə başlayıb. Xüsusilə, görüşlərin İstanbul və ya Dohada keçirilməsi variantları nəzərdən keçirilir.
Nəşrin məlumatına görə, Türkiyə, Misir və Pakistanın xarici işlər nazirləri İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff ilə telefon danışığı aparıblar. Lakin bu müzakirələr də nəticəsiz qalıb.
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının bağlanması ilə bağlı İrana qarşı sərt bəyanatla çıxış edib və mümkün zərbələr barədə xəbərdarlıq edib. Məlumata görə, Tramp 6 aprel tarixində İranla mümkün sülh razılaşmasının təsdiqlənəcəyini gözləyirdi. Əks halda, ABŞ İran ərazisinə yeni zərbələr endirə bilər.
Poliqon.info