Ukrayna ciddi çağırış böhranı ilə üzləşir. Bu, Ukrayna prezidenti Vladimir Zelenskinin Yaxın Şərqdəki uzunmüddətli münaqişənin Rusiya işğalına qarşı mübarizəyə mane olacağı barədə xəbərdarlığı fonunda baş verir.
Herbiand.az bu barədə The Independent nəşrinə istinadən xəbər verir.
Nəşr bildirib ki, Ukraynanın müdafiə naziri Mixail Fedorov Ukraynada çağırışdan yayınan 2 milyon insanın, eləcə də yüz minlərlə vətəndaşın xidməti yerini icazəsiz tərk etdiyini etiraf edib.
Bundan əlavə, Tramp administrasiyası son həftələrdə diqqətini Ukraynadan İranla münaqişəyə yönəldib, sülh danışıqları dalana dirənib və Rusiya prezidenti Vladimir Putin yaz hücumuna başlayıb.
Qeyd olunur ki, dörd il əvvəl tammiqyaslı işğalın başlanğıcından bəri Ukrayna müttəfiqlərinin ən optimist proqnozlarının əksinə olaraq Rusiyanın hücumuna tab gətirib: “İndi isə Ukrayna tükəndirici müharibəyə keçir və Moskvanın bir ayda səfərbər edə biləcəyindən daha çox rusu öldürdüyünü bəyan edir”.
Nəşr bildirib ki, Ukrayna Baş Prokurorluğunun məlumatına görə, çağırışdan yayındıqlarına görə axtarılan 2 milyon ukraynalıya əlavə olaraq, 2022-ci ildən bəri hərbi qulluqçulara qarşı öz bölmələrindən icazəsiz uzaqlaşdıqlarına görə təxminən 290.000 iş açılıb.
Nəşr vurğulayıb ki, Ukrayna Rusiyanın tammiqyaslı işğalının əvvəlində çox sayda könüllüyə güvənib və gənc kişiləri müharibəyə çağırmaqdan çəkinib: “Çağırış olduqda bu, 30 yaşdan yuxarı kişilərə şamil edildi, məcburi xidmət üçün minimum yaş həddi isə 25 olaraq qaldı”.
Bundan əlavə, 2025-ci ilin ortalarından bəri Ukrayna hökuməti 18-24 yaşlı kişilərin ölkəni tərk etməsinə icazə verib və yüz minlərlə insan bunu etmək qərarına gəlib.
Bəxtiyar CƏFƏRLİ