AZ

Taksi qiymətləri 4 dəfə BAHALAŞDI – Yüksək tələbat, yoxsa?..

Bakıda hazırda müşahidə olunan güclü yağış və əlverişsiz hava şəraiti taksi xidmətlərində kəskin qiymət artımına səbəb olub. Paytaxt sakinləri sosial şəbəkələrdə gedişhaqqının bir neçə dəfə yüksəlməsindən şikayətlənirlər.

Müşahidələr göstərir ki, əvvəlki günlərdə 3-4 manata qət edilən məsafələr üçün hazırda taksi aqreqatorları 12-15 manat, şəhər kənarına gediş üçün isə 35-40 manat civarında məbləğ tələb edirlər. Maraqlıdır ki, taksi şirkətləri bu kəskin artımla bağlı rəsmi heç bir açıqlama verməsələr də, tətbiqetmələrdəki qiymətlər “rekord” həddə çatıb.

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov NOCOMMENT.az-a bildirib ki, belə hava şəraitində qiymətlərin artması taksi şirkətlərinin istifadə etdiyi avtomatik alqoritmlərlə bağlıdır: “Taksi aqreqatorlarının sistemi tələb və təklif prinsipi üzərində qurulub. Yağışlı havada taksi sifarişlərinin sayı kəskin artır, lakin yollardakı tıxaclar və su yığınları səbəbindən xətdə olan sürücülərin sayı azalır. Sistem yüksək tələbat rejiminə keçərək qiymətləri avtomatik qaldırır. Bu, iqtisadi baxımdan izah oluna bilsə də, sosial baxımdan sərnişinlər üçün böyük çətinlik yaradır. Xüsusilə qiymətlərin 3-4 qat artması artıq dinamik qiymət çərçivəsindən çıxaraq vətəndaşın büdcəsinə ciddi zərbə vurur”.

Ekspertin sözlərinə görə, belə hallarda qiymətin qalxması beynəlxalq təcrübədə normal qarşılansa da, Azərbaycanda bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var: “Hazırda taksi bazarında qiymətlər sərbəstdir, yəni dövlət tərəfindən tənzimlənən tariflər mövcud deyil. Şirkətlər öz daxili siyasətlərinə uyğun qiymət təyin edirlər. Lakin fövqəladə hava şəraitində qiymətlərin bu dərəcədə manipulyasiya edilməsi yolverilməzdir. AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən taksi fəaliyyətinə nəzarət gücləndirilsə də, qiymət yuxarı həddinin müəyyən edilməsi və ya ‘fors-major’ hallarda süni bahalaşmanın qarşısının alınması üçün yeni tənzimləmə mexanizmləri işlənib hazırlanmalıdır”.

Eldəniz Cəfərov qeyd edib ki, sürücülər də yağışlı havada risklərin artmasını və yanacaq sərfiyyatının çoxalmasını bəhanə gətirərək yüksək tariflərə haqq qazandırmağa çalışırlar: “Lakin unutmaq olmaz ki, taksi ictimai nəqliyyatın bir növüdür və əlçatan olmalıdır. Bu cür hallarda nəzarət tətbiq edilməli, şirkətlərin mənfəət maraqları vətəndaşın zəruri nəqliyyat ehtiyacından üstün tutulmamalıdır. Hazırkı mənzərə göstərir ki, Bakıda yağış sadəcə yolları deyil, həm də sərnişinlərin cibini ‘yuyub aparır’. İstehlakçıların hüquqlarını qorumaq üçün antiinhisar qanunvericiliyi çərçivəsində bu kəskin sıçrayışlar araşdırılmalıdır”.

Tunar,
NOCOMMENT.az

Seçilən
0
nocomment.az

1Mənbələr