AZ

İran Buşəhr atom elektrik stansiyasına hücumlarla bağlı Beynəlxalq Atom Enerjisi Agentliyini tənqid edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoruna ünvanladığı məktubda qurumun fəaliyyətsizliyini kəskin tənqid edərək, bu yanaşmanın nüvə obyektlərinə qarşı təcavüzü stimullaşdırdığını bildirib.

TurkicWorld xəbər verir ki, Eslami qeyd edib ki, beynəlxalq qurumun Buşəhr atom elektrik stansiyası kimi strateji obyektlərə edilən hücumlara səssiz qalması gələcəkdə daha ağır fəsadlara yol aça bilər. Məktubda vurğulanır ki, İranın hazırda fəaliyyət göstərən yeganə nüvə enerji müəssisəsi indiyədək dörd dəfə hədəfə alınıb. Sonuncu hücum aprelin 4-də stansiyanın yaxınlığında baş verib və nəticədə təhlükəsizlik xidmətinin bir əməkdaşı həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İranın rəsmi nümayəndəsi xəbərdarlıq edib ki, fəaliyyətdə olan nüvə reaktoruna qarşı törədilən bu cür təxribatlar radioaktiv maddələrin ətrafa yayılması riskini yaradır. Onun sözlərinə görə, belə bir ssenari həm bölgə insanları, həm ətraf mühit, həm də qonşu dövlətlər üçün "düzəlməz fəsadlar" doğura bilər.

Məhəmməd Eslami bu hücumları beynəlxalq hüquq normalarının aşkar şəkildə pozulması kimi qiymətləndirib. O, agentliyin "qətiyyətli hərəkətə keçməməsini" tənqid edərək bildirib ki, sadəcə narahatlıq ifadə etmək kifayət deyil. İran tərəfinin qənaətinə görə, beynəlxalq nəzarət mexanizmlərinin zəifliyi növbəti hücumlar üçün şərait yaradır və təcavüzkar tərəfləri daha da cəsarətləndirir.

Seçilən
22
turkic.world

1Mənbələr