AZ

Qlobal böhran qapımızdadır: Ərzaq qiymətləri sürətlə arta bilər

İranda davam edən müharibə fonunda Hörmüz boğazı ətrafında yaranmış vəziyyət qlobal bazarlara təsir göstərməkdə davam edir. Bu boğazın bağlanması neftlə yanaşı, ərzaq və digər əsas məhsulların daşınmasında çətinliklər yaradır. Nəticədə dünya bazarında qiymət artımı müşahidə olunur. Azərbaycan isə idxaldan asılı ölkə olduğu üçün bu proses daxili bazara da təsirsiz ötüşmür. Xüsusilə ərzaq və gündəlik tələbat mallarında bahalaşma ehtimalı artır.

Maraqlıdır, bu vəziyyət Azərbaycanda qiymət artımına nə dərəcədə təsir edə bilərmi və bahalaşmanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, idxal qiymətlərində artım baş verdikcə, bu prosesin daxili bazarda qiymətlərin yüksəlməsi ilə nəticələnməsi qaçılmazdır:

“Bu, iqtisadi baxımdan təbii prosesdir. İdxalçılar məhsulu baha qiymətə əldə edib daha ucuz qiymətə satış həyata keçirmirlər. Əksinə, alış qiymətinə əlavə xərclər və mənfəət marjası daxil edilərək daha yüksək qiymətlərlə bazara təqdim olunur.

Hazırkı mərhələdə İran ətrafında baş verən hərbi gərginliyin idxal inflyasiyasına təsir səviyyəsi barədə dəqiq qiymətləndirmə aparmaq hələ tezdir. Hazırda daha çox müşahidə olunan təsir daşınma xərclərinin artımı ilə bağlıdır. İstehsal və alış qiymətlərinə təsir isə dərhal hiss olunmur, çünki bunun üçün müəyyən zaman tələb olunur. Enerji daşıyıcılarının bahalaşmasının istehsalın maya dəyərinə ötürülməsi mərhələli şəkildə baş verir.

Buna baxmayaraq, logistika xərcləri daha sürətli reaksiya verir. Azərbaycanın əsas idxal-tranzit marşrutlarından birinin İran üzərindən keçməsi bu təsiri daha da gücləndirir. Şərq ölkələrindən — Çin, Yaponiya, Koreya, Hindistan və Pakistandan gələn məhsulların böyük hissəsi məhz bu istiqamət vasitəsilə ölkəyə daxil olur. Bu marşrutda yaranan bahalaşma birbaşa olaraq sahibkarların xərclərini artırır.

Ümumilikdə, qiymət artımının tam qarşısını almaq mümkün deyil. Mövcud şəraitdə əsas məqsəd onun sosial təsirlərini minimuma endirməkdir. Bu baxımdan, hökumət növbəti il üçün planlaşdırma apararkən xüsusilə sosial həssas əhali qruplarını nəzərə almalı, minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılmasını gündəmə gətirməlidir. Lakin bu tədbirlərin cari ildən daha çox növbəti dövr üçün real olması ehtimal edilir”.

Ekspertin sözlərinə görə, mövcud inflyasiya göstəriciləri hələlik hökumətin və Mərkəzi Bankın proqnozlaşdırdığı səviyyəni aşmayıb:

“Hazırda inflyasiya göstəriciləri təxminən 5,7 faiz səviyyəsindədir. Halbuki həm hökumət, həm də Mərkəzi Bank tərəfindən gözləntilər 6 faizdən aşağı müəyyən edilmişdi. Bu səbəbdən, indiki mərhələdə əlavə və təcili müdaxilə tədbirlərinin görülməsi gözlənilmir”.

 

//Gülnarə Abasova, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr