Güclü yağış səbəbindən yollarda hərəkət əhəmiyyətli dərəcədə çətinləşib. Xüsusilə Bakı və Abşeron ərazisində əsas magistral yollarda sıxlıq, bəzi küçələrdə su yığılması və görünüş məsafəsinin azalması müşahidə olunub.
Nəqliyyat eksperti Elməddin Muradlı QHT.az-a açıqlamasında bildirib ki, son günlər müşahidə olunan soyuq hava basqınları hərəkətin intensivliyinə müəyyən təsir göstərib və bu, xüsusilə səhər saatlarında daha qabarıq hiss olunub.
E.Muradlının sözlərinə görə, əlverişsiz hava şəraiti nəqliyyatın rahat və fasiləsiz hərəkətinə maneələr yaratsa da, aidiyyəti qurumlar və Dövlət Yol Polisi vəziyyətin nəzarətdə saxlanılması üçün operativ tədbirlər görür.
“Səhər-səhər çox ağır bir vəziyyət hökm sürürdü, indi isə hərəkət normaldır” – deyə ekspert qeyd edib.
Elməddin Muradlı vurğulayıb ki, hazırda paytaxt yollarında ciddi problem müşahidə olunmur və nəqliyyatın hərəkəti əvvəlki saatlarla müqayisədə xeyli stabilləşib.
Ekspertin fikrincə, problemlərin əsas səbəblərindən biri su-kanalizasiya sisteminin köhnə və nasaz vəziyyətdə olmasıdır. Onun sözlərinə görə, yolların müxtəlif hissələrində yaranan gölməçələr sürücüləri sürəti azaltmağa məcbur edir.
“Yolda yaranan gölməçələr səbəbindən sürücülər sürəti azaltmalıdır ki, su ətrafa sıçramasın; əks halda bu, həm cərimə, həm də mədəniyyət məsələsidir” – deyə E.Muradlı bildirib.
Ekspert əlavə edib ki, məhz bu amillər yollarda sıxlığın yaranmasına və nəqliyyat axınının ləngiməsinə səbəb olur.
Fatimə Nəbiyeva