
Bakının Keşlə qəsəbəsində magistral kanalizasiya kollektorunun düz üzərində inşa edilmiş evin sökülməsi, paytaxtın infrastruktur xaosunu və idarəetmə boşluqlarını yenidən gündəmə gətirdi. Baş verənlər sadəcə bir tikilinin ləğvi deyil, sistemli korrupsiyanın və məsuliyyətsizliyin "betonlaşmış" sübutudur.
Ümumiyyətlə paytaxtda son günlər müşahidə olunan intensiv yağışlar şəhər təsərrüfatındakı bir çox qüsurları üzə çıxardı, lakin Keşlədəki hadisə bütün gözləntiləri aşdı. Sən demə, strateji əhəmiyyətli kollektorun üzərində nəhəng bir yaşayış evi ucaldılıbmış. Yağış suları daşmasaydı, infrastruktur iflic olmasaydı, bəlkə də bu qanunsuzluq, bu cinayət əməli onilliklər boyu gizli qalacaqdı. Bu nöqtədə haqlı bir sual yaranır: dövlətin strateji kommunikasiya xətləri necə olur ki, fərdi şəxslərin tikinti meydançasına çevrilir?
İdarəetmə zəncirindəki qırıq halqalar
Bir evin bünövrəsindən damına qədər olan tikinti müddəti bir neçə saatlıq proses deyil ki, gözdən yayına. Aylarla çəkən bu müddət ərzində aidiyyatı qurumların "sükutu" yəqin ki, hər kəsin təəccübünə səbəb olur. Görəsən, Nizami Rayon İcra Hakimiyyətinə başçılıq edən şəxslərdən hansının vaxtında bu tikintiyə icazə verilib və ya buna göz yumulub? Bir icra başçısının rəhbərlik etdiyi rayonun xəritəsində kollektor xətlərinin yerini bilməməsi sadəcə inandırıcı deyil. Həm də magistral xətlərdən söhbət gedirsə...
Eyni zamanda Keşlə bələdiyyəsinin sədri hansı hüquqi əsasla, daha doğrusu, hansı məntiqlə bura razılıq verib? Tikintidə təhlükəsizliyə cavabdeh olan Fövqəladə Hallar Nazirliyinin (FHN) radarlarından belə bir irimiqyaslı tikili necə yayına bilərdi? Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın ümumi planlaşdırılmasına cavabdeh olduğu halda, bu qanunsuzluğa hansı şəraitdə yol verib? Bu suallar hər nə qədər ritorik görünsə də, arxasında ciddi bir məsuliyyətsizlik dayanır.
Əslində Keşlədəki hadisə paytaxtdakı böyük bir aysberqin görünən tərəfidir. Bakının xəritəsinə diqqətlə baxsaq, su, qaz və kanalizasiya xətlərinin üstündə, yüksək gərginlikli elektrik xətlərinin altında, hətta neft buruqlarının bir addımlığında çox sayda qanunsuz tikili görmək olar. Bu tikililərin hamısı vaxtilə icra hakimiyyətlərinə, bələdiyyələrə və digər qurumlara verilən rüşvətlər hesabına ərsəyə gəlib. Bu gün dövlət bu qədər zərər edir, vətəndaşlara isə həm maddi, həm də mənəvi ziyan dəyir. Bütün bunlara səbəb olan sabiq və hazırkı məmurlar, səlahiyyətli şəxslər dərhal qanun qarşısında cavab verməlidir. Bilirəm, bu abzasın son cümləsi üzünüzdə gülüş yarada bilər...
Məsələ sadəcə bir evin sökülməsi ilə bitməməlidir. Əgər bu gün Keşlədəki evin tikintisinə şərait yaradanlar hüquqi məsuliyyətə cəlb edilməsələr, sabah başqa bir kollektorun üzərində yeni bir binanın ucalmayacağına heç kim təminat verə bilməz. Çünki cəzasızlıq hər zaman yeni cinayətlər və qanunsuzluqlar doğurur. Dövlət orqanları bu vəziyyətə konkret cinayət işləri və ciddi cəza tədbirləri ilə cavab verməlidir. Əks halda, paytaxtın infrastrukturuna yerləşdirilmiş bu "saatlı bomba"lar hər yağışda, hər təbii fəlakətdə partlamağa və həyatımızı iflic etməyə davam edəcək. Hələliksə bir təsəllimiz var: ölüm-itim yoxdur...
Həbibə ABDULLA