AZ

Ümumdünya Sağlamlıq Günündə ÜST-dən çağırış



Ümumdünya Sağlamlıq Təşkilatı (ÜST) 2026-cı il Ümumdünya Sağlamlıq Günü münasibətilə insanları elmə və birgə fəaliyyətə dəstək verməyə çağırıb. “Sağlamlıq üçün birlikdə. Elmi dəstəkləyin” devizi altında təşkil olunan kampaniya ÜST-in 7 aprel 1948-ci ildə yaradılmasının ildönümünə həsr olunub və ilboyu davam edən ictimai sağlamlıq təşəbbüsünü işıqlandırır.

Keçən əsrdə insan sağlamlığında böyük irəliləyişlər əldə olunub. 2000-ci ildən bəri qlobal ana ölüm göstəricisi 40%-dən çox azalıb, 5 yaşınadək uşaqlar arasında ölüm isə 50%-dən çox azalıb. Bu nailiyyətlər elmi bilik, texnoloji inkişaf və beynəlxalq əməkdaşlıq sayəsində mümkün olub.

Buna baxmayaraq, sağlamlıq riskləri davam edir. İqlim dəyişiklikləri, ətraf mühitin çirklənməsi, geosiyasi gərginliklər və demoqrafik dəyişikliklər yeni çağırışlar yaradır. ÜST və minlərlə elm insanı bu problemlərin öhdəsindən gəlmək üçün tədqiqatlar aparır, siyasətlər və yenilikçi həllər hazırlayır.

ÜST Baş Direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, elm insanlığın sağlamlığı qorumaq və yaxşılaşdırmaq üçün ən güclü vasitələrindən biridir. Peyvəndlər, antibiotiklər, MRI cihazları və insan genomunun xəritələnməsi həyatları xilas edib və milyardlarla insanın sağlamlığını dəyişdirib.

Elm uğurlarının hər biri elmi təşkilatlar, siyasətçilər, səhiyyə işçiləri və cəmiyyətin birgə səyləri sayəsində reallaşıb. Məsələn, müasir cərrahiyyə texnologiyaları və peyvəndlər minlərlə uşağın həyatını xilas edib. ÜST-in 78 illik fəaliyyəti ərzində SARS və COVID-19 kimi böhranların idarə olunmasında qlobal əməkdaşlığı təmin edib, yeni standartlar və qaydalar hazırlayıb.

ÜST vurğulayır ki, elm sağlamlıq qərarlarını yönləndirməlidir və dövlətlər, təşkilatlar və fərdlər elmə dəstək verməli, elmi əsaslı siyasətlərə sadiq qalmalıdırlar. Elm sayəsində ölkələr həm böhranlara effektiv cavab verə, həm də daha güclü və ədalətli səhiyyə sistemləri qura bilirlər.

ÜST elmi dəstəkləməyə və elm ilə birgə fəaliyyət göstərməyə çağırır ki, gələcək nəsillərin sağlamlığı qorunsun və inkişaf etdirilsin.

aia.az
Tərcümə şöbəsi



Seçilən
31
aia.az

1Mənbələr