Bosniya və Herseqovina milli futbol komandası pley-off mərhələsində Uels və İtaliyanı məğlub edərək sensasiyalı şəkildə dünya çempionatına vəsiqə qazanıb.
Publika.az xəbər verir ki, oyunda bosniyalılar əsas vaxt ərzində Canluici Donnarummanın qoruduğu qapıya qol vurmağa çalışıb və nəhayət, 79-cu dəqiqədə hesabı bərabərləşdiriblər. Qolu "Borussiya Mönhenqladbax" klubunda çıxış edən hücumçu Haris Tabakoviç vurub. Penaltilər seriyasında da o, həm İtaliyaya, həm də Uelsə qarşı dəqiq zərbələrlə seçilib.

Final fitindən sonra Zenitsa şəhərindəki stadionda bir qadın sevincdən göz yaşlarını saxlaya bilməyib. Bu, Haris Tabakoviçin həyat yoldaşı Sabrina Tabakoviç olub. O, həm Kardiffdə, həm də Zenitsada Bosniya və Herseqovinanı dəstəkləyib və komandanın mundialdakı qrup oyunları üçün Toronto, İnqlvud və Sietlə də yollanacaq. Balkan təmsilçisi bu şəhərlərdə İsveçrə, Qətər və Kanada ilə qarşılaşacaq.
