AZ

Psixoloq Aysun Alyarova: “Uşaqlıq və yeniyetməlik dövründə tətbiq olunan sərt qadağalar insanın daxili dünyasında iz buraxır”

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Cəmiyyətdə özünü ifadə etmək hər bir insanın ən təbii ehtiyaclarından biri olsa da, bir çoxları bu imkandan məhrum qalır. Xüsusilə uşaqlıq və yeniyetməlik dövründə eşidilən qınaq dolu sözlər, sərt qadağalar o insanların daxili dünyasında dərin izlər buraxır. Bu isə zamanla fərdin öz fikirlərini açıq şəkildə ifadə etməsinə mane olur, özünə inamını zəiflədir və cəmiyyət içində susqunluğa səbəb olur.İnsanın, yaxud uşağın özünü ifadə etməsi üçün psixoloji dəstək necə olmalıdır?

Psixoloq Aysun Alyarova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, travmasız insan yoxdur: “Ümumiyyətlə bizim uşaqlıq dövrümüz, uşaqlıq, həmçinin yeniyetməlik yaşlarımız çox mühümdür. Orada yaşadığımız yaşantılar xüsusilə, 0-6 yaş dönəmində bizim eşitdiyimiz, gördüyümüz məsələlər, ətrafımızda daim danışılan söhbətlər və s. hamısı gələcək həyatımızda yetkinlik dövrümüzdə, gəncliyimizdə bu kimi oxşar məsələlərlə həm münasibətlərimizdə, həm işimizdə, həm həyatımızın müxtəlif sferalarında qarşılaşa bilərik. Mən məsələn, seanslarımda görürəm ki, bu adama uşaq və yeniyetməlik vaxtında özünü ifadə etməyi- danışsın, fikrini desin, öz seçimini etsin və s. icazə verilməyib. Artıq insan böyüyüb, indi də seçim edə, qərarlarını verə bilmir, öz sözünü deyə bilmir. Ona görə də uşaqlıqda yaşadığımız hər bir şey bizim üçün çox önəmlidir. Təbii ki , travmasız insan yoxdur. Biz deyə bilmərik ki, bu insan travmasızdır, bu heç bir mənfi şey yaşamayıb. Xeyr. İnsanlar fərqlidir.

Qeyd edim ki, hadisələrin də insanlara təsir etməsi fərqlidir. Yəni bir hadisə bir insanda mənfi emosiya, mənfi iz buraxmaya da bilər, amma əksinə olaraq digər bir insanda həmin o məsələ, həmin hadisə çox böyük bir iz buraxa bilər. Gələcəkdə də insanın həyatının müxtəlif istiqamətlərinə təsir göstərə bilər.

Uşaqlıq, yeniyetməlik dövründə sərt qadağalar insanın daxili dünyasında həqiqətən iz buraxır və sonradan şəxs öz fikirlərini açıq şəkildə ifadə edə bilmir, özünə inamı, güvəni azalır. Cəmiyyətdə də bir şəxsiyyət kimi özünü təqdim edə bilmir. Niyə? Çünki bu adamın özünə qarşı inamı zəifləyib və onda belə bir inanc yaranıb ki, “nə etsəm də onsuz da bacarıqsız oluram. Mən onsuz da heç nə bacarmıram. Nə etsəm də alınmayacaq”. Bizim inanclarımız gördüklərimizdən, eşitdiklərimizdən bu şəkildə formalaşır”.

Aysun Alyarova vurğulayıb ki, psixoloqun əməyi ilə yanaşı mütləq danışanın da əməyi olmalıdır ki, dəyişiklik olsun: “Psixoloji dəstək məsələsinə gəldikdə ilk iş qarşı tərəf üçün təhlükəsiz mühit yaratmaqdır. Çünki çox vaxt bu insanlar elə bilirlər ki, psixoloqun, mütəxəssisin qəbuluna da gələndə, o, qınanılacaq, tənqid ediləcək, qəbul edilməyəcək. Çünki bu adama bu hal tanışdır. Əvvəlcədən bunları yaşayıb və hələ də fərqindəlik məsələsi səviyyəsində deyil ki, “mən qınanılmaya da bilərəm”. Biz ona izah edirik ki, “sizin danışdığınız, yaşadığınız nələrsə, ümumiyyətlə psixoloqla bölüşdüyünüz hər bir şey aramızda qalacaq”. Anonimlik psixoloqların ən vacib qaydalarından biridir. Həmçinin də psixoloqun tənqid etmək, günahlandırmaq, qınamaq kimi bir səlahiyyəti yoxdur. Əgər bunu edəcəksə də, bu psixoloqun terapevt olaraq özü ilə bağlı olan problemini, narahatlığını göstərir. Qarşı tərəf də başa düşsün ki, “mən burda özüm ola bilərəm”. Deməli mən bütün yaşadıqlarımla, danışdıqlarımla qəbul olunacam. Yəni bu güvənin qurulması lazımdır. Daha sonrasında biz şəxslərlə öz hissləri və emosiyaları ilə çalışırıq ki, tanış olsunlar. Onları tanıyıb adlandırsınlar və özlərinə sual versinlər ki, “mən necə hiss edirəm, mən hal hazırda necəyəm?” Bu adam özünü ifadə etmək istəyəndə, ancaq bacarmayanda və qorxanda ki, onu qınayacaqlar, “həm özlərinə necə hiss edirəm, həm də niyə belə hiss edirəm” suallarını versin. Bu anda adam özünə xatırladır ki, “mən öz üzərimdə çalışıram, artıq uşaq deyiləm, ola bilər həyatımda mənfi hadisələr yaşanıb. Həyatımın iplərini əlimə ala, danışa, öz qərarlarımı verə bilərəm”.

Psixoloqun əməyi ilə yanaşı mütləq danışanın da əməyi olmalıdır ki, dəyişiklik olsun. Biz terapiyada əsasən nəzəri bilikləri də veririk. Terapiya həm də öyrənmə prosesidir. Adam öyrənir, sonra biz onu davranışda tətbiq etməyə keçirik. İnsan öz həyatında kiçik addımlarla dəyişikliklər etməyə başlayır. Sonrasında bu kiçik dəyişikliklər böyük dəyişikliklərə gətirib çıxarır. Biz demirik ki, gedib 100 nəfər auditoriyanın qarşısında danışın. Əgər çətinlik varsa, birinci yaza bilər, yaxud onu rəsm kimi çəkə bilər və ya yaxınları arasında danışa bilər. Yavaş-yavaş artıq böyük kütlələrə çıxaraq özünü ifadə edə bilər, qərarlarını verə bilər, beləcə nisbətən şəxsin özünə inamı artmış olur”.

Aysun Alyarova qeyd edib ki, uşağa da yol açmaq lazımdır ki, o öz həyatında güvənini formalaşdırmaq üçün kiçik addımlar atsın: “Uşaqlıqda eşitdiyimiz sərt sözlər bizdə bir müddətdən sonra daxili tənqidçiyə çevrilir. Biz elə bilirik ki, o bizim öz səsimizdir, əslində bizim içimizdə yatan, məhz bizi tənqid edən şəxslərin səsləri, danışıqları, tənqidləridir ki, bizi inkişafa, irəliləməyə bəzən imkan vermir. Buna görə terapiyada daxili tənqidçi ilə çalışırıq ki, adam onun səsi olmadığını ayırd edə bilsin ki, bu uşaqlıqdan eşitdiyi səslər, sözlərdir ki indi ona mane olur.

Qeyd etdiyim nüanslar uşaqlara da aiddir. Uşaqların da özünü ifadə etmələri, qabiliyyətlərinin formalaşması üçün yenə də təhlükəsiz mühit yaratmaq, onları anlamaq, onlara dinlənildiklərini hiss etdirmək lazımdır. Onların öz sözünü deməyini, qərar qəbul etməyinin ayıb olmadığını izah etmək lazımdır. O uşağa yol açmaq lazımdır ki, öz həyatında güvənini formalaşdırmaq üçün kiçik addımlar atsın. Məsələn, özünə paltar, ayaqqabı seçsin, ayaqqabının bağını özü bağlasın. Mən hələ də görürəm ki, böyük uşaqların ayaqqabılarını valideyni geyindirir. Bu doğru davranış deyil.

Ümumiyyətlə, özünü ifadə bacarığı, xüsusilə insanın həyatında mənfi yaşantılar olubsa, birdən- birə formalaşmır. Ona görə də bu prosesdə qarşı tərəfə diqqəti, anlayışı, səbri göstərmək lazımdır. Bunlar olduğu təqdirdə hətta çox susqun, özünə qapanıq adam da bu bacarığı qazana bilər, özündə təkmilləşdirə bilər”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
bizimyol.info

1Mənbələr