AZ

Doğrudanmı, su aydınlıqdır?

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bəli, su, doğrudan da, aydınlıq imiş. Bu dəfə sözün əks mənasında. Yenə yağış yağdı, hər şey bir daha hamıya aydın oldu.

İki gün dalbadal yağış yağdı. Bütün əyər-əskiklərimiz gün su üzünə çıxdı. Çox acınacaqlı görüntülər var! Evlər, obyektlər, təsərrüfatlar sulara təslim olub. Yağış yolları yuyub aparır, körpüləri dağıdır, evləri uçurur.

Bütün bunları deməyin, yazmağın da bir faydası yoxdur. Nə qədər öz özünə deyinmək olar?!

Əvvəla, ona görə ki, bu, təbiət hadisəsidir; yazda yağış yağar da! Təbiətə qarşı gedə bilmərik. Nə vaxt, hara, nə qədər yağıntı düşəcəyini insan müəyyən edə bilməz. Bu səbəbdən təbiətdən inciməyin yeri yoxdur.

İkincisi, bu, qlobal təbiət proseslərinin nəticəsidir. Yağış təkcə Azərbaycanın başında görünməyib ki! Başqa ölkələrdə vəziyyət bizdəkindən də betərdir. Elə ölkələr var, aylarla yağışdan başı ayılmır, gözü açılmır. Daşqın, sel, torpaq sürüşməsi... bu kimi hadisələr, demək olar, dünyanın bütün ölkələrində olur. Hətta onlara baxanda bizim ölkəmizdə olanlar şükürlüdür. Bunlar qlobal istiləşmənin nəticəsidir. Hələ getdikcə leysanlar, belə daşqınlar və sair təbiət anomaliyaları daha çox olacaq.

Səbəb?! İnsan özünü təbiətdən ayırıb, təbiətə qarşı qoyan gün öz ölüm hökmünə imza atıb. Hətta özünü təbiətdən də güclü sayan dövlətlər, dövlət başçıları da var. Buna görə də nəsə yazmağın faydasız olduğunu düşünməli oluruq.

Üçüncüsü, ona görə heç nə yazmaq istəmirik ki, konkret olaraq ölkəmizdə, xüsusilə Bakıda, Sumqayıtda və sair iri şəhərlərdə bu cür təbii fəlakətlərə hazırlığın aşağı səviyyəsi, kanalizasiya korrupsiyası və başqa bu kimi problemlər haqqında yazmaqdan əlimiz, deməkdən dilimiz qabar olub.

Keşlədə baş verənlər, məhz, hımin o su-kanalizasiya korrupsiyasının, məmur vicdansızlığının, eləcə də, vətəndaş səhlənkarlığının nəticəsidir. Burada bütün günahları yığıb-yumrulaylb, məmurun boynuna atmaq asandır (ki, doğrudan da, günahın böyük hissəsi rəsmi qurumların, vəzifəli şəxslərin üzərindədir. Ancaq vətəndaşlarda da az yoxdu: harda gəldi, necə gəldi, icazə alıb, ev tikiblər. Sağlıqlarına qismət! Amma dəfələrlə eyni çətin vəziyyətlərə düşüblər, səsləri çıxmayıb.

Elə hamı bircə söz bilir: "Şikayətə baxan var?!"

Şikayətə baxan, baxmaq istəyən, doğrudan da, demək olar, yoxdur. Baxan varsa da, ya həll edə bilmir, ya da həll etmək istəmir. Vətəndaşlar isə problemin üstünə getmir. Problemin altında qalmağı seçir. Hər halda çoxumuz beləyik.

Bakıda belə intensiv yağışlar ilk dəfə yağmır. Belə subasmalar, sel, daşqın birinci hal deyil. Ancaq illər, hətta onillər keçir, heç bir əməli iş yoxdur. 21-ci əsrdə Bakı kimi şəhərin bəzi ərazilərində hələ də kanalizasiya yoxdur. Yağış bir az "normadan artıq" yağan kimi aləmi su basır. Hamı da ağzına su alıb, oturub...

Axı bu məsələyə cavabdeh olan qurumlar var. Amma cavabdehlikləri o yana qalsın, heç həmin qurumlar medianın, vətəndaşın sualına cavab vermirlər. Sual da ondan ibarətdir: Bakı şəhərinin (hələ o birilərini demirik), təkcə elə paytaxtın su təchizatı və kanalizasiya sistemlərinin qurulmasına, təmir-bərpasına, yenilənməsinə ayrılan yüz milyonlarla manat hara axıb gedib?!

Cavab hanı?! Yoxdur.

Əslində bu sualın bir cavabı var, bu da leysan yağışlardan sonra şəhərdəki acınacaqlı vəziyyətdir. Artıq sözə gərək yoxdur.

Seyid Əhmədli,

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
icma.az

1Mənbələr