GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakıda son iki gündə müşahidə olunan normadan artıq yağıntılar ciddi fəsadlara səbəb olub. Belə ki, subasmalar nəticəsində avtomobil yollarında hərəkət iflic vəziyyətinə düşüb, bir sıra yaşayış evlərinə su dolub. Hadisə ilə bağlı məsul qurumların keçmiş rəhbərləri və yerli icra strukturlarının səhlənkarlığı iddia olunur. Xüsusilə Nizami rayonu, Keşlə qəsəbəsində yaranan kritik vəziyyətdə ərazidəki sakinləri Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları xilas edib, səbəb kimi göstərilən qanunsuz tikili isə sökülüb.
Yağışın yaratdığı fəsadlara görə günahkar kimdir? Keşlədəki evin tikintisinə icazə verən, prosesə göz yuman səlahiyyətli şəxslər haqda araşdırma aparılacaqmı? Bununla bağlı həbslər gözlənilirmi?
Globalinfo.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı deyib ki, Bakıda təkcə yağış deyil, qar, külək, istilər və soyuqlar da ciddi fəsadlar yaradır:
“Bu isə paytaxtın mövsümi risklərə hazır olmadığını göstərir. Problemin kökündə şəhərsalma, idarəçilik, bələdiyyə və xidmət yanaşmasının yetərincə formalaşmaması dayanır. Bir çox hallarda dövlət strukturlarında ictimai maraqdan çox şəxsi maraqların üstünlük təşkil etməsi mövcud vəziyyəti daha da ağırlaşdırıb. Bu gün yağışın yaratdığı problemlərin səbəbləri Bakının keçmiş meri Hacıbala Abutalıbovun dönəminə qədər gedib çıxır. Müxtəlif qurumlar – su, yol və yerli icra strukturları – zamanla lazımi tədbirləri görməyib, məsələyə məsuliyyətsiz yanaşıb. Şəhərdə yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalların bir hissəsi bağlanıb, su təsərrüfatına kifayət qədər investisiya qoyulmayıb, mövcud vəsaitlər isə səmərəli istifadə olunmayıb”.
Tural Abbaslı
Partiya sədri qeyd edib ki, Bakı plansız şəkildə genişlənib, lakin bu artım lazımi infrastrukturla təmin edilməyib:
“Yeni tikililərə çox vaxt sistemsiz və şəxsi maraqlara əsaslanan icazələr verilib. Nəticədə su kollektorlarının üzərində tikililər inşa olunub, kanalizasiya sistemi normadan artıq yüklənib. Məsələn, əvvəl müəyyən sayda azmərtəbəli bina üçün nəzərdə tutulmuş xətlər sonradan çoxmərtəbəli tikililərin yükünü daşımalı olub ki, bu da sistemin çökməsinə gətirib çıxarıb. Bu səbəbdən yağış zamanı kanalizasiya sistemi suyu qəbul edə bilmir, əksinə, daşaraq küçələrə çıxarır. Problemin həlli kompleks yanaşma tələb edir və burada tək bir günahkar tərəf yoxdur. Məsuliyyət müvafiq qurumların hamısının üzərinə düşür. İcra hakimiyyəti orqanları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), şəhərsalma sahəsinə cavabdeh strukturlar, plansız tikintilərə icazə verən qurumlar, eləcə də FHN bu məsələdə müəyyən paya sahibdir. Bu proseslərdən zərər çəkən isə yalnız xalqdır.
Uzun illərdir bu problem müzakirə olunsa da, real və davamlı addımlar atılmayıb. Hər yağışdan sonra qısa müddətli tədbirlər görülür, məsələ tezliklə gündəmdən çıxır və növbəti mövsümə qədər unudulur. Nəticədə isə vəziyyət ildən-ilə daha da pisləşir və problemin yaxın zamanda həll olunacağı ilə bağlı ciddi irəliləyiş müşahidə edilmir”.
Hüquqşünas Ramil Süleymanov bildirib ki, Keşlədə baş verən faktla bağlı prokurorluqda cinayət işi başlanılacaq:
“Cavabdeh şəxslər barədə araşdırma aparılmalıdır. Bu kimi hallarda araşdırma dərhal başladığı üçün cinayət təqibi müddəti də həmin andan hesablanır və ümumi prosessual müddət məhdudiyyətləri tətbiq olunmur. Hesab edirəm ki, məsələ ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə hüquqi qiymət verilməli, səlahiyyətli şəxslər məsuliyyətə cəlb olunmalıdır”.
Ramil Süleymanov
Hüquqşünasın sözlərinə görə, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edib və bu sənəd dövlətin üzərinə müəyyən öhdəliklər qoyur:
“Belə hallarda dövlətin əsas vəzifəsi vətəndaşların həyat və təhlükəsizlik hüququnu qorumaqdır. Əgər mövcud təhlükə əvvəlcədən məlum idisə və ya məlum olmalı idisə, aidiyyəti qurumlar bunu aradan qaldırmalı, zərurət yarandıqda vətəndaşların təhlükəsiz əraziyə köçürülməsini və alternativ yaşayışla təmin edilməsini həyata keçirməli idi. Əks halda, bu sahədə zəruri qabaqlayıcı və tənzimləyici tədbirlərin görülməməsi hüquqi məsuliyyət yaradır”.
Ləman İmran
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.