AZ

Kəlbəcər yenidən Azərbaycanın ən gözəl bölgələrindən birinə çevrilir



2020-ci ilin sentyabrından başlayan Zəfər tariximizin hər bir anı, azad edilən hər bir qarış torpağımız bizə sevinc, fərəh hissi yaşatmaqla yanaşı, eyni zamanda yaxın tariximizdə yaşadığımız faciələri də göz önünə gətirir, işğal dövründə ermənilərin xalqımıza qarşı həyata keçirdikləri vəhişilikləri bir daha xatırladır. Hazırda düşməndən azad olunan və geniş tikinti meydançasına çevrilən Kəlbəcərin işğal tarixinə nəzər yetirdikdə ermənilərin rayonu işğala məruz qoyarkən mülki əhaliyə qarşı törətdikləri vəhşiliklərə ürək ağrısı keçirmədən nəzər yetirmək mümkün deyil. Bu baxımdan əbəs yerə demirlər ki, Kəlbəcər rayonu həm böyük faciələrin, həm də tarixi zəfərin simvolu kimi xüsusi yer tutur.

Kəlbəcərin işğalı o dövrdə ermənilər üçün həm coğrafi, həm də strateji əhəmiyyətə malik idi. Ona görə də ermənilər rayonu ələ keçirmək üçün bütün qüvvələrini bu istiqamətə səfərbər etmişdilər. 1993-cü ilin aprelində Kəlbəcərin işğal edilməsi təkcə humanitar fəlakət yaratmadı, eyni zamanda çoxsaylı mülki insanın qətlə yetirilməsi ilə nəticələndi. Müharibə qanunlarına əsasən mülki əhalinin ərazidən çıxması üçün dəhliz yaradılmalı olduğu halda, ermənilər nəinki buna əməl etdi, əksinə müxtəlif yollarla rayonu tərk etmək istəyən mülki əhaliyə qarşı vəhşiliklər törədərək onları amansızlıqla qətlə yetirdilər. Kəlbəcərin işğalı zamanı ən qanlı hadisələrdən biri “Tunel” qırğını kimi tarixə düşdü.

Martın 31-də erməni silahlı birləşmələrindən canını qurtarmaq üçün Tunelə doğru hərəkət edən mülki sakinlər pusquya salınaraq qətlə yetirildi. Dinc əhaliyə qarşı amansızlıq törətmək, qətliam həyata keçirmək müharibə cinayətləri sayılsa da, lakin beynəlxalq aləm hər zamankı kimi “Tunel” qırğınına da səssiz qaldı. Kəlbəcərdəki “Tunel” qırğını mülki əhaliyə qarşı törədilmiş ağır cinayət olmaqla yanaşı, həm də humanitar hüquq normalarının pozulması idi. Əhali sərt dağ şəraitində, əsasən Murovdağ istiqamətində geri çəkilərkən ağır sınaqlarla üzləşdi. Yolların bağlanması və təhlükəsizlik riskləri nəticəsində çox sayda mülki şəxs həyatını itirdi.

Rayonun işğalı beynəlxalq səviyyədə diqqət çəksə və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 822 saylı qətnamə qəbul olunsa da, lakin qətnaməni qəbul edənlər onun icrası istiqamətində heç bir addım atmadılar. Beləliklə, Kəlbəcərin işğalı böyük humanitar böhran yaratdı, uzun illər davam edən məcburi köçkünlük dövrünün başlanğıcı oldu. Rayonun infrastrukturu dağıdıldı, yaşayış məntəqələri viran qoyuldu, tarixi və mədəni abidələr zərər gördü.

30 ilə yaxın davam edən işğala 44 günlük Vətən Müharibəsi ilə son qoyuldu. 2020-ci ildə başlayan Vətən müharibəsi təkcə Kəlbəcərin deyil, ümumən Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində Tarixi Zəfərə imza atdı. Ermənistanın siyasi rəhbərliyinin müharibədə kapitulyasiya aktına qol çəkməsi və imzalanmış üçtərəfli bəyanat əsasən Kəlbəcər rayonu isə 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarıldı. Bir güllə atılmadan, şəhid vermədən Kəlbəcərin azad edilməsi mühüm siyasi və strateji qələbə idi.

Artıq 5 ildən çoxdur ki, işğaldan azad edilmiş digər şəhər və rayonlarımızda olduğu kimi Kəlbəcərdə də genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Hər bir şəhər və rayonda olduğu kimi, Kəlbəcərdə də həyata keçirilən quruculuq-abadlıq işlərinin birbaşa Cənab Prezidentin nəzarəti altında olması həm işin keyfiyyətini, həm də sürətini artırır. Rayonda yeni avtomobil yollarının çəkilməsi, tunellərin inşası, elektrik və su təchizatı sistemlərinin yenidən qurulması, müasir yaşayış komplekslərinin salınması Kəlbəcərin simasını dəyişir, onu daha füsunkar edir. Xüsusilə, Murovdağ istiqamətində çəkilən yollar və müasir tunellər regionun həm turizm potensialını artırır, həm də iqtisadi inkişaf üçün zəmin yaradır.

Hazırda uğurla həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcərin doğma sakinləri mərhələli şəkildə doğma torpaqlarına qayıdırlar. Beləliklə, Kəlbəcər yenidən dirçəlir və Azərbaycanın ən gözəl bölgələrindən birinə çevrilir.

Anar
Seçilən
25
1
newscenter.az

2Mənbələr