AZ

İrandan dünyanı qarışdıran yeni skandal: İki qitənin taleyi bu qərardan asılıdır

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın ABŞ Prezidenti Donad Trampın təhdidləri fonunda yalnız Hörmüz boğazı ilə kifayətlənməyərək Babülməndəb boğazını da bağlama ehtimalını gündəmə gətirməsi qlobal təhlükəsizlik və iqtisadi sistem üçün ciddi siqnal kimi dəyərləndirilir.

Dünya enerji tədarükünün və beynəlxalq ticarətin əsas arteriyalarından sayılan bu iki strateji keçidin eyni vaxtda bloklanması ehtimalı bazarlarda kəskin dalğalanma, enerji qiymətlərində sıçrayış və logistik zəncirlərin iflici ilə nəticələnə bilər. Bu ssenari eyni zamanda regional müharibənin miqyasını genişləndirərək böyük güclərin birbaşa qarşıdurma riskini artıran yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, İranın həm Hörmüz, həm də Babülməndəb boğazını bağlamaqla hədələməsi Orta Şərqdəki qarşıdurmanın yeni mərhələsi ola bilər:

“Əgər bu ssenari reallaşarsa, artıq məsələ yalnız İran-ABŞ və ya İran-İsrail xəttində hərbi gərginliyi artırmaqla qalmayacaq. Bu, həmçinin qlobal enerji təhlükəsizliyinə, beynəlxalq ticarətə və böyük güclər arasındakı balanslara birbaşa təsir göstərən strateji böhrana çevriləcək.

Hörmüz boğazı dünyanın ən vacib enerji keçidlərindən biridir. Körfəz ölkələrinin neft və qaz ixracının əsas hissəsi məhz bu marşrutdan keçir. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İraq və Qətər kimi ölkələrin ixrac imkanları bu boğazın açıq qalmasından asılıdır. Babülməndəb isə Qırmızı dənizlə Hind okeanını birləşdirən əsas xəttdir və Süveyş kanalı üzərindən Avropa ilə Asiya arasındakı ticarətin mühüm hissəsi bu marşrutdan keçir.

Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, hər iki boğazın eyni vaxtda bağlanması dünya iqtisadiyyatının iki əsas “damarının” kəsilməsi demək olar. Belə olan halda, ilk ciddi zərbə enerji bazarlarına dəyəcək. Neftin qiyməti sürətlə yüksələcək, qaz bazarında panika yaranacaq və xüsusilə Avropa ölkələri yeni enerji böhranı ilə üzləşəcək. Digər tərəfdən isə Babülməndəb boğazının bağlanması beynəlxalq ticarətə ciddi zərbə vuracaq. Çünki Qırmızı dəniz marşrutu bağlanarsa, yük gəmiləri Afrikanın cənubundan keçməyə məcbur olacaq. Bu isə daşınma müddətini uzadacaq, logistika xərclərini artıracaq və qlobal bazarlarda yeni təchizat problemləri yaradacaq. Onu da qeyd etmək lazımdır ki, İranın bu təhdidinin əsas məqsədi hərbi qarşıdurmanı iqtisadi təzyiq vasitəsinə çevirməkdir. Beləliklə Tehran göstərmək istəyir ki, ona qarşı təzyiq artdıqca yalnız region deyil, bütün dünya bunun nəticələrini hiss edəcək”.

Aytən Qurbanova 

Politoloqun sözlərinə görə, İranın strateji hesablaması ondan ibarətdir ki, enerji və ticarət böhranı yaşayan böyük dövlətlər rəsmi Vaşinqtona təzyiq göstərəcək və müharibənin genişlənməsinin qarşısını almağa çalışacaqlar:

“Xüsusilə Çin, Hindistan, Yaponiya və Avropa dövlətləri belə ssenaridən ciddi narahatdırlar. Çünki bu ölkələr həm Körfəz neftindən, həm də Qırmızı dəniz marşrutundan yüksək səviyyədə asılıdırlar. Lakin İran üçün bu addımın ciddi riskləri də var.

Hörmüz boğazında Tehran müəyyən coğrafi üstünlüyə malik olsa da, Babülməndəbdə onun təsir imkanları əsasən Yəməndəki husilər vasitəsilə formalaşır. Əgər hər iki boğaz eyni vaxtda bağlanarsa, ABŞ və müttəfiqləri bunu beynəlxalq dəniz ticarətinə qarşı birbaşa hücum kimi qiymətləndirə bilərlər. Bu halda, İranın limanları, enerji infrastrukturu, neft terminalları və hərbi obyektləri daha genişmiqyaslı zərbələrin hədəfinə çevrilə bilər. Eyni zamanda, Yəməndə husi qüvvələrinə qarşı daha sərt əməliyyatların başlaması ehtimalı da yüksələr.

Nəticə etibarilə, Hörmüz və Babülməndəb boğazlarının paralel şəkildə bağlanması qlobal iqtisadiyyat üçün enerji şoku, logistika böhranı və inflyasiya dalğası yaradar”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr