AZ

45 günlük atəşkəs planı Tramp tərəfindən hələ təsdiqlənməyib

İrana dair təşəbbüs son eskalasiyanın qarşısını almağa yönəlsə də, Ağ Ev hələ qərar verməyib...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, İran ətrafında münaqişəni dayandırmağa çalışan ölkələr 45 günlük atəşkəs və Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutan plan hazırlayıb. Bu təşəbbüs ABŞ prezidenti Donald Trampın mümkün genişmiqyaslı zərbələrlə bağlı xəbərdarlıqları fonunda irəli sürülüb.

CNN-ə danışan mənbənin sözlərinə görə, plan bazar günü gec saatlarda həm ABŞ-yə, həm də İrana təqdim olunub və regionda gərginliyin kəskin şəkildə artmasının qarşısını almaq üçün son cəhd kimi qiymətləndirilir. Xüsusilə İranın enerji infrastrukturu və elektrik stansiyalarına mümkün zərbələrin qarşısını almaq əsas məqsədlərdən biri kimi göstərilir.

Ağ Evin nümayəndəsi isə bildirib ki, prezident hələlik bu təşəbbüsü təsdiqləməyib. Onun sözlərinə görə, bu plan müzakirə olunan çoxsaylı variantlardan yalnız biridir.

Eyni zamanda qeyd olunub ki, ABŞ-nin İrandakı hərbi əməliyyatları davam edir və Vaşinqton paralel olaraq həm diplomatik, həm də hərbi istiqamətdə addımlarını davam etdirir.

Ekspertlər hesab edirlər ki, bu cür təşəbbüslərin taleyi birbaşa siyasi qərarlardan asılıdır və yaxın günlərdə veriləcək qərarlar regiondakı vəziyyətin inkişaf istiqamətini müəyyən edə bilər.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr