AZ

"Uşağın ailə tərəfindən tərk edilməsi sağalmaz travmadır" -Psixoloq

Xəbər verdiyimiz kimi, Gəncədə ata və anasından sonra nənə də 13 yaşlı qızdan imtina edib.

Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bölüşən psixoloq Nabat Mirzəyeva bildirdi ki, yetkinlik yaşına çatmış bir uşağın ailəsi tərəfindən tərk edilməsi, onun həyatında və dünyaya baxışında dərin izlər buraxan son dərəcə ağır, travmatik bir hadisədir:

"Ailə hər bir uşaq üçün təhlükəsizlik limanı, sevgi və aidiyyat hissinin qaynağıdır. Əgər bu doğma mühitdəki bağlar qəfil qırılarsa, uşaq özünü dəyərsiz hiss etməyə başlayır və bu, ciddi emosional sarsıntılara yol açır. Bu zərbə təkcə hisslərlə məhdudlaşmır; uşağın özünə inamı sarsılır və o, "demək mən sevilməyə layiq deyiləm", yaxud "məndə problem var ki, valideynlərim belə məni atıb getdi" kimi yanlış, lakin dağıdıcı qənaətlərə gəlir".

Psixoloq əlavə etdi ki, travma gələcək sosial münasibətlərdə ciddi güvən problemləri formalaşdırır:

"Belə vəziyyətdə uşaqlar çox vaxt iki fərqli müdafiə mexanizmini seçirlər: ya emosiyalarını gizlədərək ətrafdakılara qarşı sərt və kobud davranmağa başlayırlar, ya da tamamilə özlərinə qapanaraq cəmiyyətdən təcrid olunurlar. Ailə üzvlərini bu addımı atmağa sövq edən müxtəlif sosial-psixoloji faktorlar ola bilər. Ailədaxili münaqişələr, maddi sıxıntılar, valideynlərin şəxsi psixoloji narahatlıqları, məsuliyyətsizlik və ya çarəsizlik hissi bura daxildir. Səbəbindən asılı olmayaraq, bir uşağın tərk edilməsinə haqq qazandırmaq mümkün deyil. Lakin fakt artıq baş veribsə, diqqəti keçmişin günahkarını axtarmağa deyil, uşağın gələcəyini necə xilas etməyə yönəltmək lazımdır".

Onun sözlərinə görə, belə uşaqların yenidən həyata tutunması üçün peşəkar psixoloji dəstək və qayğı dolu bir mühit mütləqdir.

"Doğru yanaşma ilə uşaq yenidən təhlükəsizlikdə olduğunu hiss etməli, tərk edilmə acısını tədricən geridə qoymalıdır. Bizim əsas vəzifəmiz həmin yeniyetməyə yenidən özünü sevdirmək, onun dəyərli olduğunu hiss etdirmək və səmimi sevgi ilə əhatə edərək psixoloji sağlamlığını bərpa etməkdir. Yalnız bu şəkildə onun gələcəyini daha parlaq və inamlı təməllər üzərində qurmaq mümkündür".

Xədicə BAXIŞLI 

Seçilən
45
1
redaktor.az

2Mənbələr