ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi çərçivəsində növbəti konsert proqramı keçirilib.Demokrat.az xəbər verir ki, layihə çərçivəsində növbəti konsert Qara Qarayevin ev-muzeyində gənc piano ifaçısı Aydan Yeşildağın iştirakı ilə baş tutub.Tədbirin açılışında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin elmi-kütləvi şöbəsinin müdiri Əzirə Abdullayeva və “İRƏLİ” İctimai Birliyinin baş katibi Riad Cəbrayılov çıxış edərək “Solo gənclik” layihəsinin əsas məqsədləri, gənc ifaçılara dəstə və layihə çərçivəsində keçirilən fəaliyyətlər haqqında ümumi məlumat veriblər. Riad Cəbrayılov vurğulayıb ki, bu günədək silsilə şəklində davam edən layihə artıq 27-ci konsertini uğurla reallaşdırır. Tədbirin əsas hissəsində Aydan Yeşildağ Qara Qarayevin “24 prelüd” silsiləsindən 5 əsəri, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən iki hissə və “Komdenin arzuları” əsərini, Elmira Nəzirovanın pyeslərini pianoda ifa edib. Konsert proqramı çərçivəsində pianoçu ilə birgə çıxış edən Riad Cəbrayılov və Aydan Rüstəmzadənin ifalarında Emin Sabitoğlunun “Bu gecə” və Niyazinin “Arzu” əsərləri də qonaqlar üçün səsləndirilib.Tədbirin sonunda isə Azərbaycan Respublikasının xalq artisti Sadıq Zərbəliyev çıxış edib və gənc ifaçıya gələcək karyerasında uğurlar arzulayıb.Qeyd edək ki, təhsil aldığı illərdə beynəlxalq müsabiqələrdə uğurlu nəticələr qazanan pianoçu daha sonra Bakı Musiqi Akademiyasının bakalavr və magistr pillələrini uğurla başa vurub. Bir çox konsert proqramlarında çıxış edən ifaçı, Əməkdar artist, baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti altında Filarmoniyada da parlaq çıxış nümayiş etdirib.







Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.