Azər Kərimli: “Orta Dəhliz çərçivəsində görülən işlər Azərbaycan və Gürcüstanın tranzit potensialını əhəmiyyətli dərəcədə genişləndirir”
“Tbilisidə keçirilən görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə və güclü strateji perspektivlərə malik olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu səfər əlaqələrin inkişafına yeni təkan vermək baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Gürcüstan xalqları arasında formalaşmış dostluq və qardaşlıq münasibətləri əsrlər boyu sınaqlardan keçərək bu günə gəlib çatıb. Bu tarixi bağlar müasir dövrdə dövlətlərarası münasibətlər üçün etibarlı baza rolunu oynayır. İki ölkənin müstəqil dövlətlər kimi inamla inkişaf etməsi isə bu münasibətlərin qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri üzərində qurulduğunu göstərir.”
Bunları Milli Məclisin deputatı Azər Kərimli aia.az-a açıqlamasında deyib.
Bu gün Azərbaycan-Gürcüstan əlaqələrin yalnız tarixi ənənələrlə deyil, həm də konkret siyasi və iqtisadi nəticələrlə ölçüldüyünü qeyd edən millət vəkili, ikitərəfli münasibətlərin dinamik inkişafının regionda sabitlik və təhlükəsizlik üçün mühüm faktor kimi çıxış etdiyini də diqqət mərkəzinə çəkib: “Azərbaycan-Gürcüstan əlaqələrinin gələcəkdə də inamla inkişaf edəcəyinə heç bir şübhə yoxdur. Beynəlxalq müstəvidə qarşılıqlı dəstək isə tərəfdaşlığın əsas sütunlarından biridir. Azərbaycan və Gürcüstan bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını ardıcıl şəkildə müdafiə edir. Bu prinsipial mövqe iki ölkə arasında siyasi etimadı daha da möhkəmləndirir və onları beynəlxalq arenada etibarlı tərəfdaşlara çevirir. Eyni zamanda, nəqliyyat və logistika sahəsində əməkdaşlıq münasibətlərin strateji dərinliyini artırır. Bu gün həyata keçirilən layihələr regionu qlobal ticarət marşrutlarının mühüm hissəsinə çevirir. Orta Dəhliz çərçivəsində görülən işlər, dəmir yolu və liman infrastrukturlarının modernləşdirilməsi Azərbaycan və Gürcüstanın tranzit potensialını əhəmiyyətli dərəcədə genişləndirir. Enerji sahəsində əməkdaşlıq da xüsusi qeyd olunmalıdır. Azərbaycan qazının Gürcüstan üzərindən Avropaya nəqli regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır və tərəflər arasında strateji bağlılığı daha da gücləndirir. Tbilisi görüşü bir daha təsdiqlədi ki, Azərbaycan-Gürcüstan münasibətləri möhkəm təməllər üzərində qurulub və gələcəyə yönəlib. İki ölkə arasında mövcud olan qarşılıqlı etimad, siyasi iradə və ortaq maraqlar bu tərəfdaşlığın uzunmüddətli və davamlı olacağını deməyə əsas verir. Bu münasibətlər yalnız iki dövlət üçün deyil, bütövlükdə region üçün sabitlik və inkişaf mənbəyidir” – deyə, Azər Kərimli açıqlamasını başa çatdırıb.