AZ

Rufiz Hafizoğlu: Ərəb ölkələrində sünni təhdidi kimi qəbul edilən başqa bir ideoloji axın var ki, bu da ən azı İran qədər təhlükəli qəbul edilir

ain.az bildirir, Bizimyol portalına istinadən.

İranda tətbiq olunan Mozaik doktrina strateji hərbi yanaşmadır və mərkəzləşdirilməmiş hərəkət imkanlarını ön plana çıxarır. Bu sistemdə hər bir hərbi və ya ideoloji hücrə müstəqil qərar qəbul edir, bir-birini tanımır və əməliyyatlarda özünü idarə edir. Bu taktik, həm “Həmas” və “Hizbullah” kimi təşkilatlarda, həm də Yaxın Şərqdə İranın təsirini genişləndirməsində istifadə olunub. Nəticədə, mərkəzi hədəfləri vurmaq strategiyası effektivliyi itirir və İranın regional nüfuzunu qoruyur.

Siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Azərbaycan tərəfinin Yaxın Şərq məsələsində çox acizanə bir yanaşması var.

Politoloqun fikrincə, bizim kütlənin orada olan hadisələrə yanaşması, xeyir və şər davası kimi, Yezid və İmam Hüseyn davası kimi tərənnüm olunur: “Bu, olduqca yanlış və səhv bir yanaşmadır. Təəssüflər olsun ki, bu gün biz sosial şəbəkələrdə də bu kimi yanaşmanı görürük. Yəni məsələn, Birləşmiş Ştatlar və İsrail “epişteyn” cəbhəsi, bu tərəfi isə məzlum İmam Hüseyn düşərgəsi kimi qələmə verilir. Bu yanaşmaların fonunda maraqlıdır ki, bütün ərəb ölkələrini xain adlandırırlar. Ərəb ölkələrindən İrana qarşı bir düşmənçilik obrazı yaradılır və İran sanki, sən demə, elə "süddən çıxmış ağ qaşıq" kimi təmizdir, hər hansı bir günahı yoxdur. Elə deyil. İran İslam Respublikasında 1979-cu ildən sonra bir konstitusiya tərtib olundu və orada konstitusiyaya əsasən inqilabın ixracı məsələsi bir bənd kimi qəbul edildi. Yəni hər bir özünə hörmət edən, öz dövlətinin qanunlarına hörmət edən ideoloji fərd bunu öz üzərində bir mükəlləfiyyət kimi qəbul etdi”-deyən politoloq bildirib ki, bu gün bir çox ərəb ölkələrində ortalama 30–35 faiz nisbətində şiə müsəlmanlar var. Səudiyyə Ərəbistanı yalnız sünni müsəlmanlardan ibarət deyil. Ölkənin 20 faizi, xüsusən də neftlə zəngin bölgələrdə, şiə müsəlmanlardan ibarətdir. Qətərdə də vəziyyət eynidir.

Bəhreyn əhalisinin böyük əksəriyyəti zamanında İran tərəfindən şiələşdirilib, burada çox fərqli bir siyasət tətbiq olunub. İran rəhbərliyi bu münaqişəyə qədər etiraf edirdi ki, biz beş ərəb ölkəsinə hökmranlıq edirik. Onlardan biri Beyrut idi. Beyrut bu gün məhz “Hizbullah”ın və Livanın müxtəlif fəaliyyətləri nəticəsində bir dövlət kimi öz suverenliyini itirdi. Beyrut İranın ideoloji işğalında idi. Yəmən, Bağdad İranın qalası idi. Suriya, Dəməşq, yəni bu beş ölkə İranın işğalı altında idi. Bu baxımdan yeni ərəblərin İrana qarşı olan qıcığı hardasa qəbul olunan və təbiidir. Digər tərəfdən ərəb ölkələri və yaxud da ərəb maraqları İranı təbii ki, bir təhlükə kimi qəbul edir. Amma bu sırf şiəlikdən doğan bir şey deyildi. Çünki bu ölkələr üçün başqa bir ideoloji təhlükə də var. Bu ideoloji təhlükə “Müsəlman Qardaşlar” ideologiyasıdır ki, zamanında Hüsni Mübarək devrildi, Ərəb baharı və s. “Müsəlman Qardaşlarının” hakimiyyətə gəlməsi, sonra süqutu və s. Yəni bu gün ərəb ölkələrində sünni təhdidi kimi qəbul edilən başqa bir ideoloji axın var ki, bu da ən azı İran qədər təhlükəli qəbul edilir. Bu da “Müsəlman Qardaşlar” düşüncəsidir”.

Rufiz Hafizoğlu qeyd edib ki, bu doktrina məsələsi yeni deyil: “İran–İraq müharibəsində də bənzəri hallar olmuş, bənzəri taktika istifadə olunmuşdu. Əslində bu taktikanın özü də dövlət içində bir partizan taktikasıdır. Bu gün İranda tətbiq olunan mozaik hərbi strategiya əslində Yaxın Şərqə xas olan hərbi və ya hərbi camaatlarda tətbiq olunurdu. Məsələn; “Həmas” və “Hizbullah”ın müxtəlif halqalarında olan şəxslər bir-birini tanımırdı (müxtəlif halqa və hücrələr var və bu halqalarda və hücrələrdə olan insanların heç biri digər halqada və hücrədə olanları tanımır). Çünki bu ən yaxşı təhlükəsizlik tədbiridir və burada bir konspiroloji metodu tətbiq olunurdu ki, bunlar bir-birlərini tanımasınlar. Yəni heç bir halda insanların “Həmas” və ya “Hizbullah” üzv olduğu etiraf olunmurdu. Hər bir hücrənin də rəhbəri müstəqil qərar qəbul etmə mexanizminə malik idi. Fəaliyyət göstərdiyi ölkədən asılı olaraq siyasi durumdan, hərbi durumdan və oradakı vəziyyətdən asılı olaraq bu hücrələrin liderləri dönəmə görə, zamana görə bir-birindən fərqli, hətta zaman-zaman bir-birinə zidd hərəkətlərini müşahidə etmək olardı.

Məsələn; “Həmas” İran tərəfindən maddi dəstək verilməsinə baxmayaraq, Suriyada “Həmas” siyasi bürosunun rəhbəri, Xalid Məşəl, Suriya inqilabında xalqın yanında oldu. Baxmayaraq ki, yeni Həmas əslində ruhən və əqlən ideoloji baxımdan İrana bağlı idi, amma Suriyada biz bunu görmədik. Daha doğrusu, Suriyada biz bunun əksini gördük. Yəni tam fərqli bir ritorika ortaya qoydular. Orada tam fərqli bir strategiya tətbiq etdilər və nəticədə “Həmas”ın bütün siyasi bürosu bağlanıldı. Buna baxmayaraq bu İran–“Həmas” münasibətlərinə təsir etmədi. İran da bu metoddan istifadə edib və bu gün bu metod əslində hərbi meydanda tətbiq olunub və yeni bir şey deyil. Bu uzun müddət yarı-hərbi camaatların və ya tam hərbiləşmiş strukturların tətbiq etdiyi, amma daha geniş tətbiq olunan bir strategiyadır. Hər bir bölgənin və vilayətin hərbi komandiri var. Duruma görə mərkəzdən asılı olmayaraq fəaliyyətə keçə bilər. Bu mövzular çoxdan xüsusi kəşfiyyat orqanları tərəfindən, istər Birləşmiş Ştatların, İsrailin və Türkiyənin, istərsə də bizim xüsusi xidmət orqanlarımız tərəfindən skan edilmiş bilgilərdir. Yəni burada yenilik yoxdur”.

“İnformasiya müharibəsində bu gün ABŞ uduzan tərəfdir. Bu da bir gerçəkdir. Çünki müharibənin başlandığı gündən elə təqdim olundu ki, bu şər və xeyirin, zülmət və nurun savaşı kimi tərənnüm olundu. Amma təəssüflər olsun ki, sıravi xalq da bu kimi şeylərə çox həssas yanaşır, araşdırmır, bilmir, öyrənmək istəmir. Nəticədə bu cür absurd bir yeni mənzərə ilə şahid oluruq. Maraqlıdır ki, bu gün elə İmam Hüseyn və onun ordusu kimi özünü təqdim edən İranın Qarabağ savaşında nə kimi addımlar atdığını görmüş oldu”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
50
icma.az

10Mənbələr