Dağıstanın Dərbənd rayonunda kommunal xidmət əməkdaşları xilasedicilərlə birlikdə Samur–Dərbənd kanalında baş verən yarılmanı aradan qaldıraraq iki kəndi mümkün daşqından xilas ediblər.
Rayon administrasiyasının məlumatına görə, qəza operativ şəkildə lokallaşdırılıb və nəticədə Calğan və Xəzər kəndlərinin daha geniş ərazilərinin su altında qalmasının qarşısı alınıb.
“Əməkdaşların səyi nəticəsində kanalın yarılması qısa müddətdə aradan qaldırıldı və yaşayış məntəqələrinin su basmasının qarşısı alındı,” – deyə məlumatda bildirilir.
Qəzanın nəticələrinin aradan qaldırılması üçün yeddi ədəd ağır xüsusi texnika cəlb olunub. Həmçinin su axınları nəticəsində dağılan yol infrastrukturu da bərpa edilib.
Rayon rəhbərliyi bildirir ki, zərərçəkmiş kəndlərin infrastrukturunun bərpası üçün bütün mümkün tədbirlər görülür.
Xatırladaq ki, daha əvvəl Dağıstanda güclü yağışlar nəticəsində bir sıra ərazilər, o cümlədən federal avtomobil yolu su altında qalıb, bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırılıb və ayrı-ayrı ərazilərdə fövqəladə vəziyyət rejimi elan olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyi bölgəyə əlavə qüvvələrin göndəriləcəyini açıqlayıb. Məlumata görə, respublikaya 40 xilasedici, əlavə texnika və üzmə vasitələri cəlb olunacaq, daşqın vəziyyəti isə aviasiya vasitəsilə nəzarətdə saxlanılır.